Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 23:37

«Azadlıq» qəzetinin əməkdaşı döyüldü


Nicat Dağlar xəstəxanaya yerləşdirilib, 25 dekabr 2006
Nicat Dağlar xəstəxanaya yerləşdirilib, 25 dekabr 2006

«Azadlıq» qəzetinin əməkdaşı, mətbuatda Nicat Dağlar imzası ilə tanınan Nicat Hüseynov dekabrın 25-də evdən işə getmək istəyərkən yaşadığı binanın yaxınlığında dörd naməlum şəxs tərəfindən fiziki zorakılığa məruz qalıb. Hazırda o, Musa Nağıyev adına xəstəxanaya yerləşdirilib.


Bu haqda «Azadlıq» radiosuna «Azadlıq» qəzetinin icraçı direktoru Azər Əhmədov məlumat verib. Onun sözlərinə görə, həmin naməlum şəxslər Nicat Hüseynovun başına və bədənin müxtəlif hissələrinə zərbələr endirdikdən sonra onu bıçaqlamaq istəyiblər. Ancaq, jurnalistin dəri gödəkcəsi qalın olduğundan bıçaq dərinə işləməyib.


«Həmin anda yaxınlıqda olanlardan biri əməkdaşımızın köməyinə çatıb. Onu görən naməlum şəxslər ərazidən uzaqlaşıblar. Nicat həmin adamlardan birini müxtəlif vaxtlarda dayanacaqda gördüyünü deyir. Görünür, izlənirmiş».


Azər Əhmədov Nicat Hüseynovun məhz yazılarına görə, fiziki zorakılığa məruz qaldığını iddia edir. İcraçı direktor deyir ki, Nicat Hüseynovda güclü baş gicəllənməsi, ürək bulanması var və o, istəməsə də, təcili tibbi yardım həkimləri jurnalistin xəstəxanaya aparılmasında təkid ediblər.


Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinə, eləcə də Nəsimi Rayon Polis İdarəsinin 19-cu bölməsinə məlumat verilib.


Bİr neçə aydır «Azadlıq» qəzetində köşə yazıları ilə tanınan Nicat Dağlar əvvəllər «Bakı Xəbər» qəzetində çalışıb.


Bu ilin əvvəllərində «Azadlıq» qəzetinin daha bir əməkdaşı Fikrət Hüseynli və «Bizim Yol» qəzetinin redaktoru Bahəddin Həziyev də naməlum şəxslər tərəfindən fiziki zorakılıqla üzləşiblər. Bununla bağlı cinayət işi qaldırılsa da, istintaq heç bir məlumat vermir.


Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Ehsan Zahidov bildirir ki, jurnalistlərlə bağlı cinayət işləri Nazirliyin nəzarəti altındadır: «Əgər Nicat Hüseynov həqiqətən də döyülübsə və polisə bu haqda məlumat veribsə müvafiq tədbir görülək».



XS
SM
MD
LG