Fevralın 9-da Kosovonun şimalında – Kosovska Mitrovitsa şəhərində minlərlə serb nümayişə çıxaraq, əyalətin gələcək statusu ilə bağlı BMT-nin planına etiraz bildiriblər.
Nümayişçilər əyalətin müstəqilliyinə qarşı şüarlar səsləndirib, Rusiyanı BMT-nin Təhlükəsizlik Şurasında bu plana veto qoymağa çağırıblar.
Fevralın 10-da isə minlərlə Kosovo albanı muxtar vilayətin paytaxtı – Priştinada yürüş keçirərək Serbiyadan tam müstəqillik tələb ediblər.
«Reuters» agentliyi xəbər verir ki, BMT nümayəndəliyinə aparan yolu kəsən polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.
Əyalətin statusu ilə bağlı serblərlə albanlar arasında danışıqlar fevralın 21-də başlanmalıdır.