Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlarda Ermənistanın nə dərəcədə səmimi olub-olmamasını müəyyənləşdirməyə çalışır. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyir ki, son danışıqlarda Ermənistan ortada olan təklifləri müzakirə etmək üçün vaxt istəyib. Hazırda Bakıda Yerevanın bu vaxtı hansı niyyətlə istədiyi təhlil edilir: «Aparılan təhlil ondan ibarətdir ki, biz Ermənistanın siyasi baxımdan vaxt udmaq istəmədiyinə əmin olaq. Çünki, qarşıdan parlament və prezident seçkiləri gəlir. Eyni zamanda, ölkə ictimaiyyətinin bu razılaşmanı qəbul edib-etməməsi məsələsi də var».
Cənab Məmmədyarov gələn il yanvarın sonunda Azərbaycan və Ermənistan prezidentlərinin görüşəcəyini istisna etmir. O, deyir ki, nazirlərin növbəti görüşünün vaxtı barədə tərəflərə ATƏT-in münaqişə ilə məşğul olan həmsədrləri məlumat verəcəklər.
Azərbaycan prezidenti İlham Əliyev ermənistanlı həmkarı Robert Koçaryanla sonuncu dəfə bu il noyabrın 28-də Minskdə Dağlıq Qarabağ münaqişəsinin həlli barədə danışıqlar aparıblar. Vasitəçilik edən ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə yanaşı, görüşdə ATƏT-in indiki sədri, Belçikanın Xarici İşlər naziri Karel de Quxt və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da iştirak ediblər.