Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:15

Baharın 60 anı «Abşeron»a gəldi


«Mən Bakının gecələrini çəkməyi çox xoşlayıram. Təzələnən Bakının gecə mənzərəsi adama həzz verir»

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramına fotojurnalist Rüstəm İsmayılov söylədi.

BAHARIN 60 ANI?


Aprelin 14-də «Abşeron» Rəsm Qalereyasında «Baharın 60 anı» adlı sərgisi açılan Rüstəm İsmayılov AzadlıqRadiosunun: «Sərgini niyə «Baharın 60 anı» adlandırdınız» -sualını belə cavabladı: «Bakının gecə-gündüz mənzərələrini, mədəni həyatını- teatr aləmini, rəssamlığını və s. əks etdirən 60 şəkli fəslə uyğun olaraq seçib nümayiş etdirmək qərarına gəldik».

ŞƏKİLLƏR YAZ QOXULUDUR

R.Ismayilov şəkilləri əsasən bu yaz çəkdiyini deyir: «Lap az hissəsi qışın bitdiyi, yazın ilk nəfəsinin duyulmağa başladığı anlara aiddir».

7 ildir «Azpress.az» saytında çalışan gənc fotoqraf burada sənətin sirlərinə yiyələndiyini vurğulayır: «Müəllimim Rasim Sadıqov olub. Fotoqrafiyanın incəliklərini ondan öyrənmişəm».

«TÜRKMƏN GÖZƏLİ»Nİ SƏRGİ SALONUNDA TAPDIM


Sərgilənən fotoların mövzularını müxtəlif məkanlarda tapdığını deyən R. İsmayılov bir şəklin- «Türkmən gözəli» kompozisiyasının tarixçəsini də anlatdı: «Muzey Mərkəzində Türkmənistan sərgisi keçirilirdi. Orada bir türkmən gözəli məni cəlb elədi. Milli paltarda nümayiş olunurdu. Çəkiliş aparıb onu fotoaparatın yaddaşına köçürdüm».

AZƏRBAYCANI QARIŞ-QARIŞ GƏZMƏK FİKRİNDƏYƏM

Bu, hələlik ancaq Bakı ilə məhdudlaşan gənc fotoqrafın ilk fərdi sərgisidir. «Bundan əvvəl «Abşeron» Rəsm Qalereyasının buraxdığı «Azərbaycan deyəndə» toplusunda ölkənin bir çox tanınmış foto ustaları ilə birgə mənim də Bakıya aid çəkdiyim şəkillər verilmişdi. Sonra elə bu qalereyadan mənə sərgi təşkil etmək təklifi gəldi. Gələcəkdə xüsusi layihə çərçivəsində Azərbaycanı qarış-qarış gəzib fotonun yaddaşına köçürmək fikrindəyəm».

Xatırladaq ki, «Baharın 60 anı» sərgisi Bakı şəhər Gənclər və Idman Baş İdarəsinin və «Abşeron» Rəsm Qalereyasının təşəbbüsü ilə baş tutub.

Sərgi aprelin 18-dək davam edəcək.
XS
SM
MD
LG