Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:16

Zeynalabdin Marağayi. İbrahimbəyin səyahətnaməsi (9)


əvvəli

QӘZVİN SӘYAHӘTİNİN İCMALI

Şәhәrin dam-divarından qәm-qüssә yağır. Әhalisi insana layiq hәyatdan mәhrumdur. Xurafat canlarında elә yer elәyib ki, zәmanәnin vәziyyәtindәn yerli-dibli xәbәrsizdirlәr. Mәdәniyyәt alәmindәn büsbütün uzaqdırlar. Mәdrәsә vә mәscidlәrinin vәziyyәtindәn dә qısaca danışdıq. Nә dünyaları var, nә dә axirәtlәri. Bir adam belә tapmazsan ki, vәtәnin ümumi sәrvәtini artırmaq fikrindә olsun, yaxud vәtәnpәrvәrlikdәn onda bir iz-әsәr görünsün. Damarlarındakı qan belә dayanıb donmuşdur. Diri ikәn ölü, ölü ikәn diridirlәr.

Xülasә, sәhәr tezdәn karvanla Qәzvindәn Әrdәbil tәrәfinә yola düşdük. Mәnim Әrdәbilә getmәkdәn әsas mәqsәdim yüksәk şanlı seyid, Şeyxi-büzürgüvar Sәfiәddin İshaq Әrdәbilinin pak qәbrini ziyarәt etmәk idi. İnsanlıq alәminә işıq saçan o әziz vücudun sayәsindә isnaәşәri mәzhәbi geniş yayılmışdı. Pak ruhuna canım fәda olsun.

Yolda yazılası bir şeyә rast gәlmәdim. Göz işlәdikcә hәr tәrәfdә kәndlәr görünür. Kәndlilәrdәn nә tәvәqqeimiz ola bilәr? Yalnız bunu demәk olar ki, hamısı sadәlövh, dindar adamlardır. Oruc tutan, namaz qılan vә qonaqpәrvәrdirlәr. Elmsizlik onlar üçün böyük bir sәadәtdir. Çünki dindarlığın, qonaqpәrvәrliyin, düz danışmağın vә doğruluğun gözәl xüsusiyyәtlәrini oxumadan öyrәnmişlәr. Kişilәri vә qadınlarının hәyasına vә namusuna söz ola bilmәz. Aydındır ki, qiyamәt günü Tehranın, bәlkә dә İranın bütün şәhәrlәrinin qadınları bu kәndli qadınların behiştdә tutduqları yüksәk mәqamların paxıllığını çәkәcәklәr. Hәrçәnd ki, әsasәn üz tutmurlar, amma ürәklәri tәmizdir. Özgә kişilәrә qardaş gözü ilә baxırlar. Heç vaxt könüllәrindәn çirkin xәyal keçmәz. And içmәk olar ki, bunların on min nәfәrindәn biri belә öz әrinә xәyanәt etmәz. Öz sәyahәtimdәn yalnız elә buna görә razıyam. Bunların qadası şәhәrdәki çadrasız qadınların canına düşsün. Xarici ölkәlәrdәkilәrin әksinә olaraq, bütün İran kәndlәri әrbablıqdır.

Altı gün yol getdikdәn sonra Әrdәbil şәhәrinә çatdıq. Hacı Mәmmәd karvansarasında düşdük. Yusif әmi mәnә dedi:

“Yenә dә hamama getmәyәcәksәn?”

Dedim:

“Әmican, bәdәnim yaman çirkdir, özüm dә yorğunam. İstәyirәm dalandara deyәm, bәlkә mәni öz evinә aparsın, su qızdırsın çimәm. Siz gedin, mәn bir az yatıb yorğunluğumu almaq istәyirәm.”

Yusif әmi getdi. Mәn dә yatdım. Bir saatdan sonra yuxudan oyandım. Arzumu dalandara dedim. Dedi:

“Burada hamamların xәznәsinin suyunu ayda bir dәfә dәyişirlәr. Mәnim qardaşım bir hamam icarә elәyib işlәdir. Sabah onun hamamının suyunu dәyişәcәklәr. Hәlә heç kәs hamama girmәmiş mәn sizi apararam canasinәrliklә çimәrsiniz.”

Çox sevindim, canına dua elәdim. Sabahı gün dalandar öz vәdini yerinә yetirdi. Hamamdan sonra karvansara hamballarından birini bәlәdçi götürüb, yüksәk mәqamlı seyidin -- Şeyx Sәfiәddinin qәbrini ziyarәt etmәyә getdik. Kәmali-tәvazö vә sidq ürәklә o pak türbәyә varid olduq. O uca dәrgahın xadimlәrindәn biri bizi şeyx hәzrәtlәrinin qәbri üstә apardı. Ziyarәtnamә oxuyub fatihә göndәrdik. Sonra cәnnәtmәkan Şah İsmayılın qәbri üstә getdik. Orada da fatihә oxuduq. Bu әsnada milli vә mәzhәbi tariximizin sәhifәlәrini zinәtlәndirәn o pak irqli padşahın yüksәk hümmәti nәzәrimdә canlandı. Onu indiki vәziyyәtlә müqayisә etdikdә mәni ixtiyarsız ağlamaq tutdu. Dedim: -- "Ey pak türbәnә qurban olduğum! Sәn on üç yaşında ikәn bu dövlәtin vә bu müqәddәs mәzhәbin әsasını möhkәmlәndirdin. Qeyrәtinә qurban, indi başını torpaqdan qaldır, gör sәnin fәrsiz xәlәflәrin o mәtin mәzhәbi vә dövlәti nә dәrәcәdә xar elәyib hörmәtdәn salmışlar. Şiә ruhanilәrindәn tәkcә quru ad qalıbdır. Hamısı var-dövlәt, rәyasәt, mәqam әlә keçirmәk fikrindәdirlәr. Bir nәfәr belә peyğәmbәrin şәriәtini yaymaq fikrindә deyil. Onların әsas fikir-xәyalları müridlәrinin sayını artırmaq, haqlı-haqsız hökumәt işlәrinә müdaxilә etmәkdәn ibarәtdir. Onların heç biri sәnin ehya etdiyin pak mәzhәbin rövnәqi vә әzәmәtini artırmaq haqqında düşünmür. Әsas mәqsәdlәri budur ki, nә yolla olur-olsun, hәr şeydәn әvvәl, beş-altı para abad, mәhsuldar kәnd әlә keçirsinlәr. Sonra asudәliklә atlarını hәr tәrәfә çapsınlar. Bir dava üçün ariz-mәruzun әlinә bir-birinә zidd hökmlәr verir, öz evlәrini tikmәk üçün hәr ikisinin evini yıxırlar. Belәliklә, onlar pak şәriәtin dәyişilmәz hökmlәrini dә tәhrif edib, öz mәnfәәtlәrini tәmin etmәk üçün bir vasitәyә çevirirlәr. Müsәlmanların vәziyyәtini yaxşılaşdırmaq әvәzinә onları daha da pis günә salırlar ki, bununla da "alim xarab olanda alәm xarab olar" mәsәlinin doğruluğunu sübuta yetirirlәr.

Nә isә, bu ürәkyaxıcı xәyallardan ayrılıb, cәnnәtmәkan birinci şah Tәhmasibin qәbri üstünә gәldik. Burada da fatihә verib, o dindar padşaha rәhmәt oxuyandan sonra tamaşa elәyә-elәyә çinixanaya gәlib çatdıq. Bunları müxtәlif yerlәrdәn nәzir ünvanı ilә bu abidәyә göndәrmişdilәr. Doğrudan da, olduqca maraqlı vә tamaşalı idi. O dәyirmi otaqda yerdәn tavanadәk o qәdәr qiymәtli çini qab düzmüşdülәr ki, adam baxdıqca doymur....

Bu mәqbәrә vә onun yanındakı olduqca әzәmәtli mәscid çoxlu xәrc götürmüşdür. Bunun özü dә hәmin mәscidin banisinin yüksәk hümmәtinә bir dәlil ola bilәr. Ancaq onun qorunmasına lazımınca qayğı bәslәnilmәmişdir. İndi tәmirә ehtiyacı var. Deyirlәr mәqbәrәnin çoxlu vәqflәri var. Ancaq mәlum deyil, hansı allahdan qorxmayan namәrd aparıb yeyir. İranda bu kimi yerlәrә vәqf olunan әmlakın ancaq quru adı qalıbdır. Hәqiqәtdә onların gәliri bütünlüklә oğurlanır....

Ziyarәti başa çatdırdıqdan sonra xadimlәrә әnam verib mәnzilә qayıtdıq. Onun sabahı günü Narınqalanın tamaşasına getdik. Bu, olduqca möhkәm, bir qaladır. Onu nә qәdәr tәriflәsәm dә başa gәlmәyәcәkdir. Qalanın darvazası yanında bir qoca kişi dayanmışdı. Deyәsәn, topçu idi, qalanın keşiyini çәkirdi. Әlindә bir qılınc tutub divara söykәnmişdi. Qalanın iki dolanbac xәndәyi var. Üstlәrindәn salınmış yalnız iki körpü vasitәsilә şәhәrdәn qalanın içinә girmәk mümkündür. Körpülәrdәn keçdik. Qalanın içi olduqca genişdir. Hakimin oturduğu imarәt dә buradadır. Әla mәscidi vә hamamı var. Müxtәlif yerlәrdә on-on iki top gördüm. Bunlar da qәdim zamanların yadigarı idi. İndi onlarla bir iş görmәk olmaz. Hәtta demәk olar ki, indi onlar heç öz metalının da pulunu çıxarmazlar. Topxananın yanında bir para boş hücrәlәr gördüm. Guya bunlar әsgәrlәrin mәnzillәridir. Lakin heç bir әsgәr görmәdik. İçәrisini görmәk üçün hücrәlәrdәn birinә daxil olmaq istәdim. Ancaq üfunәt iyi az qaldı beynimi partlatsın. Gördüm hamısı bu sayaqdır. Yaylığı burnuma tutub geri qayıtdım....

Ürәyim kәdәr vә qәmdәn şiddәtlә döyündüyü halda mәnzilә döndük. Sәhәr tezdәn dalandar gәlib bizә dedi:

“Ağa, siz nә üçün getmirsiniz?”

“Hara?” -- dedim.

Dedi:

“Bu gün Narınqala meydanında camış döyüşdürәcәklәr, tamaşası var. Şәhәrin bütün әhalisi oraya toplaşıbdır.”

Yusif әmiyә dedim:

“Gәlsәnә biz dә gedәk, bir az tamaşa elәyәk. İşimiz ki, yoxdur?”

Meydana getdik. Gördük doğrudan da qәribә hәngamәdir. Şәhәr camaatı hәr tәrәfdәn tökülüb buraya gәlmişdilәr. Mәn tәәccüb elәyirdim. Deyirdim, görәsәn bu qәdәr adamın bir işi-gücü yoxdur?

Az sonra mәlum oldu ki, bu iki cәngi camışdan biri Şeyx Sәfi mәqbәrәsi xuddambaşısının, o biri isә naibüssәdrindir. Bunların ikisi dә Әrdәbil ruhanilәrindәndir. Şәhәr әhalisinin yarısı xuddambaşının, qalan yarısı da naibüssәdrin müridlәridir. Camışları çәkib gәtirdilәr ortalığa. Mәn baxıb gördüm hәr iki tәrәf yaraq-әsbablı gәlmişdir. Hamısında ağac, dәyәnәk, qәmә-qәddәrә vә tapança var idi. Aralarında vuruşma düşәcәyi ehtimal olunurdu. Xülasә, camışları bir-birinin canına saldılar. Bu iki dilsiz-ağızsız heyvan әvvәlcә bir az bir-birinә baxdılar, elә bil dilsiz olmalarına baxmayaraq, bir-biri ilә danışdılar. Sonra buynuz-buynuza verib kәllә gәldilәr. Bir-birinin canına düşdülәr -- vur ki, vurasan. Kәllәnin zәrbindәn hәrdәn dizә çöküb, döş-döşә verirdilәr. Nәhayәt, bir neçә ağır yara aldıqdan sonra xuddambaşının camışı dönüb qaçdı. Bu vaxt camaatdan qәribә bir hay qalxdı. Naibüssәdrin adamları onun camışının başına toplaşdılar. O dilsiz heyvanı dövrәyә alıb, biri gözündәn öpür, o birisi әl-ayağını sığallayırdı. Bir tәrәfdәn dә qiymәtli tәzә şallar gәtirib heyvanın belinә, boynuna saldılar. Şәnliklә, әl çala-çala, oynaya-oynaya camışı meydandan çıxarıb apardılar.

Mәn dә qeyri-ixtiyari olaraq bu vәziyyәtә baxıb, mat mәbhut qalmışdım. Dәrindәn ah çәkib öz-özümә dedim: "İlahi, necә olardı ki, bu sәyahәtdә mәn hәmin dәhşәtli hәngamә әvәzinә vәtәnin müdafiәsindәn qәlәbә ilә dönmüş bir iranlı sәrdarın tәntәnә ilә qarşılanmasına rast gәlә idim. Görә idim ki, bәdxah düşmәni mәğlub edib, qarşısında neçә top, sursat vә hәrbi qәnimәtlә bu şәhәrә varid olur. Әhali dә onun vәtәn qarşısında göstәrdiyi bu xidmәtinә görә dam-divardan başına gül-çiçәk yağdırır, bu vәhşi qışqırığın әvәzinә gözәl, ürәyә yatan vәtәn şәrqilәri oxuyur. İndi bu dilsiz heyvanın boynuna saldıqları bu şalları payәndaz kimi o mәşhur sәrdarın ayağı altına salır. O biri tәrәfdәn dә millәt ruhanilәrinin tәkbir vә minacat sәsi ucalıb, bu qәlәbәnin şükrünü yerinә yetirirlәr...."

Müәllif burada ağlayır, әziz oxucular isә özlәri bilirlәr, istәrlәr ağlarlar, istәrlәr gülәrlәr.

Bu günümüz dә belә keçdi. Başqa bir gün şәhәrin kәnarına çıxdıq. Mәlum olduğu kimi, Әrdәbil dünyanın qәdim şәhәrlәrindәn biridir. Çox gözәl vә geniş bir düzәnlikdә vaqe olub. Lakin elә bir bağ-bostanı yoxdur. Görünür, iqlimi әlverişli olmadığından belәdir.

Şәhәrin ticarәti Xәzәr dәnizinin kәnarında Rusiya sәrhәddindә vaqe olan Astara limanına yaxın olduğuna görә müәyyәn әhәmiyyәtә malikdir. Rusiyadan bir çox әmtәә vә ticarәt malları bu şәhәrdәn keçib Azәrbaycana gәlir. Ona görә dә mötәbәr vә yaxşı karvansaraları vardır. Amma ölkәnin halına, ticarәtin vәziyyәtinә xeyirli olan mötәbәr tacirlәri, şirkәtlәri vә kompanilәri әsla yoxdur.

Dördüncü gün idi. Gördüm şәhәr bir-birinә dәyib, camaat sağa-sola qaçır, hәr tәrәfdәn qışqırıb deyirdilәr: "Cahad, cahaddır!" Öz-özümә dedim: "Görәsәn, bu tәzә oyun nә üçündür? Kimә qarşı cahad fitvası verilibdir?" Ayağa durub mәnzildәn çıxmaq istәdim. İstәdim görüm nә xәbәr var? Yusif әmi әtәyimdәn tutub dedi:

“Bәy ağa, qoymaram bayıra çıxasan. Allah elәmәsin, qorxuram sәnin başına bir iş gәlә.”

“Canım, burax görüm nә xәbәrdir,” -- deyib әtәyimi әlindәn qopardım. Küçәyә çıxıb hal-qәziyyәni soruşdum.

Dedilәr:

“Ağa Mir Saleh, ya Şeyx Salehdir, kәfәn geyinib, qılınc bağlayıb, cahad hökmü veribdir. Şәhәr әhlindәn iki min nәfәrdәn artıq adam dövrәsinә toplaşıb.”

Bilmirәm, hökumәt mәmurlarından biri nә elәyir ki, ağanın xoşuna gәlmir. Ağa buyurur o mәmuru tutub sürüyә-sürüyә hüzuruna aparsınlar. Yazığı o qәdәr vururlar ki, huşunu itirir. Deyirdilәr ölübdür. Bәzilәri dә deyirdi ölmәyib, amma ölәcәkdir.

Öz-özümә dedim: "İlahi, bu nә vәziyyәtdir? Bәs bu ölkәdә hökumәt yoxdur? Mәgәr bu mәmlәkәt sahibsizdir? Axı bir axundun nә hәqqi var hökumәt mәmurunu ağac altında öldürsün. Hökumәt dә bunu görüb cınqırını çıxara bilmәsin? Mәn bilmirәm bu sәfәrdә bәlalı başıma nәlәr gәlәcәk...."

Bu hәngamәdәn sonra mәnә dedilәr ki, bu ağa üç-dörd il bundan qabaq Nәcәfdәn gәlib, buradakı bütün ruhanilәrin dükanını tamamilә taxtalayıbdır. Evindәn kәnarda, hәr kәslә olur-olsun, arpa çörәyi ilә sirkәdәn başqa bir şey yemәz. Amma hәrәmxanasında hәr cür nemәt istәsәn tapılar. Evindә sirkә әvәzinә Şiraz limu suyunu bәdәnә vurur. Bәli, doğru demişlәr: "Zahidlәr minbәr başında özlәrini bir cür göstәrirlәr, xәlvәtdә isә başqa işlәrlә mәşğul olurlar".

On il dә belә keçsә, şübhә yoxdur ki, ağa on dәnә şeşdank mötәbәr kәndin qәbalәsini büküb cibinә qoyacaq. Tәkcә bu deyil, başqaları da bunun kimi etmişlәr.

Hal-hazırda Ağa Mirzә Әlәkbәr ağa cәnabları da bu şәhәrin ruhanilәrindәn biridir. Zәkat toplamaq üçün ağa öz mübarәk qәdәmlәri ilә bütün әtraf kәndlәri dolanır. Bu vilayәtdә onun kimi hәr yetәndәn azı on böyük molla var. Hәrәsinin özünә görә nüfuzu vә çoxlu müridlәri var ki, o müridlәrin dә biri on baş at-qatırdan daha çox mәnfәәt verir.

Xülasә, Әrdәbildә sәkkiz gün qalandan sonra Marağaya getmәk mәqsәdilә çarvadardan üç at kirә elәyib, hәr birini on sәkkiz qrana danışdıq. On beş qran da beh verdik. Qәrar oldu ki, sәhәr tezdәn gәlib bizi aparsın. Sәhәr oldu, çarvadar gәlmәdi. Günorta oldu, yenә dә bir xәbәr olmadı. Dalınca adam göndәrdim. Xәbәr gәtirdilәr ki, çarvadarlar qaçıb gizlәnmişlәr. Sәbәbini soruşdum. Dedilәr: "At tutdudur, hakim getmәk istәyir". Dedim: "Necә, necә?... At tutdu nә demәkdir?" Dedilәr: "Bәli, zәhmәt olmasa özün çıx eşiyә, gör necә tuthatutdur". Mәn yenә dә mәtlәbi qanmadım. Dedim: "Baba, hakim gedir, mәnә nә? Mәn getmәliyәm, at kirә elәyib, sizin әlinizlә pulunu da vermişәm. Dediniz çarvadar yaxşı adamdır, inamlı adamdır". Dedilәr: "Bәli, yenә dә deyirik, çarvadar yaxşı adamdır, düz adamdır. Amma kim bilirdi ki, bu gün at tutdu olacaq. Get bütün karvansaralara bax, gör ki, Tәbriz, Hәmәdan, Qәzvin üçün bağlanılan bütün ticarәt malları yerdә qalıbdır. Başqa şәhәrlәrdәn Әrdәbilә gәlәn karvanlar da at tutdu qorxusundan malları açıb yerә tökmüş, özlәri dә qaçıb gizlәnmişlәr". Dedim: "Bu hәngamә nә vaxtadәk davam elәyәcәk?" Dedilәr: "On-on beş gün. Hakim çıxıb getmәyincә haman aşdır, haman kasa".

Gördüm bu şeytan balalarının şәrindәn xilas olmaq üçün dua oxumaqdan başqa çarә yoxdur. Mәn dә dua oxuyub bir qәdәr sakitlәşdim. Mәnә acıq verәn bu idi ki, şeylәri bağlamışdım. Nә etmәk olardı, tәzәdәn açıb yerinә düzdük.

Bazara çıxdım. Gördüm qәribә mәrәkәdir. Bir tәrәfdәn darğa-şagird, o biri tәrәfdәn dә beş-altı nәfәr fәrraş hey oyan-buyana qaçır, harada bir dәvәdәn, atdan, qatırdan görürlәr cilovunu sahibinin әlindәn dartıb çıxarır, özlәri ilә aparırlar. Yazıq sahiblәri әlacsız qalıb, onların dalınca gedirlәr. Bu qәribә vәziyyәt mәni lap tәәccüblәndirdi. Başım gicәllәndi, qanım qaraldı, nәhayәt dәrәcәdә әsәbi vә pәrişan halda mәnzilә qayıtdım. Yusif әmi dedi:

“Din alimlәri imam-zamanın zühuru haqqında (allah onun qәlәbәsini sürәtlәndirsin!) çoxlu әlamәtlәr göstәrmişlәr. Mәn onları oxumuşam. Ancaq o әlamәtlәr arasında at, qatır, dәvә tutmaq yazılmayıbdır. İndi bu da bizim biliyimizi artırdı. Doğrudan da, çox qәribәdir: xalqın malını günün günorta çağı müsәlman bazarında tut әlindәn al, bu qәdәr mәxluq da o mәzlumların fәryadına qulaq asmasın. Çox qәribәdir.”

Nә isә, qüssә-kәdәrin şiddәtindәn әbamı başıma çәkib, bir küncdә yıxılıb yatdım. Az keçmәmiş hay-küy sәsi eşitdim. Durub gördüm iki fәrraş qapının ağzında dayanıb. Biri dedi:

“Hәmyerli, siz dünәn üç at kirә elәmişsiniz.”

“Bәli, elәmişik,” -- dedim.

“Bәs atlar hanı?” -- deyә soruşdu.

“Nә bilim, çarvadar gәlib çıxmayıb, biz dә mәәttәl qalmışıq.”

“Siz gәrәk tәәhhüd verәsiniz ki, atları gәtirsәlәr dә getmәyәsiniz.”

Gördüm cәfәng danışır, dedim:

“Tәәhhüd nә üçün verәk? Biz on beş qran da pul vermişik, indi әlimiz bir yana bәnd deyil.”

Sәs-küy ucaldı. Dedilәr gәrәk sәni fәrraşbaşının hüzuruna aparaq. Gördüm öz xoşumla getmәsәm yaxamdan tutub sürüyә-sürüyә aparacaqlar.

“Bismillah, buyurun gedәk,” -- dedim.

Әbamı çiynimә salıb, hakimin әylәşdiyi Narınqalaya tәrәf yollandıq. Gördüm Yusif әmi dә dalımca gәlir. Nә qәdәr üz vurdum ki, mәnzilә qayıtsın, qәbul elәmәdi. Dedi:

“Ürәyim dözmәz, qoy mәn dә gәlim.”

Narınqalaya çatdıq. Әvvәlcә bizi fәrraşbaşı naibinin yanına apardılar. Fәrraşlardan biri әyilib naibin qulağına nә isә dedi: Naib dә bizi başqa bir adamın yanına apardı. Guya bu da fәrraşbaşının özü idi. Bu dәfә dә naib әyilib fәrraşbaşının qulağına nә isә pıçıldadı. Mәn iztirab içindә idim. Düşünürdüm ki, bu mürüvvәtsizlәr bizi burada bir il hәbs etsәlәr sәsimiz kimin qulağına çatar? Yaxud hakimin könlü istәdi, buyurdu bizim burun-qulağımızı kәssinlәr. Onda kim bizim dadımıza çatar, yaxud bizim halımıza kimin ürәyi yanıb kömәk әli uzadar?

Qorxunc yuxu görmüş vә ya qarabasmış bir adam mәnim nә halda olduğumu, necә tәşvişә düşdüyümü müәyyәn dәrәcәdә tәsәvvür edә bilәr.

Xülasә, fәrraşbaşı öz silkinә mәxsus bir әda ilә, uzun sürәn sükutdan sonra başını qaldırıb qeyzlә dedi:

"A kişi, atları neylәmisәn?"

"Hansı atları?" -- deyә cavab verdim.

"Dünәn kirә elәdiyin atları deyirәm."

Mәn sәsimi ucaltdım, dedim:

"Sәn özün bilmirsәn ki, nә deyirsәn. Mәn sәnin sualından bir şey anlamıram."

Bir az füzulluq elәdim. Fәrraşbaşı hirslәnib dik ayağa qalxdı. Özü qabağa düşüb dedi:

"Dalımca gәl!"

İçәri hәyәtә getdik. Bir az da gedib, böyük bir zala daxil olduq. Gördüm zalın pәncәrәsi qabağında bir neçә şikayәtçi әllәrini döşünә qoyub dayanıb. Elә sakit durmuşdular ki, deyәsәn bәdәnlәrindә heç ruh yoxdur. Hakim yuxarı başda kürsü üstündә әylәşmişdi. Ondan bir qәdәr aralı neçә nәfәr başı әmmamәli әylәşmişdi. Mәn dә baş әyib dayandım. Fәrraşbaşı dedi:

"Bunlar at kirә elәyiblәr, ancaq danırlar."

Hakim dedi:

"Atlar haradadır?"

Dedim:

"Qurban, xәbәrim yoxdur."

Bir neçә kәlmә dә artıq-әskik danışdım. Bu tәrәfdәn dә Yusif әmi dedi:

"Qurban, biz müsafirik, özü dә xaricә tәbәәsiyik. Әgәr bizi incitsәniz bir baş gedәrәm teleqrafxanaya, Tehranda İngiltәrә vәzir-muxtarına xәbәr verәrәm. Bu nә vәziyyәtdir?"

Hakim fikrә getdi, bığlarını burdu, heç bir söz tapa bilmәdiyinә görә dedi:

"Mürәxxәssiniz, gedә bilәrsiniz."

Mәn dә cәsarәtlәnib dedim:

"Qurban, biz xaricә vә ya daxilә rәiyyәti olduq-olmadıq -- fәrqi yoxdur. Allaha şükür ki, müsәlmanıq. Amma sizә әrz elәmәliyәm ki, qәdim zamanlarda hәr bir padşah başqa ölkәyә qoşun yeritmәk istәdikdә dini ixtilafı ortalığa atıb, onu әldә bәhanә tutaraq istilaya başlayırdı. Amma indi hәr bir dövlәt başqasının ölkәsinә tәcavüz etmәk niyyәtindә olarsa, rәiyyәtin rifahı vә ölkәnin abadlığı üçün başlıca şәrt olan ticarәti vә ticarәt azadlığını bәhanә edir. Öz ticarәtinin genişlәnmәsi vә rәvacı üçün milyonlarla pul xәrclәyir, saysız-hesabsız qanlar axıdır. Çox qәribәdir ki, siz ticarәt qapılarını öz әlinizlә millәtin üzünә bağlayırsınız. Dәmir yollar vә şose yollar әvәzinә bu mәmlәkәtin yeganә nәqliyyat vәsaiti at-qatırdan ibarәtdir ki, onun da min әzab-әziyyәti var. Siz at tutmaq ünvanı ilә bu yeganә vasitәni dә bir növ aradan aparırsınız. Allahın bәndәlәrinin başına min bir oyun açırsınız. Nә allahdan qorxursunuz, nә dә bәndәdәn utanırsınız.

Hakim yenә dә ucadan xüsusi bir әda ilә dedi:

"Mürәxxәssiniz!"

O üzünü başqa tәrәfә çevirdi. Fәrraşbaşı da bizә çıxıb getmәk işarәsi elәdi. Biz dönüb gәldik. Fәrraşbaşı istehza ilә naibә dedi:

"Bizә qәribә mәdaxil gәtirmisәn!"

Sonra üzünü bizә tutub әlavә elәdi:

"Balam, nә durub mәnim üzümә baxırsınız? İşiniz yoxdurmu, çıxın gedin dә...."

Çıxıb gәldik. Qala qapısında bizi tutub gәtirәn iki fәrraş qaça-qaça gәlib bizdәn çilovpulu istәdi. Mәn tәәccüblә soruşdum:

"Nә pulu?"

"Qulluq pulu," -- dedi.

Hirslәnib dedim:

"Köpәk oğlu, bizә nә qulluq göstәrdiniz ki, indi dә haqqını istәyirsәn?"

Dedi:

"Bәs biz sәnin atavun nökәriyik, ya gedib anamızın әmcәyini әmәcәyik? Xәrcimiz, mәxaricimiz var."

"Mәnә nә xәrciniz var," -- dedim. -- "Ay Firon, Şәddad әmәllәri, kәnar olun, çәkilin! Allah sizin vә sizin kimilәrin kökünü yer üzündәn kәssin! İstәyirsiniz yenә dә o Nәmrudun yanına qayıdıb soruşum görüm bu şeytan balaları bizdәn nә istәyirlәr?!"

O biri fәrraş yoldaşına dedi:

"Mәşәdi Rza, qayıt gәl. Bunlar xaricә tәbәәsidirlәr. Köpәk uşaqları hamısı dәlidir."

Xülasә, bu canavarların da әlindәn xilas olduq. Yolda Yusif әmiyә dedim:

"Niyә yalan danışdın, biz ki, xaricә tәbәәsi deyilik. Birdәn bizdәn tәzkirә istәsә idi nә elәrdik?"

Dedi:

"Mәslәhәtdi yalan idi. Bunlarda o şüur harada idi ki, tәzkirә yadlarına düşsün. Bunlar mәdaxil üçün bir boş kisә hazırlamışdılar. O da ki, baş tutmadı."

İran hakimlәrinin çoxu rәiyyәtlә danışanda bığlarını eşir. Sözlәri xüsusi lәhcәdә tәlәffüz edir, hәm dә tez-tez danışır, kәlmәlәrin yarısını yeyirlәr. Mәsәlәn, xeyr әvәzinә xe, xe, xe. Çox yaxşı yerinә çox yax, çox yax ... deyirlәr.

Mәnzilә qayıtdıq. Yenә dә on üç gün mәәttәl olduq. Әrdәbildә qaldığım bu müddәt әrzindә ürәyim çox sıxıldı, könlümü heç bir şey açmadı. Qәribәdir ki, bu şәhәrdә mәndәn başqa heç kәs bu dözülmәz zülmü, tәcavüzkarlığı görmürdü, ondan bir adamın belә xәbәri yox idi. Bu vәziyyәtә hamı adi gözlә baxır. Elә bil ki, onlar bu zülmü vә cövrü çәkmәyә yaranmışlar. İnsani hüquqlardan tamamilә xәbәrsizdirlәr. Bu xәbәrsizlik mәni daha artıq kәdәrlәndirdi. Bu haqsızlıqlara, zülmlәrә baxmayaraq, Tehran qәzetlәri hәr gün öz sәhifәlәrindә, vilayәt xәbәrlәrindә yazırdılar: "Rәiyyәt hamılıqla tam rifah vә asudәliklә yaşayır. Lap elә bil Әnuşirәvani-adil dövrüdür". Belә yalançıların üzünә tüpürmәk lazımdır.

Әlqәrәz, sonra mәlum oldu ki, hakimә yalnız iyirmi baş at-qatır lazım imiş. Bu qәdәr vur-tut, hay-küy, ticarәtin pozulması vә xalqın zәrәrә düşmәsi onun üçün imiş ki, hökumәt fәrraşları yoxsul çarvadarlardan iki yüz tümәndәn artıq mәdaxil әlә gәtirsinlәr. Bununla belә, vilayәtin heç bir taciri ağzını açıb bir demәdi ki, axı belә zülm olmaz. Sanki, pәnah allaha, onlar bu qәdәr zülmü çәkmәk vә ona dözmәk üçün yaranmışlar.

Qorxusundan qaçıb gizlәnmiş çarvadarımızın on dördüncü gün baş-qulağı göründü. Yük-yapımızı bağlayıb yola düşdük. Yolda Yusif әmi mәndәn soruşdu:

"Misirdә tәbrizli Әhmәd әfәndinin nәql etdiyi hadisә yadındadırmı?"

"Hansı hadisә?" -- deyә soruşdum.

Dedi:

"Әhmәd әfәndi nәql elәyirdi ki, günlәrin birindә Tehranda bir mirpәnc xәstәlәnir. Gecә yarısı öz nökәrini şәhәrin mәşhur hәkimlәrindәn birinin yanına göndәrir ki, gәlib xanı müalicә elәsin. Yazıq hәkim isti yatağından durub xәstәlәnmiş xanın yanına gәlir. Onu müayinә edir, dәrman yazandan sonra çıxıb evinә qayıtmaq istәyir. Xanın fәrraşı qapıda hәkimin yaxasından tutub qulluq pulu tәlәb elәyir. Həkim deyir: "Әzizim, mәn gecәnin bu vaxtında evimdәn durub buraya gәldim, sәnin ağanı müalicә elәdim, mәnә zәhmәt haqqı babәtindәn bir şey vermәdi ki, mәn dә sәnә bir pul verim". Fәrraş deyir: "Hәdәr danışma, mәn sәnin atanın nökәri deyilәm. Gәrәk mәnim qulluq haqqımı verәsәn". Hәkim әlacsız qalıb xanın yanına qayıdır. Ona deyir: "Mirpәnc cәnabları, fәrraş mәndәn qulluq pulu istәyir. Mәn ki, sizdәn bir şey almadım". Mirpәnc deyir: "Hәkimbaşı, bu köpәk uşaqları fәrraşdırlar, belә sözlәr qulaqlarına girmәz. Get, azdan-çoxdan bir şey ver, razı sal!"

Siz o vaxt yazıq Әhmәd әfәndiyә ağır sözlәr deyib, onu qeyrәtsiz adlandırdınız. İndi mәlum oldu ki, o kişi doğru deyirmiş, bu gün öz gözünüzlә gördünüz ki, haman bәhanә ilә özünüzdәn qulluq haqqı istәdilәr."

Dedim:

"Yusif әmi, daha danışma, sәn allah, danışma, mәnimki mәnә bәsdir."

ӘRDӘBİL SӘYAHӘTİNİN İCMALI

Bu vilayәtdә әhalinin başı mollabazlığa qarışıbdır. Hәr dükanda, hәr evdә söhbәt filan müctәhiddәn, filan şeyxülislamdan vә ya pişnәmazdan gedir. Bәzilәri dә camışların döyüşdürülmәsi haqqında söhbәtlәrlә günlәrini keçirirlәr. Biri deyir: "Ağanın camışı ona görә basıldı ki, kәllә vuranda gün üzünә düşürdü". Söhbәtlәr bu minvaldadır. Dünya vә axirәtdәn tamamilә xәbәrsizdirlәr. Ümumi sәrvәti artırmağın xeyrindәn, tәsәrrüfat elmi vә vәtәnpәrvәrlikdәn büsbütün qafildirlәr.

Ölmüşlәr, amma diridirlәr. Diridirlәr, amma ölmüşlәr.

Çarvadar, Yusif әmi, bir dә mәn hәrә bir atın üstündә Marağaya tәrәf gedirdik. Hava çox soyuq idi. Gün batana yaxın Nir kәndinә çatdıq. Bu kәnd Sayın gәdiyinin şimal tәrәfindә vaqe olubdur. Yavaş-yavaş qar yağırdı. Kәnd evlәrindәn birinin qapısını döyüb yer istәdik. Bizә tövlәnin sәkisini göstәrdilәr. Dedim:

"Burada mal-heyvanla bir yerdә yatmaq çәtindir. Bizә bir otaq verin, neçә istәsәniz kirә haqqı verәrik."

Ev sahibi dedi:

"Bundan başqa yerimiz yoxdur."

Çarәsiz qalıb orada düşdük. Çarvadar aftafada bir az su qaynadıb çay dәmlәdi, içdik. Bir toyuq bişirib şam elәdik. Sәhәrәcәn qar yağdı. Hündürlüyü yarım arşından artıq oldu. Misirdә qar üzü görmәdiyimә görә çox tәәccüblәndim. Bütün yollar bağlandı. O günü dә qaldıq. Gecә xәbәr gәtirdilәr ki, gәdiyin başında karvan qarın çoxluğundan yol gedә bilmәyib, yüklәrini töküb qayıdıb. Karvanla gedәnlәrdәn iki nәfәri on-iyirmi baş heyvanla qar altında qalıb ölmüşlәr.

Xülasә, havanın açılması ümidi ilә tam on dörd gün tövlәnin sәkisindә mal-heyvanla hәmmәnzil idik. Bu müddәtdә nә dәrәcәdә darıxdığımız haqqında bir söz demәk iqtidarında deyilәm. Bizim nәlәr çәkdiyimizi hörmәtli oxucular özlәri tәsәvvür edә bilәrlәr. Çünki ömründә qar-çovğun görmәmiş, hәmişә gәmilәrin vә qatarların birinci dәrәcәli yerlәrindә müsafirәt elәyib, mәdәni ölkәlәrin әn yaxşı mehmanxanalarında mәnzil tutmuş bir adamın çarәsizlik üzündәn on dörd gün belә bir yerdә mal-heyvanla qalmasının nә qәdәr cansıxıcı olması hamıya bәllidir. Әgәr Әrdәbil ilә Marağa arasında dәmir yolu olsa idi, bu mәsafәni altı-yeddi saata rahatlıq vә asudәliklә keçmәk olardı. Amma, tәәssüflәr olsun ki, belә bir yol yoxdur vә olmayacaq.

Әlqәrәz, on dörd gün heyvanlarla hәmsöhbәt olduqdan sonra o tәrәfdәn karvan gәlib çatdı, yolun açıldığını, gәdikdәn keçmәyin mümkün olduğunu xәbәr verdilәr. Dayanmadan atları minib yola düşdük. Gәdiyin ağzına çatdıq. Onun dәrә-tәpәsindәn keçәnә kimi çәkdiyimiz mәşәqqәti danışmaqla qurtaran deyil.

Biçarә iranlılar müsafirәtin bu kimi çәtinliklәrinә adәt elәyiblәr. Xarici millәtlәrdәn hәr kәsin bu tәrәflәrә yolu düşsә iranlıların canının bәrkliyinә vә dözümlülüyünә, dövlәt başçılarının isә hәr şeydәn qafil olmalarına mәәttәl qalar. Mәlum olduğu kimi, hal-hazırda yer üzünün hәr bir nöqtәsindә dәmir yollar çәkilmişdir. Hәtta Hәbәş vә Sudan zәncilәri, Afrika vәhşilәri dә ondan istifadә edirlәr. Bu nemәtdәn yalnız bәdbәxt iranlılar mәhrum qalmışlar. Tutaq ki, nә dövlәtin, nә dә millәtin belә bir işi görmәyә gücü çatmır. Bәs nә üçün başqa qәrәzsiz kompanilәrә tapşırmır vә allah bәndәlәrini bu qәdәr çәtin yolların mәşәqqәtindәn xilas etmirlәr? Nә üçün gәrәk hәr il bu yollarda vәtәn övladının bir neçәsinin canı hәdәr getsin? Vallah, demәk olar ki, bu gün dunyanın heç bir yerindә millәtin yoxsul tәbәqәsinin hәyatına İrandakı kimi xor baxılmır. Elә hey deyirlәr ki, dünәn filan dağın başında, ya filan dәrәnin tәkindә karvan qar altında qalıb, onlardan on nәfәri öldü, iyirmi heyvan tәlәf oldu. Daha bunu hesaba almırlar ki, o on nәfәrin hәr birinin beş-altı baş külfәti var. Onların halına arvad-uşaqlarından başqa heç kәsin ürәyi yanmır. At-qatırın tәlәf olması da ölkәnin sәrvәtinin azalmasına sәbәb olur. İndi tәsәvvür etmәk lazımdır ki, bu qarın yağması vә yolların bağlanması tamamilә gözlәnilmәz idi. Çünki hәlә qış gәlmәmişdi. Buna baxmayaraq, bizi on dörd gün mәәttәl elәdi. Qış fәslindәki müsafirәtin nә dәrәcәdә çәtin olmasını elә buradan tәsәvvür etmәk olar. Pәnah allaha!

Xülasә, min zәhmәt vә mәşәqqәtlә altı saatdan sonra özümüzü Sayın gәdiyinin başına çatdırdıq. Beş saat da üzüaşağı gah piyada, gah da at üstündә yol gәldikdәn sonra mәnzilә yetişdik. Bu mәnzil Sarab qәsәbәsinin kәndlәrindәn biridir. Sarabın çox mötәbәr vә münbit kәndlәri var. Ancaq bizim olduğumuz mәnzilin havası çox pis idi. Azca dincәldikdәn sonra yola düşdük. Üçüncü gün Sarıqaya adlı mәnzilә çatdıq. Çarvadar dedi:

"Bura Marağa gömrüyünün yol nәzarәtçilәrinin yaşayış mәntәqәsidir. Gәrәk burada atlar yemlәnsin. Özümüz dә bir-iki saat dincәlib, sonra yola düşmәliyik."

Bir su kәnarında düşüb oturduq. Yaxınlıqdakı daxmadan üç nәfәr çıxıb bizә tәrәf gәldi. Salam verib әylәşdilәr. Mәlum oldu ki, bunlar yol nәzarәtçilәridir. Az keçmәmiş Marağa tәrәfindәn dә bir dәvә karvanı gәlib çatdı. Yol nәzarәtçilәri sarbanı çağırıb dedilәr: "pәtәni göstәr". Dәvәçi qoltuğundan üç barmaq enindә, beş barmaq uzunluğunda bir tikә kağız çıxarıb nәzarәtçilәrdәn birinә verdi. Mәn diqqәtlә baxıb gördüm nәzarәtçi kağızı oxumur, amma onun dalında olan şәkillәri sayır. Tәәccüb elәdim. Sonra savadsız adamlar haqqında deyilәn bir mәsәl yadıma düşdü: "Filankәs kağızın qarasını deyil, ağını oxuyur". Nәzarәtçiyә dedim:

"Hәmşәri, o vәsiqәni verin mәn dә baxım, görüm nә yazıblar."

"Bu vәsiqә deyil, pәtәdir," -- dedi.

"Pәtә olsun, nә eybi var," -- dedim.

Verdi, oxudum. Mәzmunu belә idi: "Filankәsin malından qırx üç yük xuşgәbara icazә verilir, mane olmayın". Kağızın arxasında qırx üç dәnә dairәvi hәlqә şәkli çәkilmişdi. Mәlum oldu ki, bu üç gömrük mәmurundan heç birinin savadı yox imiş. Bu mәtlәb mәni daha da tәәccüblәndirdi. İstәdim bir söz deyәm. Yusif әmi and verib sakit olmağımı xahiş elәdi. Yazıq sözümüzün bәrkiyib davaya çәkmәsindәn, haqqımda hörmәtsizlik olunmasından ehtiyat elәyirdi.

Nә isә, Yusif әminin xatirinә ağzımı yumub bir söz demәdim. Yolda çarvadardan soruşdum:

"Gömrük müdiri bu savadsızları nә üçün qulluğa qәbul elәyibdir. Dövlәt bu qayda-qanunsuzluğa necә dözür?"

Dedi:

"Gömrüyün dövlәtә dәxli yoxdur. Müdir gömrüyü icarә elәyib, istәdiyi hәr kәsi qulluğa götürür. Bundan әlavә, bizim ölkәmizdә bütün işlәrin idarәsi, gömrük, vilayәt darğalığı vә sairә icarә ilәdir. Çox vaxt bu icarәdarların özlәri savadsız olurlar. Bir nәfәr mirzә tutub işlәrini aşırırlar. Hamısının ağac-fәlәqqәsi dә var. Rәiyyәtdәn hәr kәsi istәdilәr fәlәqqәyә bağlayıb döyә bilәrlәr. Ancaq onlar gәrәk icarә haqqını öz vaxtında ödәsinlәr."

Dedim:

"A kişi, sәn deyәsәn ağlını itirmisәn. Polis rәisliyi dә icarәyә verilir?"

Dedi:

"Әziz canına and olsun, sabah Әrdәbildә hәr kәs icarә haqqını yüz tümәn artırsa, o birisi gün şәhәrin darğası olacaq. Amma polis rәisliyinin necә olduğunu bilmirәm."

Dedim:

"Çox gözәl, bәs bu icarә pulunu haradan çıxarır?"

Dedi:

"Hәr dükandan ayda bir qran gözәtçi pulu alır. Amma bundan o qәdәr dә mәdaxil әlә gәlmәz. Әsil mәdaxil savaşanlardan vә tacir balalarındandır. Hәr gecә onlardan bir-ikisini fahişәbazlıq vә araq içmәk bәhanәsi ilә tutub, hәrәsindәn cәrimә ünvanı ilә otuz-qırx tümәn alırlar. Darğanın zәncir-kündәli dustağı da var. Çox vaxt işgәncә altında pul alınır."

Yusif әmi daha özünü saxlaya bilmәdi. Çarvadara dedi:

"Әmi can, bәsdi, söhbәti, dәyiş." -- Sonra üzünü mәnә tәrәf çevirib dedi: -- "Bәy әfәndim, nә qәdәr istәyirәm sizә bir söz demәyim, amma yenә dә mümkün olmur, dözә bilmirәm. Mәnim iki gözümün işığı, heç olmasa bu çöl-biyabanın ortasında o yol mәmurları kimi adamlarla belә söhbәtlәrdәn elәmә. Qorxuram sәnin haqqında o tәrbiyәsizlәr tәrәfindәn bir hörmәtsizlik baş verә. Onda bizim dadımıza çatan, bizi himayә edәn kim olacaq? Axı bu mәmlәkәtin nazimülmülklәri, nazimüssәltәnәlәri, nazimülәyalәlәri var. Vilayәtlәrin işlәrini nizama salmaq onların borcudur. Bizә nә düşüb. Sizin etirazınızın, dava elәmәyinizin nә faydası ola bilәr?"

Dedim:

"Yusif әmi, siz tamamilә haqlısınız. Mәn dә bilirәm heç bir faydası yoxdur. Amma nә elәyim, sakit dayana bilmirәm. Bu qәdәr haqsızlıqları görmәyә bilmirәm. Sәn istәyirsәn mәnim dodaqlarımı tik. Axı mәn başıma nә çarә qılım?"

Sәkkiz saat yol getdikdәn sonra özümüzü Allahu-әkbәr tәpәsinә yetirdik. Buradan Marağa şәhәri görünür. Tәpәdәn aşağı düşdük. Gördüm beş-altı nәfәr yol üstündә oturub dilәnir. Hamısının ağzı, gözü әyilib, dodaq-burunları tökülmüşdü. Pәnah allaha, adam üzlәrinә baxa bilmirdi. Bir şey verib keçdik. Çarvadarımızdan soruşdum:

"Bunlar kimdir, burada nә elәyirlәr?"

Dedi:

"Cüzam xәstәliyinә tutulublar. Başqalarına siyarәt etmәk üçün onları adam içindәn çıxarıb buraya gәtiriblәr." -- O, tәpәnin әtәyini göstәrib әlava etdi: -- "Orada yaşayırlar."

Baxıb kiçik bir kәnd gördüm.

"Buranın bütün sakinlәri cüzam xәstәliyinә tutulmuşlardan ibarәtdir. Aralarında varlı adamlar, mülkәdarlar da var. Yoxsullarından hәr gün növbә ilә burada beş-altı nәfәri oturub sәdәqә yığır. Güzәranları bu vasitә ilәdir."

Bu әhvalatı eşidәndәn sonra ürәyim onların halına yandı. Mәni ixtiyarsız ağlamaq tutdu. Çarvadar dedi:

"Әrdәbilin yaxınlığında da bunlardan var idi. Mәgәr orada görmәdin?"

"Yox, görmәdim," -- dedim.

"Orada da bunlar kimi xәstәlәr çoxdur," -- dedi.

Qanım qaraldı, onların acınacaqlı vәziyyәti mәndә hәdsiz kәdәr doğurdu. Marağa şәhәrinә çatarkәn bizi qarşılayan birinci qәm-qüssә bu oldu.

Oradan keçib az yol getdikdәn sonra şәhәrin darvazasına çatdıq. Şәhәrdә bir qala da görünürdü. Çarvadara dedim:

"İndi bu kimi hasar, qala-darvazanın heç bir şәhәrdә faydası yoxdur."

Çarvadar dedi:

"Bir neçә vaxt bundan qabaq şәhәr hasar içindә idi. Getdikcә hasar dağıldı. Ona görә darvazaları da götürdülәr. Amma neçә il bundan qabaq kürd Şeyx Übeydulla bir para xam xәyallara düşüb üsyan bayrağı qaldırdı. Kürdlәrdәn böyük bir dәstәni başına toplayıb, Miyandaba basqın elәdi. Şәhәrin әlsiz-ayaqsız camaatından bir çoxunu, qadınlı-kişili rәhmsizcәsinә qılıncdan keçirdi. Sonra da qarışqa-çәyirtkә kimi saysız-hesabsız quldurları ilә Marağanın üzәrinә yürüdü. O vaxt әhali bu darvazanı müxtәsәr istehkamla tәcili düzәltmәyә mәcbur oldu."

"Mәgәr o vaxt şәhәrin qorucusu yox idi?" -- deyә soruşdum.

Dedi:

"Allah atana rәhmәt elәsin. Bu şәhәrlәr heç qorucu üzü görüblәr ki?! O bәla selinin qarşısını şәhәr әhalisi özü aldı. İki ayacan şәhәri qoruyub, kürdlәri içәri girmәyә qoymadılar. İki aydan sonra sәrdar Mәhәmmәd Hüseyn xan gәlib kürdlәri dağıtdı."

Şәhәrә gәlib çatdıq. Böyük karvansara deyilәn yerdә mәnzil tutduq. Xalça vә başqa әsasiyyәmiz olmadığına görә dalandara dedim:

"Biz burada qәribik, heç bir ev lәvazimatı vә әsasiyyәmiz yoxdur. Siz bazardan bizim üçün nә qiymәtә olur-olsun bir neçә günlüyә xalçadan-zaddan kirә elәyin."

"Burada belә bir rәsm yoxdur," -- dedi. -- Bu kimi şeylәri kirәyә vermirlәr. Sizә nә lazım olsa mәn öz evimdәn gәtirәrәm."

Doğrudan da, nә lazım idi tәdarük gördü. Çarvadarın haqqını verib yola saldım. Gördüm namazımın vaxtı keçir. Günün batmasına o qәdәr qalmamışdı. Tәlәsik dәstәmaz alıb namaz qıldım. Sonra çay içdim, azacıq çörәk yedikdәn sonra yatdım. İstәdim iyirmi günә gәldiyimiz bu beş günlük yolun yorğunluğunu canımdan çıxaram. Gecә yaxşı yatdıq. Ayıldığımız vaxt günәş çıxıb bir nizә boyu üfüqdәn qalxmışdı. Samovara od saldım, Yusif әmiyә dedim:

"Çay hazır olana qәdәr bir az pendir-çörәk al gәtir, qәlyanaltı elәyәk."

Yusif әmi getdi. Az sonra çörәk alıb qayıtdı. Amma pendir yox idi. Dedi:

"Çörәkçi dükanından başqa şәhәrin bütün dükanları bağlıdır. Bilmirәm bu gün nә günüdür."

Karvansaranın hamballarından birini çağırıb soruşdum.

"Dükanlar nә üçün bağlıdır?"

"Cümә günü olduğuna görә bağlıdır," -- dedi.

Doğrudan da, bu sözdәn çox xoşum gәldi. Heç olmasa bu şәhәrdә müsәlmançılıq qayda-qanunlarını gördük. Bәh-bәh, afәrin bu şәhәr әhalisinin müsәlmanlığına!

Pendirsiz çörәklә çayı içdik. Bizim mәnzilin qonşuluğunda bu şәhәrin tacirlәrindәn birinin hücrәsi var idi. Gördüm gәlib hücrәsini açdı. Ancaq azacıq keçmәmiş iki-üç nәfәr onun yanına gәldi. O da durub hücrәni bağladı vә dostları ilә bәrabar getmәk istәdi. Söhbәt elәyә-elәyә bir neçә addım gedib dayandılar, dönüb bizә salam verdilәr. Onlardan biri әdәblә dedi:

"Sizә bir әrzimiz var, әgәr icazә versәniz deyәrәm."

"Buyurun," -- dedim.

"Mәlum olduğundan bu şәhәrә tәzә gәlibsiniz, ona görә dә hәlә buranın qaydasını bilmirsiniz. Cümә günlәri bu şәhәrdә bütün dükanlar bağlı olur. Şәhәrdә dә bir adam olmur. Biz istәyirik ki, siz qәrib olduğunuz üçün şәhәrdә tәk qalıb darıxmayasınız. Xahiş edirik lütf buyurub bu gün bizim qonağımız olasınız. Gәlin gedәk şәhәrdәn kәnarda bir qәdәr gәzәk."

Gördüm tәkliflәri ixlas üzündәn olub, hәr cür riyadan uzaqdır. Dedim:

"Kamali-meyl ilә hazırıq. Qәribnәvazlığınız üçün sizә çox tәşәkkür elәyirәm."

Biz dә durduq, onlara qoşulub söhbәt elәyә-elәyә şәhәrin darvazasından çıxdıq. Darvazadan eşikdә çox böyük bir çay gördüm. Üzüaşağı coşa-coşa gurlayıb axırdı. Su axdıqca çayın ortasındakı iri daşlara dәyib şaqqıldayır, belә ki, gecә vaxtı sәsi şәhәrin yarım ağaclığından eşidilirdi. Bir vaxt baxıb gördüm çayın hәr iki sahilindә qәribә bir hәngamә var. Hәr tәrәfdә şәhәrin müxtәlif peşә sahiblәri vә әhalisi dәstә-dәstә oturub istirahәt edirdilәr. Bir az aralı çay-qәlyan büsatı qurulmuşdu. Aş-plov qazanları da başqa tәrәfdә asılmışdı. Çoxları әbasını vә geymәsini çıxarıb, ağacların üstünә atmışdılar. Onların astarı әsasәn qırmızı mahuddan idi. Hamı tam sәrbәstliklә әylәşib istirahәt edirdi. Bir tәrәfdә çalğıçılar çalır, o biri tәrәfdә xanәndәlәr oxuyurdular. Bir yanda gülәşirdilәr, o biri yanda müxtәlif oyunlarla mәşğul idilәr. Bir sözlә, bütün şәhәr әhalisi eyş-işrәtlә mәşğul idi. Olduqca gözәl vә qәribә mәnzәrә idi. Hәr bir dәstәnin yanından keçәndә bizim yoldaşlarımızı dәvәt elәyib deyirdilәr: "Bismillah, buyurun". Onlar da: "sağ olun" deyib keçirdilәr. Bu dәvәt vә tәklif heç olmasa üç yüz yerdә tәkrar olundu. Deyәsәn burada adәt belәdir. Bu tәmtәraqdan ötüb, kiçik bir hovuzun başına gәlib çatdıq. Bir dәstә dә onun әtrafında yerbәyer olmuşdu. Bizi görәn kimi hamısı durub әdәblә salam verdilәr. Mәlum oldu ki, bu dәstә bizim qonaqçıların yoldaşlarıdır. Salamın cavabını verib әylәşdik. Qonaqçılarımız bizi yoldaşlarına tәqdim etdilәr. Onlar bizә xoş-beş dedilәr. Biz dә onlara tәşәkkürümüzü bildirdik. Mәndәn soruşdular ki, haralısan. Dedim iranlıyam, ancaq vәtәndәn xaricdә yaşayıram. Dedilәr:

"O tәrәflәrdә dә bu cür sәfalı yerlәr varmı? Camaatında belә әylәncәlәrә zövq, rәğbәt görünürmü?"

Dedim:

"Xeyr, o tәrәflәrdә hәkim çoxdur, bu cür xәstәliklәri tez sağaldırlar."

Biri tәәccüblә soruşdu:

"Necә?"

"Bәli, әrz elәdim ki, o tәrәflәrdә bu cür xәstәliklәr yoxdur."

"Mәgәr biz xәstәyik?"

"Bәli, bu halәt bir növ dәlilikdir."

Gördüm sözlәrim onların bәzisinin xoşuna gәlmәyib pәrt oldular. Dedim:

"Mәnim möhtәrәm ağalarım, xahiş edirәm sözlәrimdәn incimәyәsiniz. Әgәr bir xilaf iş mәndәn baş versә dә, gәrәk qәribliyimә bağışlayasınız, ya da ki, insaf üzündәn cavab verәsiniz. Mәn sizin şәhәrә dünәn gәlmişәm. Şәhәrin yaxınlığında gördüm ki, cüzam xәstәlәrindәn bir kәnd tәşkil olunubdur. Onların acınacaqlı halını yәqin ki, hamınız görmüsünüz. Mәn onları gördükdә allaha pәnah aparıram. Mәlumdur ki, bunlar sizin hәmvәtәnlәriniz vә din qardaşlarınızdırlar. Belә olduqda siz gәrәk әvvәl onları müalicә etmәk üçün bir xәstәxana açaydınız. Bu xәstәlik ilk mәrhәlәsindә çox asanlıqla müalicә olunur. Belә bir xәstәxana olsaydı sizin hәmvәtәnlәriniz orada sağalar, pәrişan halda çöl heyvanları kimi mağaralarda, dәrә-tәpәdә yaşamazdılar. Mәn baxıb görürәm ki, sizin bu gün gәzib әylәndiyiniz bu çayın qırağında azı üç min nәfәr adam var. Bunların hәr birisi üst-üstә azı bir qran xәrclәyәcәk ki, bunu da bir yerә toplasaq üç yüz tümәn olar. Bu mәblәğ sizin hәr hәftә gәzintiyә çıxdığınız yaz, yay mövsümlәrindә altı-yeddi min tümәndәn ibarәt olar. Siz bütün bu pulları gәtirib burada bütünlüklә korlayırsınız. Çox qәribәdir ki, siz burada gәlib pul dağıtmağınıza, arsızlığınıza güvәnirsiniz, onu lәzzәt sayırsınız. Heyf, yüz heyf!..."

Yanımızdakılardan biri başını qaldırıb dedi:

"Qonaq qardaş, mәclisimizi soyutma görәk!"

O birisilәr dişlәrini qıcırıb dodaqlarını çeynәyirdilәr. Mәn dә özümü yığışdırıb ağzımı yumdum. Yaxşı ki, kötәk mәsәlәsi ortaya gәlmәdi. Söhbәt dәyişildi. Gün batana yaxın hәr tәrәfdә çilov-plov qazanlarının başı açıldı. Çayın sağ-sol tәrәflәrindәn kәfgirlәrin sәdası göylәrә ucaldı. İndi o böyüklükdә çayın gurultusu daha eşidilmirdi. Bu gәzinti yerinin uzunluğu iki ağacdan çox olardı. Şәhәr әhalisi yanbayan әylәşmişdi. Hәr iki tәrәfdә süfrәlәr döşәndi, hәr dәstә öz süfrәsinin başında әylәşib yemәk-içmәklә mәşğul oldu. Süfrәlәr yığılandan sonra hәr kәs bir tәrәfә çәkildi. Axşamüstü yavaş-yavaş cәrgәlәr seyrәlmәyә başladı. Camaat dәstә-dәstә dağılıb şәhәrә tәrәf üz qoydu. Biz dә öz mәnzilimizә tәrәf yollandıq. Mәnzilә çatdıqdan sonra bildik ki, bu şәhәrin әhalisi çox qәdimdәn bu gәzintiyә adәt etmişdir. Fikir-xәyalları mәhdud olduğuna görә öz yerlәrinin ticarәtini genişlәndirmәk haqqında heç vaxt düşünmәmişlәr. Ömürlәrini bu sayaq qәflәtdә keçirirlәr. Hamısı cümә axşamından başlayıb cümә gününün tәdarükünü görürlәr. Bunların hamısı işsizlik, bir dә hәr şeydәn xәbәrsizlik әlamәtidir. Şәnbә günlәri dә işlәri cümә günü haqqındakı söhbәtdәn ibarәt olur. Misal üçün biri deyir: "Filan dәstә belә gәldi, belә getdi. Filankәs dә orada idi. Biz çilovu filan xuruşla bişirmişdik, onların ancaq plovu var idi...."

Bu vilayәtdә gözә çarpan tarixi bina vә abidә yoxdur. Ancaq Hülaku xan vә başqaları zamanından bir sıra binalar var imiş. Onlar da ev sahibinin etinasızlığından dağılıb aradan getmişdir. Hal-hazırda bir yığın torpaqdan başqa onlardan bir iz-әsәr qalmamışdır.

Hamı bilir ki, Marağa Azәrbaycan mәmlәkәtinin birinci dәrәcәli mәhsuldar şәhәridir. Bu şәhәrin dörd tәrәfini iki-üç ağac enindә meyvә bağları әhatә edir. Bu bağlarda müxtәlif növlü üzüm vә meyvә ağacları var. Hәr il külli miqdarda xüşgәbar mәhsulları oradan xaricә göndәrilir. Әslindә bu vilayәtin әsas ticarәti quru meyvә mәhsullarıdır. Ancaq, çox tәәssüf ki, hәlә indiyәdәk әhali bağları yeni üsulda becәrmәk, mәhsulu artırmaq yolunda bir addım belә irәliyә gedә bilmәmişdir. Ata-babalarından nә qalmışsa onunla kifayәtlәnmişlәr. Müasir әkinçilik vә bağçılıq elmindәn tamamilә xәbәrsizdirlәr. Son vaxtlarda bu yerlәrdә yaşayan ermәnilәrdәn vә ruslardan bir neçә nәfәri bu vilayәtin әhalisinin qәflәtdә qalmasından xәbәrdar olub cüzi sәrmayә ilә oraya gәldi, az bir müddәt әrzindә xüşgәbar alverindәn külli miqdarda gәlir sahibi olub, Marağa mülkәdarlarını özlәrinin muzduruna çevirdi.

Hәr cür tәrәqqidәn qafil olmaqdan daha betәri bu yerin әhalisi arasında tiryәk çәkmәk kimi ağır dәrdin geniş yayılmasıdır. Camaatın hәr zümrәsindәn bir dәstәsi bu dәrmansız dәrdә mübtәla olubdur. Mәnim fikrimә görә, bütün bunların әsas sәbәbi işsizlik, arsızlıq, cәhalәt vә nadanlıqdan başqa bir şey deyildir. Әgәr birinin bir tikә çörәyi vә cüzi savadı olsa, heç vәch ilә öz ciblәrini doldurmaq üçün dünyanı xarab etmәk istәyәn bu camaatın ardınca getmәz. Әlbәttә, bu işdә bir para mürüvvәtsiz hakimlәrin tәcavüzü, elәcә dә ruhani donuna girmiş, yәni әmәlsiz alimlәr vә yaxşı adamların adını korlayan bәzi zalımların fәsadı da tәsirsiz olmamışdır.

Mәlum olduğu üzrә, bu tayfanın başçısı Әlәmut mülhidlәrinin mәzhәbini әhya etmәk mәşqinә düşmüşdür. Hakimlәrin zülmü, xurafata vә mövhumata inanan әhalinin savadsızlığı vә avamlığı onun işinә rövnәq vermişdir. Әvvәllәr o, bir para avam aldadan şüarlarla camaatı öz başına topladı. Belә ki, bu sövdada bir çox başlar kәsildi, hәdsiz-hesabsız evlәr dağıldı, ailәlәr başsız qaldı. O isә hәyasızcasına bir pillә dә yuxarı qalxıb, Samirә buzovu kimi, "mәnәm ulu allah" dedi. Öz alçaq nәfsinin istәklәrini ödәmәk, bir dә bәzi zalımlarla düşmәnçilik etmәk mәqsәdilә bu bәdbәxt vәtәni, vәtәnpәrvәrliyi vә hәmvәtәnlәrinin hüququnu tapdalayıb, böyük bir tәfriqә daşı ortalığa atdı. Mәqampәrәstlik hәvәsinin şiddәtindәn öz asudәliyini vәtәni vә babalarının mәzarı olan bir ölkәnin әhalisini pәrişanlığa vә fәlakәtә düçar etmәkdә gördü. Cәlladlara xas olan bir sifәtlә alovlandırdığı odda hәmvәtәnlәrinin alışıb yanmasına sevindi. Bundan sonra, hәmişә dәrdini çәkib dәrmanından aciz qaldığı şişmiş xayası ilә allahlıq iddiasına düşdü. Divi vahimәyә salan o mәnhus heykәli ilә özünә "camali-mübarәk" lәqәbi verdi. Qәribә burasıdır ki, inanılmış adamlardan eşitdiyimә görә, bu hәzrәt özünü öyüb, yaxın müridlәrinә deyirmiş ki: "Mәn İranda elә bir rәng işlәdib oyun oynadım ki, onun ciki dә mәnimdir, bökü dә. Ona görә ki, Nasirәddin şah iranlıları babi olduqlarına görә qırır. O elә bilir ki, babilәri öldürür. Halbuki, әslindә iranlıları qırır. Bundan әlavә, qırılanların malından da bizә bir şey çatır".

Siz allah, bu namәrdin rәhmsizliyinә, daş ürәkliliyinә bir baxın! Elә bil ki, özü iranlı deyil, amerikalı va ya afrikalıdır. Guya iranlılar torpaqdan törәyib, o özü isә oddan yoğrulmuşdur. Öz hәmvәtәnlәrini ölümә verir, bu alçaq vәhşiliyinә görә öyünür dә.

Onun dini kitablarına diqqәtlә baxılsa, "әmri-әzәm", "qәlәmi-izz", "cәmali-qәdәm", "hәyakili-müqәddәsә", "әğsan", "әfnan", "rәsmi-әzәm" vә bu kimi bir ovuc qәliz vә gurultulu әrәb-fars sözlәrindәn başqa bir şey olmadığı mәlum olar. Dini ehkamlarının da fasid olmasının indiyә qәdәr üzә çıxıb, bir neçә dәfә dәyişdirilmәsinә baxmayaraq, Zәrdüşt, Nәsrani, Mәzdәk vә ismailiyyә mülhidlәrinin dini ehkamının tәrkibindәn ibarәt olduğu aydın mәsәlәdir. Bunların da hamısının xәmirinin mayası mәqampәrәstlik, dinsizlik vә fәsaddan başqa bir şey deyil. İtaliyada Amerikanı kәşf edәn Xristofor Kolumbun tuncdan heykәli tökülәrәk böyük hörmәtlә bir çox şәhәrlәrdә qoyulmuş vә onun altında "heykәli-qüds" yazılmışdır. Vәtәnpәrvәrlik ilahisi hesab olunan bu heykәl hamı tәrәfindәn sevilir, ona hamı sitayiş edir. Babilәrin rәisi olan bu hәzrәt dә әcnәbi torpağının bir guşәsinә sığınıb, öz vәtәnini xarab etdiyinә görә, hәmvәtәnlәrini qırğına verib nahaq qanlar axıtdığına görә bu böyük lәqәbi özünә bağlayıbdır. Min hiylә vә tәzvirlә sәdәqә, nәzir ünvanı ilә hәmvәtәnlәrindәn topladığı pulları o, cizyә babәtindәn әcnәbi dövlәtin kiçik mәmurlarına tәqdim edir ki, asudә nәfәs çәkmәyә imkanı olsun. Bu iki heykәlin tәfavütü gör haradan harayadır?! Bu hәzrәtin yeganә kәramәti ondan ibarәtdir ki, bir neçә sәcli vә qafiyәli әrәb sözlәrini quyruq-quyruğa bağlayıb, onları göydәn nazil olunmuş vәhy vә özünü katibi-qeyb hesab edir. Biçarә daha bilmir ki, "hәr oxuyan Molla Pәnah olmaz".

Nә isә, bunların hamısı İranın vә iranlıların bәdbәxtliyinә bir dәlildir. Misirdә hәr gün onların vәziyyәtindәn qәribә xәbәrlәr eşidәrdim. Bu yazıq, Әka kimi bir yerdә bircә saat da arxayın yaşaya bilmir vә oranın dövlәt mәmurlarından biri dәyişildikdә, yaxud tәzә hakim gәldikdә, bunların gözünә yuxu getmir. Tәzә gәlәn mәmurları peşkәş vә hәdiyyәlәrilә özlәrinә ram etmәdikcә xәyalları rahat olmur. Әgәr bunlar öz әllәri ilә hәdiyә vә peşkәş aparmasalar da, mәmurlar bәhanә tapıb zorla alacaqlar. Hәrçәnd ki, zahirәn ona "Şeyxül-әcam" adı veriblәr, amma batindә nә kimi mәslәkә qulluq elәdiyini yaxşı bilirlәr. Gәlir mәnbәyi olduğu üçün mәmurlar pәrdәni yırtmaq istәmirlәr....

Axı nә üçün gәrәk bizim hәmvәtәnlәrimizdәn bәzisi bir ovuc әlsiz-ayaqsız adamlara başçılıq etmәk tamahı ilә millәt arasında belә bir dәrin tәfriqәyә sәbәb olsun? Mәlumdur ki, bu xoşagәlmәyәn vәziyyәtin meydana gәlmәsindә mәmlәkәtin başçıları vә ruhanilәrin qәflәti әsas amil hesab edilmәlidir.

Xülasә, Marağanı seyr etmәkdәn dә doydum. Oranın pәrişan vәziyyәti mәnim halımı daha da pәrişan elәdi. Bu şәhәrin әhalisinin әhval-ruhiyyәsini bir-iki sözlә belә xülasә etmәk olar -- çörәk pulu qazanmaq. Daha bundan artıq heç bir tәvәqqelәri yoxdur. Durduqları yerdәn dә bir addım belә irәli getmәk fikrindә deyillәr. Tәnbәllik, arsızlıq onların sümüyünә, iliyinә işlәyibdir. Qardaşın biri cüzam xәstәliyinә tutulduğuna görә evindәn, uşaqlarından ayrılıb ölümlә әlbәyaxa olduğu halda, o biri qardaş çay qırağında öz tay-tuşları ilә әylәşib eyş-işrәtlә mәşğuldur. Bir parası da cüzam xәstәliyindәn betәr olan tiryәkә mübtәla olubdur. Hamısı vәtәnpәrvәrlik duyğularına biganәdir. "Vәtәn sevgisi allaha inam bәslәmәk kimidir" kәlamından xәbәri olan yoxdur!

Qulağına azdan-çoxdan bir şey dәymiş varsa da özünü "әhli-irfan" hesab edib, bir guşәdә әlini әli üstә qoyub әylәşmişdir. Bunlar imam-övliyanın ümumin mәslәhәti vә xalqın mәnfәәti üçün buyurduqlarını insanların mәişәtinin pozulmasına sәbәb olan tәsәvvüfün dolanbac istilahları ilә tәbir edib deyirlәr: "Ay canım, o ayәdә vәtәn deyil:

Nә Misirdir, nә İraqdır o vәtәn,

O yerin heç adı yoxdur, anla sәn!

Vәtәndәn mәqsәd mәnәvi vәtәn, yәni axirәtdir" -- deyirlәr. Halbuki onlar tәrs başa düşmüş, yanlışlığa düçar olmuşlar. Bizim peyğәmbәrimiz bәdәninә zirehli paltar geyәndә vә ya belinә qılınc bağlayanda mәqsәdi axirәt vәtәnini qorumaq vә ya onu sevmәk deyildi. Әgәr belә olsaydı, Mәkkәnin fәth edildiyi gün "vәtәn sevgisi allaha inam bәslәmәk kimidir" kәlamının әsil mәnası olan mәşhur xütbәsini oxumazdı. O xütbәni peyğәmbәr öz әsil vәtәni, doğma diyarı vә anadan olduğu yer olan Mәkkәnin fәzasına, onun evlәrinә, küçәlәrinә, qapılarına vә divarlarına xitabәn buyurmuşdur. İlhamla dolu sözlәrindәn o böyük başçının könlündәki sevinclәr aşkar görünür.

Müsәlmanlar bilmәlidirlәr ki, sevmәli olduğumuz vәtәn, qoynunda boy atdığımız hәmin müqәddәs torpaqdan ibarәtdir. Әhl-әyalımızın mәskәni namusumuzun sığınacağı, babalarımızın dәfn olunduğu yer olan vә bizi boya-başa çatdıran bu palçıq dam-divarı qorumaq vә bu mühiti sevmәk bizim müqәddәs vәzifәmiz vә zәruri borcumuzdur.

MARAĞA SӘYAHӘTİNİN İCMALI

Bu yerin dә vәziyyәti xülasә şәkildә qeyd olundu.

Demәli, İranda "haraya getsәn göyü eyni rәngdә görәrsәn!" Heç bir yerdә ticarәtin tәrәqqisindәn, mәmlәkәtin vә millәtin xeyrinә olan işlәrin әncamı üçün әlbir olmaqdan, hәmvәtәnlәrә vә vәtәnә sevgidәn iz-әsәr yoxdur. Bu şәhәrin dә sakinlәri varlısından tutmuş yoxsulunadәk, güclüsündәn tutmuş zәifinәdәk tәrәqqi vә mәdәniyyәt alәmindәn xәbәrsizdirlәr.

Ölü ikәn diri, diri ikәn ölüdürlәr.

Nә isә, günortaya yaxın Marağadan çıxıb, Binaba tәrәf yola düşdük. Axşamüstü Binaba çatdıq. Müsafirlәrә mәxsus olan bir karvansarada mәnzil tutduq. Namaz qılıb, bir stәkan çay içdikdәn sonra Yusif әmi ilә gәzmәyә çıxdıq. Bu qәsәbәnin çarsıbazarı var, amma tacirlәrin iqamәti üçün xüsusi karvansarası yoxdur. Bazarı gәzdik. Binab Marağanın bir әlavәsi hesab olunsa da, özlüyündә böyük vә mötәbәr bir qәsәbәdir. Evlәr tamamilә xam kәrpiclә tikilmiş, divarları palçıq möhrәdәndir. Bircә daş evә belә rast gәlmәk mümkün deyil. Buranın әhalisinin dә mәişәti, Marağada olduğu kimi, meyvә bağları vә xüşgәbarla tәmin olunur. Ancaq burada axar su yoxdur. Bütün bağlar quyulardan çәkilәn su ilә suvarılır. Әmәksevәr, zәhmәtkeş, bir qәdәr dә qәnaәtcil әhalisi vardır. İsrafçı, töküb dağıdan deyillәr. Deyәsәn, özlәri dә düz adamlardır. Ona görә ki, burada iflasa uğrayan, sәrmayәsi batan adama rast gәlmәdik. Әhalinin әksәri savadsız vә cahil olsa da, әxlaqәn pozulmamışlar. Mәrdimazar vә dәcәl deyillәr. Hamısı qonaqsevәn vә qәribnәvazdır.

Xülasә, bir az gәzib dolandıqdan sonra mәnzilә qayıtdım. Meydandan keçәrkәn camaatın bir yerә toplaşdığını vә ucadan "Ya Әli" çәkdiklәrini eşitdim. Yusif әmiyә dedim: gedәk oraya, görәk nә var. İrәli gedib gördük ki, bazar әhli vә kәndlilәrdәn bir dәstә dövrә vurub әylәşiblәr. Bir dәstә dә onların arxasında ayaqüstә dayanmışdı. Hәlqәnin ortasında iki-üç dәrvişbeçә ilә iki dәrviş virdlәr oxuyurdular. Dәrvişlәrdәn biri dedi:

"Hәr kәs üçüncü "Ya Әli"ni bundan da ucadan desә, mövlam Әli qәbir evindә ona yar olsun."

Sonra özü әlini qulağına qoyub gur sәslә "Ya Әli" deyә bir nәrә çәkdi. İki yüz nәfәrә yaxın olan camaat da onun kimi "Ya Әli" deyib sәsini göylәrә qaldırdı. Bu zaman dәrviş әbasının altından iki-üç qutu çıxartdı. Ovsun oxuya-oxuya qutuların qapağını açmağa başladı. Bir ucdan rәngbәrәng, qara, qırmızı ilanlar idi ki, qutulardan çıxarır vә müxtәlif nәğmәlәr oxuya-oxuya deyirdi: "Ovsunladım, çıx eşiyә. Heydәr, Sәfdәr eşqinә çıx eşiyә. Halva, halva, ilan, gürzә ilan...."

Bu cür mәnasız, başsız-ayaqsız sözlәrdәn o qәdәr dedi ki, ağzı kәflәndi. Birdәn üzünü camaata çevirib ucadan dedi:

"Hamınız әllәrinizi yuxarı qaldırın!"

Camaat әllәrini yuxarı qaldırdı. Hәtta mәn dә, Yusif әmi dә әllәrimizi qaldırdıq. Dәrviş bir para dualar oxuyandan sonra dedi:

"Hamınız әllәrinizi cibinizә salın!"

Hamımız ona itaәt edәrәk әllәrimizi cibimizә saldıq. O yenә dә bir qәdәr dua oxuyub dedi:

"Әlinizә nә gәldi tullayın mövlamın mәrәkәsinә!"

Gördüm yarım şahıdan, bir şahıdan ibarәt hey qara puldur ki, yağış kimi dövrәdәn mәrәkәnin ortasına yağdırırlar. Mәn dә bir onşahılıq çıxarıb atdım. Yusif әmi mәnalı-mәnalı güldü. Ancaq özü dә bir abbası çıxarıb atdı.

Bu qәlәndәr dәrviş camaatı tәsәvvür edilmәz dәrәcәdә qorxutmuşdu. Yazıq avam camaat elә güman edirdi ki, onun sözünә qulaq asmasalar, ona pul vermәsәlәr, dünya vә axirәtdә işlәri rast gәlmәyәcәkdir.

Dәrvişlәr bu fırıldaqla çoxlu pul yığdıqdan sonra da camaatın yaxasından әl çәkmәdilәr; onlardan biri üzәrindә bir para şәkillәr vә dualar çap olunmuş yüzә qәdәr rәngbәrәng vәrәqә çıxarıb dedi:

“Bu ismi-әzәmdir. Vәlәdüzzina adam onu görә bilmәz. Bu ismi-әzәmin xüsusiyyәtlәrindәn biridir. Hәr kәs buradan getsә, şübhәsiz, haramzadadır. Özü da ancaq bunları halalzadaya göstәrәcәyәm.”

Yazıq avam camaat haramzadalıq töhmәtindәn qorxaraq mәrәkәni tәrk edә bilmәyib, yerlәrindәcә mıxlanıb qalmışdı. O biri tәrәfdәn dәrviş dedi:

“Qәlәndәr, bunların hamısı xalis şiә, peyğәmbәr övladını sevәnlәrdir. Allaha şükür ki, içәrilәrindә bic, haramzada adam yoxdur. Siz camaatı feyzdәn mәhrum elәmәyin, ismi-әzәmi göstәrin.”

Dәrviş sәhifәni göstәrdi. Mәn onu uzaqdan gördüm. Üzәrindә bir zülfüqar şәkli dә var idi. Dәrviş dedi:

“Bu qiymәtli hәdiyyәnin hәr birinin dәyәri dünyaların baci-xәracından da artıqdır, ancaq mәn onların hәr birini min tümәnә satacağam.”

Yoldaşı dedi:

“Yox, Hacı dәrviş, çox baha deyirsәn, hamının gücü çatmaz, heç kәs gәrәk mövlanın feyzindәn mәhrum qalmasın.”

Dәrviş min tümәndәn birdәn-birә beş yüz tümәnә endi. Beş yüz tümәndәn dә yüz tümәnә, yüz tümәndәn bir tümәnә; nәhayәt, bu "qiymәtli" hәdiyyәnin dәyәri gәlib iki şahı qara pula çatdırıldı. Bu әlvan kağızlar da tamamilә satıldı. Dәrviş and içib deyirdi ki, hәr kәsin yanında bu duadan olsa, ilin axırınadәk bütün borclarını ödәyәcәk. Ona Mәkkә vә sairә müqәddәs mәkanların ziyarәti nәsib olacaq. Bunlardan әlavә, ürәyindә olan bütün şәri arzuları yerinә yetirilәcәkdir. Bu duanı hansı evdә saxlasalar mәlәklәr sәhәr-axşam o evin ziyarәtinә gәlәrlәr. Ölәndә hәr kәs bu duanı öz kәfәninin içәrisinә qoysa, qәbir evindә әzab mәlәklәri ona yaxın gәlә bilmәzlәr.

Xülasә, bu dәrviş donuna girmiş div sifәtli kәlәkbazlar yazıq avam camaatı işindәn-gücündәn avara elәyib, iki-üç saat günün altında saxladılar; ciblәrini boşaldıb, lazım olan mәblәği topladıqdan sonra onların yaxalarından әl çәkdilәr. Bu sadәlövh adamların halına ürәyim yandı. Öz-özümә dedim: "Allaha pәnah aparıram, qәribә alәmdir, tәәccüblüdür, görәsәn, bu ölkәnin bütün başçıları kordurlar, kardırlar, yaxud hökumәtin mәnasını anlamırlar? Mәgәr hökumәti tәşkil etmәkdәn mәqsәd biçarә avamı bu kimi quldurların, şarlatanların şәrarәtindәn, tәcavüzündәn qorumaqdan ibarәt deyilmi? Nә isә, yenә dә köhnә dәrdlәrim tәzәlәndi. Yusif әmiyә dedim:

“Bәsdir, Yusif әmi, buranı sәyahәt etmәkdәn dә doyduq, gәl gedәk mәnzilә.”

Mәnzilә qayıtdıq, şam yedikdәn sonra başımızı qoyub yatdıq. Sәhәr yuxudan duran kimi Urmu şәhәrini sәyahәt etmәk әzmi ilә atları minib, Urmu gölünün sahilinә doğru sürdük. Binabdan buraya kimi yolun hәr iki tәrәfi göz işlәdikcә üzüm vә meyvә bağları idi. Addımbaşı abad kәndlәr görünürdü.

Yolda izdihamla gәlәn bir dәstә camaatla rastlaşdıq. Bir qәdәr yaxınlaşandan sonra gördük ki, sәrbazlardır. Mәlum oldu ki, Tәbrizdә olan Marağa fövcünün mürәxxәs olunmuş әsgәrlәridir. Onları görәn kimi çarvadarımız üzünü mәnә tәrәf tutub dedi:

“Ağa, bir qәdәr kәnara çәkilsәk yaxşıdır, çünki bu sәrbazlar bizdәn tütün-kibrit istәyib, mәәttәl elәyәcәklәr. Yaxına gәlsәlәr qoymayın ki, atın cilovunu tutsunlar.”

“Yaxşı,” -- dedim. Gördüm bu sәrbazların hәr dәstәsi on-on iki tüfәngi bir ulağa çatıb, dağınıq vәziyyәtdә gәlirlәr. Dәstә-dәstә, manqa-manqa yolun hәr iki tәrәfindә olan bağlara tökülüşüb әtәk-әtәk, çuval-çuval üzüm dәrirdilәr. Bar sahiblәri dә yerlәrindәcә quruyub, heyran-heyran onlara baxırdılar. Bir nәfәrdә belә cәsarәt yox idi ki, onlardan soruşsun: nә üçün belә edirsiniz?

Çarvadar dedi:

“Gördünüz, bunların hamısı oğrudurlar. Bu yerlәrin әhalisindәn hәr kәs oğru-әyriliyә meyl göstәrsә, gedib sәrbaz vә ya topçu olur. Ona görә ki, bu vasitә ilә cәzadan özünü bir növ qoruyur, oğurluq vә ya cibkәsmә üstündә tutulsa da, yenә dә başqaları kimi ağır cәza almaz, onun әlini kәsmәzlәr. Elә buna görә dә istәdiklәri kimi xalqın malını talayırlar.”

Sözün qısası, buradan bir tәhәr salamat qurtardıq. Axşamüstü Urmu gölünün sahilinә gәlib çatdıq.

Gәmi hazır idi. Amma gәmi dedikdә, doğrudan da, bu göldә hәqiqi gәmilәr üzdüyünü tәsәvvür etmәk olmaz. Xeyr, bunlar avar çәkәnlәr vasitәsilә hәrәkәt edәn böyük bir qayıqdan ibarәtdir ki, adını gәmi qoyub, nәqliyyat vasitәsi kimi suya salıblar. Daşıdıqları yük dә buğda vә qoyundan başqa bir şey deyil. Onları bu sahildәn o biri sahilә aparıb gәtirirlәr. Deyildiyinә görә, bu gәmilәri әlli-altmış il bundan qabaq İranın alim vә bilikli şahzadәlәrindәn olan Urmu hakimi mәrhum Mәlikqasim Mirzә qayırtdırıb, nәqliyyat işini yaxşılaşdırmaq vә asanlaşdırmaq mәqsәdilә suya salmışdır. Elә o vaxtdan da bugünәdәk necә varsa elәcә dә qalmışdır. Bu gölün ortasında bir ada var. Mәrhum şahzadә orada kiçik bir imarәt dә tikdirmişdir. Hәr tәrәfdәn su ilә әhatә olunmuş quruluğa türkcә "ada" deyilir. Hәmin adada bir para mәdәnlәr dә ola bilәr. Amma, yәqin ki, hәlә indiyәdәk heç kәs belә bir sәrvәti axtarıb tapmaq xәyalına düşmәmişdir. İran dövlәti mәmlәkәtin vә millәtin dirçәlmәsinә sәbәb olan bu kimi işlәrә әsla fikir vermir. Mәdәn tapmaq vә kәşfiyyat aparmaq işinә kim öz qiymәtli vaxtını sәrf edәcәk?! Dünyada misli az yayılan Mazadaran meşәsini cüzi bir mәblәğ müqabilindә xarici quldurların әlinә tapşırıblar ki, onlar kökünü baltalasınlar. Bir allah bәndәsi tapılmır ki, o tәbii xәzinәni xilas etmәk fikrindә olsun. Yerin üstündәki sәrvәti görmәyәndә torpağın köksündә yatmış mәdәnlәrә daha nә kimi etina ola bilәr?!

Әlqәrәz, gәmi adaya doğru üzmәyә başladı. Gün batana yaxın adanın sahilinә gәlib çatdıq. Gәminin içindәki qoyunları burada boşaltdılar. Yenә dә gәmi öz yoluna davam etdi. Şamımızı yeyib yatdıq. Sәhәr yuxudan duranda özümüzü dәnizin o biri sahilindә, Urmu şәhәrinin yaxınlığında gördük. Tez durub gәmidәn düşdük. Buradan şәhәrәdәk iki ağac yol var. Dayanmadan iki ulaq kirayә edib, şәhәrә tәrәf yollandıq. İki saat yol getdikdәn sonra şәhәrә çatıb, "Gülşәn" adlı karvansarada mәnzil tutduq. O gün heç yerә getmәdik. Nahardan sonra Yusif әmi dedi:

“Mәn hamama gedirәm.”

Dedim:

“Özün bilәrsәn, get.”

O getdi, mәn dә çıxıb karvansaranın hәyәtindә gәzmәyә başladım. Bir hücrәnin qabağında sarı sәbzә, kişmiş arıdıb, Rusiyaya göndәrmәk üçün qutulara doldururdular. Dayanıb bir qәdәr baxdım. Gördüm qutuları dolduran fәhlәlәrin arasında qilü-qal sәsi ucaldı, az qaldı iş dava-mәrәkәyә, sillә-yumruğa çatsın. Onların deyişmәsinә qulaq asdım. Gördüm biri deyir: "Bu nemәtilәrin hamısı biqeyrәtdilәr". O birisi o tәrәfdәn ona cavab verdi: "Yәni dünyada Heydәridәn dә binamusu tapılarmı? Gәdә, filan davada qabağımızdan tülkü kimi qaçıb, siçan deşiyn axtarmağınız yadından çıxıbmı?"

Burada mәrhum atamın sözlәri yadıma düşdü. O deyәrdi: "İranın bir çox böyük şәhәrlәrindә әhali arasında heydәri, nemәti davası olur. Dava elәyәn tәrәflәrin heç özlәri dә bilmirlәr ki, Heydәr kimdir, Nemәt kimdir. Amma hәr il bu iki adın tәrәfgirliyi üstündә vuruşmalar olur, qanlar axıdılır, hәtta çox vaxt qalib gәlәn tәrәf mәğlub olan tәrәfin dükanlarını, evlәrini dә talayır".

Mәn kişmiş anbarının sahibindәn soruşdum:

“Nә üçün bunları sakitlәşdirmirsәn? Axı bu iki mәchul ad üstündә niyә gәrәk belә düşmәnçilik törәdilsin?! Bunlar mәgәr bir mәmlәkәtin әhli vә bir-birlәrinin din qardaşı vә vәtәndaş deyillәr?!”

Yazıq anbar sahibi dәrindәn bir ah çәkib dedi:

“Әziz qardaş, bu cahillәrә nәsihәt vermәk mәnim borcum deyil. Gәrәk şәhәrin ülәması vә ağıllı adamları bunları başa salsın. Tәәssüflәr olsun ki, o insafsızlar da nәinki bunlara nәsihәt vermirlәr, hәtta bu fitnә ocağına odun qoyurlar. Ona görә ki, onların özlәrinin bәzisi heydәrilәrin, bir parası da nemәtilәrin tәrәfindә durur vә bu vasitә ilә avam camaat arasında nüfuz qazanırlar. Xüsusilә insafsız mәrsiyәxanlar hәmin fitnә alovunu qızışdırır, bu cahillәri tәhrik edirlәr. İndi millәtin cahil kütlәsinin qәlbindә bu düşmәnçilik toxumunu elә dәrin sәpmişlәr ki heç demәklә qurtaran deyil. Tәrәflәrin hәr biri elә güman edir ki, o biri tәrәfә qarşı nә qәdәr dәrin kin bәslәsә, nә qәdәr çox düşmәnçilik elәsә, dünya vә axirәtdә o qәdәr xoşbәxt olacaqdır. Ölәndәn sora sorğusuz-sualsız behiştә gedәcәkdir. Ona görә dә bir-birinin acığına mәrsiyәxanların kisәsini doldururlar. Tәkyәlәri bәzәmәkdә, döşәmәkdә bir-birlәri ilә rәqabәtә girişirlәr. Sinәzәnlik edir, zәncir vurur, baş yarırlar.... Bunların hamısı isә xüsusilә riya üzündәn olduğuna görә, şәriәtә ziddir. Böyük müctәhidlәrimiz vә mәşhur alimlәrimiz bu kimi işlәri haram sayırlar. Yaxşı baxdıqda görәrsiniz ki, mәscidlәrin çoxu xarabdır, hamısını toz basıbdır, qapıları çox vaxt bağlı qalır. Amma bu insafsızlar hәr bir millәt vә әhalinin get-gәl etmәyә haqlı olduqları küçә-bazarda, karvansaralarda vә yol üstündә rövzәxanlıq dәstgahı açıb, camaata mane olurlar. Hәlә pis-pis dә öz alәmlәrindә imam Hüseyn әleyhissәlamın boynuna әblәhcәsinә böyük bir minnәt dә qoyurlar. Daha bilmirlәr ki, o hәzrәt şәhadәti vә öz pak övladının әsarәti müsibәtini cәddi-büzürgvarının pak dininә xәlәl toxunmaması vә bidәtin aradan götürülmәsi xatirinә qәbul etdi. Bunlar isә o cür mühüm bir tәlimi korlayır, yәhudinin, xaçpәrәstin get-gәl etmәyә haqlı olduğuna fikir vermәdәn ümumi yolu bağlayır, mәrsiyәxanlıq elәyirlәr. Hәlә utanmayıb belә bir xilaf işin üstünә ibadәt adı da qoyurlar. İmam Hüseyndәn, onun qiyamәt günü hamının bağışlanmasını allahdan xahiş edәn böyük cәddindәn xәcalәt çәkmirlәr.

Bu mürüvvәtsiz mәrsiyәxanlar at-heyvan bağlanılmalı olan bәzi yerlәrdә dә әzadarlıq büsatı qururlar; dәrdimiz bir deyil ki, demәklә qurtarsın. Şabehgәrdan adlandırılan başqa bir dәstә dә vardır. Daha onların әlindәn allaha pәnah aparıram. Onlar da özlәrini imam Hüseynә bağlayıblar. Hәr biri başına bir ovuc dәlәduz toplayıb, hәrәsinә dә imamın müqәddәs әhli-beytinin kişilәri vә ya arvadlarından birinin adını verirlәr. Beş quruşluq dünya malı üçün onların nә kimi oyunlardan çıxdıqlarını bilmirsiniz. Allaha and olsun, onların pәrdә ardında min fisqü-fücura mürtәkib olduqlarını gördükdә hәr bir qeyrәtli müsәlman hәyatından belә bezikir. Tәәccüblü burasıdır ki, bu geniş ölkәnin bu hәyasızların hәr bir oyunu vә kәlәyindәn xәbәrdar olan әhalisi onların bu işlәrini üzә vurmurlar. Halbuki bu pozğun ünsürlәrin törәtdiklәri fisqü-fücur mәhәrrәmdәn bir neçә ay sonrayadәk әyan-әşraf mәclislәrinin söz-söhbәtinә çevrilir. Allahdan gizlin deyil, sәndәn nә gizlin. Bu xoşagәlmәyәn vәziyyәti gördükdә fikir-xәyalın әlindәn bәzi vaxtlar az qalır ki, bir para narәva sözlәr zehnimdәn keçsin vә küfr danışım. Amma yenә dә әstәğfürullah deyib, vәsvәsәni fikrimdәn çıxarmaq üçün başımı ayrı bir şeylә qatıram.... Bir iddәni heydәri-nemәti, bir dәstәni mütәşәrre-şeyxi adı ilә bir tәrәfә çәkir, gündә min hiylә işә salaraq, öz әllәri ilә millәtin birliyini pozurlar. Özlәrinin xatircәmliyini millәtin tәfriqәsindә görürlәr. Öz iyrәnc mәnfәәtlәrini tәmin etmәk mәqsәdilә vәtәnә xidmәt etmәk әzmindә olan, xeyirli bir işә iqdam edәn hәr bir adamı zülmkar adlandırır, xalqı ondan çәkindirirlәr. Birisi paltarını azca qısaltdıqda onu firәngimәab adlandırıb, salamını belә almırlar. Müsәlmançılığı әba-qәbada görürlәr. Daha bilmirlәr ki, "adam cildinә girmiş çoxlu şeytanlar da var". Xülasә, bu bir ovuc bәdbәxt avam camaatı tora salmaq üçün dörd tәrәfdәn elә pusqular düzәltmiş, tәlәlәr qurmuşlar ki, onu heç bir allah bәndәsi tәsәvvürünә gәtirә bilmәz. Daha mәni bağışlayın, ağzımı yumub danışmasam yaxşıdır.”

“Qardaşım,” -- dedim, -- “yaxına gәl, izin ver sәnin o ağzından, dodaqlarından öpüm. Sәn İranda mәnim rast gәldiyim ilk adamsan ki, bu incә mәsәlәlәri dәrk edib vәtәnin dәrdini çәkirsәn. Hәr tәrәfә diqqәtlә nәzәr saldığım vә hәr bir sәsә diqqәtlә qulaq asdığım bu sәyahәt müddәtindә hәmvәtәnlәrimin içindә elә bir adam görmәdim ki, bu xoşagәlmәyәn vәziyyәti sәnin kimi dәrk etmiş olsun. Belә gözәl sözlәri heç kәsdәn eşitmәdim. Sәnin Mәsiha nәfәsin var. Hәqiqәtәn mәni diriltdin, allah sәnin ömrünü uzun elәsin!

Axı mәni bir başa sal görüm bidәt dәrәcәsindәn dә o tәrәfә keçәn bu tәziyәdarlığın vәziyyәtindәn Nәcәf-Әşrәfdә әylәşib әmrü nәhylәri bütün İranda icra olunan ülәma hәzrәtlәrinin xәbәrlәri var, ya yoxdur? Xәbәrlәri vardırsa, hamının gözü qabağında lüt canlarını qan sızıncaya qәdәr zәncirlә döyәclәmәk kimi şәrә zidd işi nә üçün qadağan etmirlәr? İnsan hәyatını tәhlükәyә salan bu başyarma mәsәlәsi niyә qadağan olunmur? Bu şәkildә tәziyә tutulmasına imam hәzrәtinin razılıq vermәsini heç kәs iddia edә bilmәz. Bir tәrәfdәn camaat küçәdә, bazarda, qәsbi yerlәrdә döşünә döyür, zәncir vurur, başını yarır, o biri tәrәfdәn savadsız vә ya savadlı molla ağacdan qayrılmış bir kürsünün üstünә çıxır, iki-üç xoşgül cavan oğlanı ortaya salıb, nәşәlindirici havalarla mәclisi qızışdırır, bunun da adını allahdan, peyğәmbәrdәn utanmadan әzadarlıq qoyur. Mәgәr belә dә әza saxlamaq qayda-qanunu olar?...”

Müsahibim dedi:

“Bәlkә dә ülәma hәzrәtlәri bu xoşagәlmәyәn vәziyyәtdәn lazımınca xәbәrdar deyildir. Amma bunu da bilirәm ki, bu mәtlәbi onlara bir adam xәbәr versә belә başlarına toplaşanların hәrәsi bir әmma çıxarıb, lazımi tәdbirlәr görülmәsinә mane olacaqdır. Xüsusilә rövzәxanlar hәr bir vasitәyә әl atacaqlar. Bu müftәxor tayfa özünün on tümәnlik mәnfәәti üçün dünyanı cәhәnnәm oduna salmaqdan fәrәhlәnir.”

“Bәs hökumәt nә üçün işә qarışmır?” -- dedim.

“Allah atana rәhmәt elәsin,” -- dedi. -- “Hökumәt belә bir vәziyyәti allahdan istәyir. O istәyir millәtin başı özünә qarışsın. Hökumәtin siyasәti budur ki, millәt hәmişә keşmәkeşdә olsun, özü haqqında düşünmәyә fürsәti olmasın, zәmanәnin vәziyyәti vә tәlәblәrindәn xәbәrsiz qalsın. Elә buna görә dә, hökumәt xalqın başını daha artıq qatan ruhanilәr tayfasını hәvәslәndirmәk üçün hәrdәnbir onlara gurultulu lәqәblәr verir. Mәsәlәn, birinә "sәdrüzzakirin", o birinә "sultanüzzakirin", başqasına "fәxrülülәma", digәrinә "sәdrülülama" vә s. lәqәblәr verir. Bu yaxınlarda onlardan birinә "hüsamülülәma" lәqәbi verilmişdir. Onunla yarım saat oturub söhbәt elәsәn fisqü-fücurda nә kimi yüksәk bir dәrәcәyә çatdığını özün görәrsәn. Allaha and olsun, onun böyük adamların mәclislәrindәki söhbәtlәrini dinlәmәkdәn bazar lotuları belә utanarlar. O ikiüzlünü görmüş olan hәr bir kәs mәnim sözümü tәsdiq edә bilәr. Belә bir yüksәk lәqәbi elә bir alçağa vermişlәr; özünün dә hәr bir yerә yolu var. Bu da bu mәmlәkәtin hökumәtinin mәslәki!...”

Dedim:

“Qardaş, xudahafiz! Bu dәrdlәrin dәrmanı yoxdur.”

Mәn elә xәyal elәdim ki, bir az söhbәt elәsәm ürәyim açılar. Amma tәәssüf ki, bu söhbәtdәn dәrdim bir az da artdı. O cavanmәrdlә vidalaşdıqdan sonra mәnzilә qayıtdım.

Bu şәhәrin gülәrüzlü, xoş sima vә xoş geyim әhalisi var. İranın başqa şәhәrlәrindә gördüyümün әksinә olaraq, kişilәrinin hamısı burada tel qoyur. Bu vәziyyәt ümumi adәt şәkli aldığına görә eyib sayılmaz.

Yusif әminin hamama getmәsindәn dörd saat keçmişdisә dә gәlib çıxmamışdı. Nigaran qaldım. Karvansaranın әtrafını gәzib, dükanlara tamaşa elәdim. Gün batana yaxın Yusif әmi gәlib çıxdı.

“Nә üçün bu qәdәr gecikdin?” -- deyә soruşdum.

Dedi:

“Siz әhd elәmisiniz ki, İranda hamama getmәyәsiniz. Әlbәttә, ona görә getmәk istәmirsiniz ki, hamam xәznәlәrinin suyu tәmiz deyil, hamı girib orada yuyunur. Daha bu o demәk deyil kn, hamamın içinә girmәyәsiniz. Buranın hamamlarının tamaşası var. Gәrәk sabah mәnim xatirimә hamama gedәk. Siz xәznәyә girmәyin, eşikdә soyuq su ilә dә yuyunmaq olar.”

“Axı bu qәdәr üz vurmaqdan mәqsәdin nәdir?”

“Mәqsәdim odur ki, siz sәyahәtә gәlmisiniz, nә görürsünüz yazırsınız. Buranın hamamlarında da görmәli vә yazmalı çox şeylәr var.”

“İndi ki, mәslәhәt görürsünüz, nә eybi var, sabah gedәrik,” -- dedim.

Qәzadan sabahısı gün cümә idi. Yusif әmi ilә hamama getdik. Qayda üzrә paltarımızı çıxarıb içәri girdik. Bir neçә addım getmәmişdik ki, bir kişi qәflәtәn mәnim ayaqlarıma bir qab su sәpdi. Bir başqası da Yusif әminin ayağına su tökdü. Heyrәtlә Yusif әminin üzünә baxdım. Bu işin mәnasını işarә ilә ondan soruşdum. Dedi:

“Buyurun çarhovuzun yanında oturaq. Sizә onun mәnasını başa salaram.”

Çarhovuzun yanında әylәşdik. Hamamın dörd dövrәsindә yerә fitә salıb, üstündә әl-ayaqlarına, bığ-saqqallarına vә saçlarına hәna yaxmış otuz-qırx nәfәr kişi uzanmışdı. Birinә çubuq gәtirir, başqasına qәlyan verirdilәr, bәzilәri dә çay içirdi.

Yusif әmi dedi:

“Bizim ayaqlarımıza su sәpәnlәr dәllәkdirlәr, onlar müştәrilәri yuyundururlar. Hamamda bir neçә nәfәr başqa dәllәk dә var. Biz ayaqlarımıza su sәpәnlәrin müştәrisi olduq, başqasının bizi yuyundurmağa haqqı yoxdur.”

Mәn güldüm. Oxucular özlәri başa düşәrlәr. Xülasә, biz gәrәk o qәdәr gözlәyәk ki, dәllәk kişi bizdәn әvvәl tutduğu müştәrilәrinә sabun-kisә çәksin, sonra bizә dә növbә çatsın. Gördüm on nәfәr dәllәk var, qırx-әlli müştәri. Biz heç olmasa üç saat oturub gözlәmәli olacağıq.

Yusif әmi dedi:

“Bu vәziyyәti görmәk üçün sәni buraya gәtirdim ki, dünәn mәnim gecikmәyimin sәbәbini bilәsәn.”

Dedim:

“Görәsәn hәr gün belәdir, ya bu gün cümә olduğuna görә camaat hamama tökülübdür?”

“Dünәn dә belә idi,” -- dedi. -- “Mәn soruşdum, dedilәr şәhәrin bütün hamamları hәr gün bu cür dolu olur.”

“Bәs bu kişilәr nә üçün qadınlar kimi әl-ayaqlalarına hәna qoyurlar?”

“Deyirlәr birincisi ona görә ki, hәna adamın әl-ayağını hәmişә yumşaq saxlayır, ikincisi dә şәriәtdә savab sayılır.”

“Bunlar işsizlikdәn, tәnbәllikdәn, cana qulluq elәmәkdәn irәli gәlir,” -- dedim. -- “Guya ki, bütün savab işlәri görüb qurtarmışdılar, tәkcә hәna yaxma savabı qalmışdı. Bunlar vәtәnpәrvәrliyin qәdrini bilmir, vәtәnә xidmәt etmәyin lәzzәtini başa düşmürlәr. Dar görüşlü, alçaq tәbiәtli adamlardırlar. Bir ac qarını doyurmağın savabı min dәfә hәna yaxıb hamamda yatmağın әcrindәn daha çoxdur.”

İki nәfәr dә çarhovuzun yanında hәna qoyub, qәlyan çәkirdi. Onların birindәn soruşdum:

“Ağa, bağışlayın, siz bu şәhәrdәnsiniz?”

“Bәli,” -- dedi, -- “bu şәhәrdәnәm.”

Dedim:

“Bu adamların öz әl-ayaqlarına hәna yaxmaqdan mәqsәdlәri nәdir?”

O, heyrәtlә mәnә baxıb dedi:

“Әvvәla, savabı var, ikincisi, adamın әl-ayağını yumşaq saxlayır.”

Dәrdli köksümün dәrinliklәrindәn bir ah çәkib dedim:

“Әzizim, ürәyinizi yumşalda bilәn başqa bir dәrman da tapın ki, bәlkә bir qәdәr dә vәtәnin tәrәqqisi, onun hüdudlarının qorunması qayğısına qalasınız. Ay qәflәt yuxusuna uymuşlar, siz çox incә vә tәhlükәli bir mövqedә dayanmışsınız. Heç bilmirsiniz ki, әlverişli fürsәt olduqda, xaricdәn dә tәhrik etmәk üçün barmaq uzatsalar, beş-altı yüz kürd atlısı bu şәhәri bircә günün içәrisindә alt-üst edәr. Siz әsla özünüzü, vәtәninizi qorumaq fikrindә deyilsiniz. Vәhşi düşmәn qarşısında özünüzü müdafiә etmәk üçün nә içәrisindә sığınıb otura bilәcәyiniz bir qala vә hasarınız var, nә dә ki, top-tüfәnginiz. Zaman da sizә bir ibrәt dәrsi verә bilmir. Şeyx Übeydullanın şölәlәndirdiyi fitnә odu dünәn bu şәhәrin әtrafında yaşı da, qurunu da yandırıb, külә çevirdi. Bu gün isә siz öz nazәnin әl-ayağınızı yumşaltmaqla mәşğulsunuz vә arvadlara xas olan bir iş üçün gününüzün yarısını hamamda keçirirsiniz.”

Kişi bu sözlәrin cavabında dedi:

“Mәlum oldu ki, sәn әrәbsәn. Ancaq özünü göstәrmәk üçün qәribә yer tapmısan! Yaxşı deyiblәr: "Qürbәtdә boy demәk, hamamda özünü çәkmәk". A kişi, bәs sәn özün hansı millәtә oxşayırsan?...”

Buradaca söhbәti kәsdim. Ürәyim sıxıldı. Dәllәyi sәslәdim. "Lәbbeyk" deyә cavab verdi. Az sonra bir qulyabanının qarşımda dayandığını gördüm. Hamama daxil olduğum zaman buxarın qatılığından onu yaxşı görә bilmәmişdim.

“Usta, mәnә azacıq sabun ver, özüm yuyunaram. Amma sәnin haqqını tamam-kamal verәcәyәm. Mәnә kisә-sabun çәkmәk lazım deyil.”

Dәllәk getdi, az sonra bir parça sabun gәtirdi. Çarhovuzun soyuq suyu ilә iki-üç dәfә sabunlandım. Qәlyan da gәtirdilәr, çәkmәdim. Yusif әmi dә xәznәdә yuyunub gәldi. İkimiz dә hamamdan çıxdıq. O gün bütün günümüz hamamda keçdi.

Sabahısı gün şәhәri gәzmәk üçün bazara çıxdıq. Yusif әmi karvansaranın yanındakı corabçı dükanını gördükdә dedi:

“Corabım yoxdur, buradan iki cüt corab almaq istәyirәm.”

“Necә istәyirsәn elә dә elә,” -- dedim.

Yusif әmi özü üçün corab almağa başladı. Mәn dә dükanın sәkisindә oturdum. Qarşımda bir әttar dükanı gördüm. Tәxminәn on yeddi-on sәkkiz yaşlarında olan gözәl bir oğlan dükanda dayanmışdı. Müştәrilәr milçәk kimi onun dövrәsinә toplaşmışdılar. Biri getmәmiş o birisi gәlir, ancaq elә bir әhәmiyyәtli şey almırdılar. Aldıqları şeyin qiymәti bir abbası, iki şahı, bir şahı idi. Mәlum oldu ki, bunların başqa dәrdi var. Cavan oğlan da xüsusi bir әda ilә onlara mehribanlıq göstәrir vә hamı ilә gülәrüzlә rәftar edirdi. Nә başınızı ağrıdım, dükanda müştәri әlindәn iynә salmağa yer yox idi. Öz-özümә dedim: "Aydındır ki, şәkәr satanın müştәrisi bol olar". Gördüm әlindә kağız-qәlәmi olan bir nәfәr dә corabçı dükanının yanında oturub, hey oğlanın üzünә baxıb nә isә yazır. Rәssam olduğunu vә oğlanın şәklini çәkdiyini güman etdim. Çünki Avropada mәşhur rәssamlar gözәl qızların şәklini çәkib, fırçalarının yaratdığı ecaza görә haman şәkillәri baha qiymәtә satırlar. Öz-özümә fikirlәşdim: "Nә yaxşı ki, burada da o cür rәssam tapılır". Hәtta sevindim dә. Corab satan qoca kişiyә dedim:

“Әmi, bu rәssamın adı nәdir?”

“Oğul, hansı rәssam?” -- dedi.

Dedim:

“O cavan әttarın surәtini çәkәn kişini deyirәm.”

Qoca gülәrәk dedi:

“Әziz oğul, rәssam tәsәvvür etdiyin kişi şairdir. O oğlana şer qoşur. Arsız şairlәr mәni kәsbkarlıqdan qoyub, cana gәtiriblәr. Hәr saat biri gedir, o biri gәlir. Bu cavana tamaşa etmәyi bәhanә edәn xeyirsiz, әxlaqsız müştәrilәr mәnim dükanımın sәkisini bir dәqiqә dә boş qoymurlar. O qәdәr әziyyәt verirlәr ki, lap hövsәlәdәn çıxıram. Bilmirәm neylәyim. Bu adamların üzündә hәyadan bir әsәr belә qalmamışdır.”

“Bu cavan kimdir?” -- deyә soruşdum.

“Bu oğlanın adı Qulamәli bәydir,” -- dedi. -- “Bir az gözәl olduğuna görә bütün bu şәhәrdә ad çıxarıb, hamı onu barmaqla göstәrir. Sanki bütün şәhәr әhli onun gözәlliyinә mәftun olmuşdur.”

Tәәccüb elәyib dedim:

“Bәs bu cavan necә, o da әxlaqsızdır?”

“Allah elәmәsin,” -- dedi. -- “Olduqca qeyrәtli cavandır. Başını aşağı salıb öz işini görür, yaxşı da sәrmayәsi var, heç nәyә ehtiyacı yoxdur.”

“Bәs bu hangamә nә üçündür?”

“Arsızlıq, işsizlik üzündәndir,” -- dedi. -- “Bu şәhәrdә haraya getsәn görәcәksәn ki, sәhәrdәn axşamadәk bu cavan haqqında danışırlar. Gecәlәr hәr yerdә neçә nәfәr bir yerә toplaşaraq şam işığında oturur vә bu cavandan söhbәt edirlәr. Cavan isә onlarla әsla maraqlanmadan öz evindәcә rahat oturmuşdur.”

Dedim:

“Әmican, biz qәribik, bu şәhәrә tәzә gәlmişik. Sizin şәhәrin gәzmәli, tamaşalı yeri haradır?”

“Oğlum, şәhәrin içәrisi elә bu gördüyün kimidir. Gәzinti yeri isә darvazadan kәnardadır ki, orada hәr tәrәfi sәfalı vә yamyaşıl bağlar bürüyüb, xüsusilә yazda qızıl güllәr çiçәklәnәndә şәhәrin kәnarı cәnnәt kimi olur. Amma indi heç bir şey yoxdur. Qışın şaxtası bağı-çәmәni soldurmaqla bәrabәr, bizim lap sümüyümüzün iliyinә işlәmişdir. İndi hәr halda küçәlәrdә vә Bazarçayda gözәl görmәli imarәtlәr var.”

“Bazarçay hansı tәrәfdәdir,” -- deyә soruşdum.

“Bu bazardan kәnara çıxıncaya qәdәr düz gedin, orada sulu bir arx görәcәksiniz. Arx boyu üzü yuxarı getsәniz ermәnilәr mәhәllәsinә çatacaqsınız. Ora da tamaşalıdır.”

Corab satan qoca kişi ilә söhbәtimiz qurtardığı üçün Yusif әmi onunla hesablaşdı. Sonra vidalaşdıq vә gәzә-gәzә o tәrәfә yollandıq. Qarşımıza böyük bir xiyaban çıxdı. Xiyabanı başa çatdıqda bir qәbristan gördük. Bir fatihә oxuyub keçdik. Başqa bir küçәyә gәlib çatdıq. Burada get-gәl elәyәnlәrin çoxu ermәni idi. Mәlum oldu ki, bura ermәni mәhәllәsidir. Bir az irәli getdik. Gördük xırda bir imarәtin qapısı üstündә asılan kiçik bir lövhәnin üstündә ingiliscә "mәtbәә" sözü yazılıb. İngilis dilindә yazılmış bu lövhә, hәm dә "mәtbәә" adı mәni tәәccüblәndirdi. Öz-özümә dedim: "Bah, mәtbәә ... burada mәtbәә nә gәzir". Doğrusu inanmadım. Gözlәrimi yumub, barmağımla bir qәdәr ovuşdurdum, sonra daha geniş açıb bir qәdәr baxdım. Xeyr, mәtbәәdir ki, mәtbәәdir. Yaxına gedib, orda duran bir ermәnidәn soruşdum.

“Burada nә işlә mәşğuldurlar?”

“Kağız gәtirmisәn?” -- deyә soruşdu.

Bildim ki, mәni başqası ilә dәyişik salmışdır.

“Bәli, dedim,” -- gәtirmişәm.

“Özü bayıra çıxdı, bu saat gәlәr. Amma adamı buradadır. İndicә deyәrәm açarı gәtirәr.”

Getdi. Az sonra başqa bir ermәni ilә gәldi:

“Kağız gәtirmisinizmi?”

“Bәli,” -- dedim.

Sonra mәlum oldu ki, bunlar elә güman elәyiblәr ki, biz tacirik. Satmaq üçün Tәbrizdәn buraya kağız gәtirmişik. Onların da kağıza çox ehtiyacı var imiş.

Nә isә, mәtbәәnin qapısını açdılar. İçәri girdik. Gördüm bir tәrәfdә çoxlu cildlәnmiş kitab yığıblar. Başqa tәrәfә hәlә cildlәnmәmiş kitablar düzmüşlәr. Ermәnilәr heç xәyallarına belә gәtirә bilmәzdilәr ki, bir müsәlman ingiliscә bilsin. Ona görә dә mәn kitablardan bir neçәsini götürüb, savadsız adamlar kimi onlara baxır, baş-ayaq tutduğum halda onları o tәrәf-bu tәrәfә çevirirdim. Gördüm hamısı sair dinlәri rәdd etmәk mәqsәdilә yazılmış protestant kitablarıdır.... Mәn bilmirәm İran dövlәti min cür fitnә-fәsad mәnbәyi olan bu alçaq tinәtli ünsürlәri ölkәyә nә üçün buraxmış, belә bir sәrbәstlik vermәklә, onları müsәlman vә xaçpәrәst nadanlara nә üçün müsәllәt etmişdir. Bunlar Amerika vә İngiltәrәdәn buraya gәlib, avam xalqın zehnindә fәsad toxumu әkir.... Bu dәrd dә mәnim başqa dәrmansız dәrdlәrimin üstünә gәldi. Gözlәrim kәllәmә çıxdı. Onlara dedim:

“Daha bu vaxta qәdәr gәlmәdilәrsә, gәlmәyәcәklәr. Bizim dә işimiz var, başqa bir vaxt gәlәrik.”

Bu vaxt mәtbәәnin qabağında bizә rast gәlәn ermәni yaxınlaşıb qulağıma dedi:

“Bir hәftәdir ki, mәtbәә işsiz qalıb. Kağızları yoxdur. Sayıq ol ki, ucuz satmayasan. Ancaq sövdanız baş tutsa bu qulluq әvәzinә mәnә bir tümәn әnam vermәlisәn.”

“Sәndәn çox razıyam, eybi yoxdur, verәrәm,” -- dedim. Oradan qayıdıb mәnzilә gәldik. Dalandar mәnә yaxınlaşıb gülә-gülә dedi:

“Ağa, afәrin sizә, nә tez tapdınız?”

“Nәyi tez tapdım,” -- deyә soruşdum.

Dedi:

“Elә bilirsiniz ki, corab almaq bahәnәsilә Kәrbәlayi Mәmmәdqasım corabçının dükanında әylәşib, Qulamәli bәyin camalını seyr etmәyinizdәn xәbәrim yoxdur? Nә eybi var, ağa, nә üçün gizlәdirsiniz, biz dә dәrd әhliyik.”

Fikirlәşdim ki, bu axmaq kişiyә nә söylәsәm faydasız olacaq. Dinmәdim. Öz-özümә dedim: "Qәribә alәmdir, elә bil, bu şәhәrin әhalisi bütünlüklә dәli olub. Haraya gedirsәn o gözәl oğlanın söhbәtidir. Qoca da, cavan da onun barәsindә fikirlәşir. Dünyada heç bir şeydәn xәbәrlәri yoxdur. Mәişәt elmindәn bir nöqtә belә oxumamışlar. Әsla bilmirlәr ki, o böyük ulu yaradan onları bir-birlәrinә yardım göstәrmәk üçün yaratmışdır. Tәbiәtin qanununa görә, kişilәr kişilәri deyil, qadınları sevmәlidirlәr. Bilmirәm nә üçün bu alçaq tәbiәtlilәr öz çirkin hәrәkәtlәrindәn utanmır, hәtta onların mәqsәdlәrindәn әsla xәbәri olmayanları da hәyasızcasına öz tayları hesab edirlәr. Gәrәk bәla nazil olmadan әvvәl bu Lut tayfasının arasından tez qaçıb gedәk. Yoxsa yaş da quru oduna yanar."

Buradan da Tәbrizә doğru sәyahәtә hazırlaşdıq.

davamı
XS
SM
MD
LG