«Artıq Naxçıvan özü özünü elektrik enerjisi ilə təmin edəcək». Dekabrın 20-də Naxçıvana gələn prezident İlham Əliyev Muxtar Respublikada 87 meqavatlıq Modul Tipli Elektrik Stansiyasının açılışında belə deyib. Onun sözlərinə görə, 50 meqavatlıq Qazturbin stansiyasının yenidən qurulması və 4,6 meqavat gücündə olan Vayxir SES-in inşasının başa çatması Naxçıvanın enerji imkanlarını daha da artıracaq.
Daha sonra cənab Əliyev yeni inşa edilmiş Diaqnostika Mərkəzinin açılışına qatılıb. O, ölkədə bu cür mərkəzlərin inşasının vacib olduğunu bildirib. Prezidentin sözlərinə görə, belə mərkəzlərin regionlarda tikilməsi əhalinin paytaxta axınını azaldacaq. Ölkə başçısı Diaqnostika mərkəzlərinin Azərbaycanın daha 10 regionunda inşa ediləcəyini də bəyan edib.
İlham Əliyev Naxçıvanda həmçinin keçmiş prezident Heydər Əliyev muzeyi və 792 yerlik 7 saylı məktəbin açılışlarında da iştirak edib.