Azərbaycanda hakimiyyəti tənqid edən, yaxud korrupsiya hallarını üzə çıxaran jurnalistlər daha çox həbs və repressiya riski ilə üzləşirlər. Bu fikirlər «Amnesty International» insan haqları təşkilatının Azərbaycan haqqında yaydığı sənəddə yer alıb. Təşkilatın yaydığı hesabatda deyilir ki, Azərbaycanda jurnalistlər yalnız hökumətin siyasətinə uyğun fikir söyləməkdə azaddırlar. Təşkilata görə, Azərbaycanda söz azadlığı sahəsində vəziyyətin pisləşməsinə səbəb hökumətin demokratik islahatlardan çəkinməsidir. Təşkilat hesab edir ki, Azərbaycan Gürcüstan və Ukraynada olduğu kimi siyasi dəyişikliklər həyata keçirməkdən qorxur.
Hesabatda jurnalistlərə son təzyiqlər kimi «Azadlıq» qəzetinin müxbiri Nicat Dağların döyülməsi, həmin qəzetin əməkdaşı, satirik şair Sakit Zahidovun narkotik maddə saxlama ittihamıyla həbsi göstərilir.
«Amnesty International» Azərbaycan hökumətini jurnalistlərə hücumları araşdırmağa, böhtana görə, azadlıqdan məhrumetməni nəzərdə tutan cəzanı Cinayət Məcəlləsindən çıxarmağa çağırır.