Keçid linkləri

2025, 30 Aprel, çərşənbə, Bakı vaxtı 21:39

Təbrizin millət vəkili tarixi abidələrin məhv olunmasına etiraz edir


Təbrizdə «Ərk» qalası hasarlanıb
Təbrizdə «Ərk» qalası hasarlanıb

İran parlamentində Təbriz, Üskü və Azərşəhr (Tufarqan) əhalisini təmsil edən Əkbər Ələmi ölkənin Daxili İşlər nazirinə İran Azərbaycanının tarixi abidələrinə lazımi diqqət yetirilmədiyinə görə etiraz edib. Yanvarın 7-də İran Məclisində çıxış edən Əkbər Ələmi dövlətin biganəliyi ucbatından İran Azərbaycanında bir çox tarixi abidələrin məhv olunduğunu deyib. Xüsusilə Təbrizdəki Ərk qalasını qeyd edən Əkbər Ələmi bildirib ki, həmin abidə sadəcə biganəliyin deyil, sistematik təcavüzün qurbanına çevrilib. Belə ki, son illərdə Ərk qalasının ətrafında gedən tikintilər onun dağılmasına rəvac verir.


Bir neçə il öncə Ərk qalasının düz dibində namazxana inşa ediləndən bəri abidəyə turistlərin yolu kəsilib. Bundan əlavə, abidə ətrafında gedən tikintilər, onun özülünə ziyan vurduğundan son zamanlar qalanın kərpiclərinin tökülməsinə gətirib çıxarıb.


Əkbər Ələmi, Ərk qalasının həm tarixi əhəmiyyətini, həm də turistlər üçün maraq kəsb etdiyini vurğulayaraq, İran hökumətinin Azərbaycan vilayətlərinə turist axınını gücləndirmək üçün heç bir addım atmadığından da şikayətlənib.


Əkbər Ələminin sorğusuna cavab verən Daxili İşlər naziri Purməhəmmədi ölkənin Şərqi Azərbaycan vilayətinə qayğısının artmasına misal olaraq vilayətin büdcəsinin son ildə 2.5 dəfə artdığını qeyd edib. Ərk qalasına gəlincə isə Purməhəmmədi məsələnin Təbrizin icra strukturlarının səlahiyyətlərinə aid olduğunu və onlara müraciət edilərsə, problemin həll ediləcəyini deyib.


Əkbər Ələmi bu cavabın onu qane etmədiyini bildirib. O, bildirib ki, Azərbaycanın tarixi abidələrinin acınacaqlı vəziyyəti cavabın qeyri-səmimi olmasına dəlalət edir. Təbrizin icra strukturları qarşısında məsələni hələ 2006-cı ilin aprelində qaldırdığını bildirən Ələmi deyib ki, “əgər problemi həll etmək niyyətiniz olsaydı, bir tədbir görər, heç olmasa, naşı mühəndislərin səhvləri ucbatından abidəyə dəymiş ziyanı aradan götürər və ətrafındakı hasarları götürərdiniz”.


XS
SM
MD
LG