Sahibkarlara lazımı şərait yaradıldığı bildirilsə də, bəzən elə hallar olur ki, iş adamları bir sıra ciddi problemlərlə üzləşirlər. «Şəffalıq»ın bu dəfəki qonağı da Rusiyadan mal gətirən, amma onu hələ də gömrükdən keçirə bilməyən «Sirdaş» MMC-nin rəhbəri Bədrəddin Quliyevdir. Dekabrın 17-dən onun 20 tona yaxın kolbasa məmulatları Samur Gömrük Keçid Məntəqəsindən buraxılmır. Malın gömrükdə saxlandığı müddətdə sahibkar müxtəlif ünvanlara müraciət etsə də, heç birinə müsbət cavab ala bilməyib.
Bədrəddin Quliyev deyir ki, görüşdüyü adamların əksəriyyəti ona bu məhsulun hakim ailəyə yaxın olan bir məmurun inhisarında olduğunu bildiriblər. Malın saxlandığı Xaçmaz Gömrük İdarəsinin Samur Gömrük Keçid Məntəqəsində isə yaranmış vəziyyəti malın sənədlərində çatışmazlıqların olmasıyla izah edirlər.