Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:58

Ölmək də bahalaşır…


Azərbaycan qəbiristanlıqlarında kimin varlı, kimin kasıb olduğu dərhal bilinir
Azərbaycan qəbiristanlıqlarında kimin varlı, kimin kasıb olduğu dərhal bilinir

El arasında deyirlər ki, bu dünyada insana beş metr kəfən və bir qarış da torpaq qalır. Ancaq, həmin o bir qarış torpaq ölü sahibinə heç də ucuz başa gəlmir. Bakının müxtəlif yerlərindəki qəbiristanlıqlarda müxtəlif qiymətlər mövcuddur. Həmin torpaq sahəsi ətraf qəsəbələrdə 500 dollardan başlayıb 5 min dollarda yekunlaşır.


«Biləcəri qəbiristanlığını özəlləşdiriblər»


«Elə min dollar qəbir haqqı alırlar. Baş daşı ilə birgə 5 min dollar tələb olunur…» Bu yaxınlarda anasını itirmiş Rəsul deyir ki, yaxınlarını dəfn etdiyi Biləcəri qəbiristanlığında yerin kvadratmetri 100 manata satılır: «Biləcəri qəbiristanlığını özəlləşdiriblər. Bir metrin uzunluğu 500 dollara satılır. Qəbiristanlıqda yer almaq problemdir».


Şəhərin başqa bir tərəfində yaşayan Lətif Abbasov isə anasını iki il öncə itirib. Günəşli qəbiristanlığında anasını dəfn etmək üçün 200 dollar ödəyib. Cümə axşamında anasını ziyarət etməyə gələn Lətif deyir ki, bu qəbiristanlıqda qiymətlər son iki ildə bir qədər də bahalaşıb. Qəbiristanlığın nisbətən yaxşı yerində qiymət iki dəfə artır-500 dollar, daha yaxşı yerdəsə 1000 dollara.


Qəbrin kvadratmetri 500-1000 dollar arasında dəyişir


Düzdür, daha ucuz qəbir yerləri də tapmaq olar, məsələn, Sulutəpə və ya Xırdalan şəhərinin qəbiristanlıqlarında. Amma, bunun da «əmması» var. Həmin qəbiristanlıqlarda əlavə yer götürmək mümkün deyil. Atasını yaxınlarda itirən Bayram Bayramov deyir ki, dərdinin üstünə bir dərd də gəlib, o atasının yaxınlığında anasını dəfn etmək üçün yer götürə bilməyib. İndi istədiyi odur ki, birtəhər həmin yerdə balaca bir ərazi götürsün və anasının vəsiyyətini yerinə yetirsin…


Badamdar qəsəbəsində, köhnə qəbiristanlıqda isə təkcə qəbrin kvadratmetri 500-1000 dollar arasında dəyişir. Amma, nə Günəşli, nə də köhnə Yasamal qəbiristanlığında rəsmilərdən heç kimlə danışa bilmədim. Hərə bir bəhanə ilə aradan çıxdı.


İslamda təmtəraqlı başdaşı ucaltmaq haramdır


Torpaq haqqından başqa ölü sahibinə baha başa gələn məzar daşlarıdır. Bayram dayı deyir ki, o atasını dəfn edəndə köhnə baba-dədə qaydasına sadiq qalıb: «Bir yadigar kimi başdaşı qoydum. Əvvəla güc çatmır. İmkan olsa qızıldan yapdırardım».


Əksər dindarların qənaətincə, islamda məzarın üzərində təmtəraqlı başdaşılar ucaltmaq haramdır. İslama görə, qəbir torpaqdan dörd barmaq hündür olmalı, üzərinə sadə nişangah qoyulmalı və adı-soyadı da burda qeyd edilməlidir. Bakıdakı Hacısoltanəli məscidinin axund müavini Mürşüd Orucəliyev deyir ki, son illər Bakıdakı dəb rayonlara da gedib çıxıb. Başdaşı kimi sinə daşını da qara mərmərdən qoydururlar: «İldə bir yağış yağar-«nuri-Məhəmməd». Mayın 18-dən 22-dək yağmalıdır. Qəbrə düşən bu damla günahları bağışlar… Təəssüf ki, ölünün üstünə qoyulan sinə daşı həmin damlanı onun yatdığı torpağa qarşımasına imkan vermir. Bu islamda haramdır. Yalnız, bir nişangah olmalıdır ki, adı yazılsın. Ancaq baxırsan ki, 100-200 min dollarlıq başdaşı qoyulub».


Qəbir yeri kimi başdaşılarının da qiyməti dəyişir. Qiymətlər 400 dollardan başlanır. Lətif Abbaosov: «Hər cürə başdaşı var. Mən 450 dollara düzəltdirdim. 10 minə, 20 min dollara da düzəldirlər. Vallah lazım deyil…»


Çörəyi başdaşılardan çıxanlar


Köhnə qəbiristanlığın yaxınlığındakı abidə sexindəsə sifarişçinin önünə başdaşılarla bağlı kataloq qoyulur. Ölüsünə, dizaynına, rənginə, işlənməsinə görə çeşid-çeşid. Burdasa qiymətlər 800 dollardan başlayır. Ortabab bir başdaşı isə 2000-3000 dollara başa gəlir. Dərhal da əlavə edirlər ki, burda başqa sexlərlə müqayisədə başdaşılar da nisbətən ucuzdur.


Bahalı qırmızı daşda qəzaya uğramış cavan oğlanın rəsmini həkk edən Ceyhun deyir ki, bu iş 3-4 günə başa çatacaq. Amma, sifarişçi bəyənməsə, rəsmi xüsusi texnologiya ilə silib yenisini döyməlidir. Ceyhunun sözlərinə görə, sifarişçilər əsasən qara mərmərə üstünlük verirlər. Ötən əsrin ortalarına adi ağ daşdan hazırlanan başdaşıları isə unudulmaqdadır. Bu üzdən onlar da həmin daşları almağa həvəsli deyillər.


Bakıda bir neçə abidə sexində olarkən başa düşdüm ki, əslində, çörəyi başdaşılardan çıxanlar da təmtəraqlı sifarişlərin əleyhinədirlər. Mərmər cilalayan Ceyhun Xudaverdiyev deyir ki, Azərbaycan qəbiristanlıqlarında kimin varlı, kimin kasıb olduğu dərhal bilir. Adam var illərdi qəbrin üstünü düzəltdirə bilmir, adam var az qala imarət qurdurur…

Mərmər cilalayan Ceyhun Xudaverdiyev
Hərçənd Ceyhun onu da əlavə edir ki, bəzən mərhumun varisləri kasıb olsalar belə el-obanın töhməti ilə üzləşməmək üçün borc-xərc götürüb qara mərmərdən başdaşı düzəltdirirlər.


Elə yas məclisi var ki, 50 min dollara başa gəlir…


Hə, indi də gələk başqa xərclərə. Təkcə çadırın bir günü üçün qiymətlər 300-500 manatdır. Amma, burada da çadırla bərabər müxtəlif xidmətlər təklif olunur ki, bunlar bu hökmən qiymətə təsirini göstərir. Misal üçün, çadırın qurulub-sökülməsi, qızdırılması, stolu-stulu, qab-qacağı, yasa gələnlərə xidmət də, ehsan məclisinin biş-düşü də bura əlavə olunanda qiymətlər dəyişir: «Çadırın bir günü 150-180 «şirvan»adır. Ucuzu 80 «şirvan»adır». Belə yas məclislərindən birində xidmət göstərən Yavər deyir ki, ortabab məclisi ola vermək üçün 4-5 xidmətçi cəlb olunur.


Yavər deyir ki, bu cür məclislərdə, yəni hüzr sahibinin əlini ağdan-qaraya vurmadığı məclislərdə orda qab-qaşıqdan tutmuş ərzağına, ofisiantdan aşbazınadək özləri aparırlar. Adambaşına xidmət adi məclisdə 12-15 dollara başa gəlirsə, belə məclisdə qiymət də dəyişir. Adambaşına 20-30 manat alırlar. Elə olur ki, bir məclisdə bütün xidmətə görə 3-4 min dollar, elə məclis var ki, 50 min dollar verilir.


Ucar rayonundan olan Rəhimə xala deyir ki, rayonda «üç»ü, «yeddi»ni və «qırx»ı yola vermək 1000 dollara başa gəlir. «Plov, dolma, dovğa, qovurma… İndi kasıb-dövlətli yoxdur. Hamı eyni qadada verir». Amma şəhərdə yenə də qiymət dəyişir: «İndi çox sadə ehsan da 3-4 min dollara başa gəlir…»


Rəhimə xala deyir ki, şəhər yerindən bixəbərdir, amma, kənddə kimi qapısındakı mal-qarasını satır, kimi faizə pul götürür. Rəhimə xala onu da deyir ki, qonşu kənddə bir nəfər anasının ehsanında faiz götürübmüş və məclisi qaydasınca yola verdiyinə, üstəlik sələmi də vaxtında qaytardığına görə qurban kəsib…


Düzdür, son illər bəzi bölgələrdə yerli axundun göstərişilə «üç» və cümə axşamları ləğv olunub, sadəcə, «yeddi» və «qırx» verilir. Dindarların sözlərinə görəsə, əslində islamda yas sahibi ehsan verməyə də bilər və bu qayda Məhəmməd peyğəmbərdən qalır. Bəzi rayonlarda bu adət hələ də qalmaqdadır: «Dünyasını dəyişən şəxsin evində üç gün yemək bişməməlidir. Qonum-qonşu gətirməlidir».


Meyitin məscidə aparılması və gətirilməsi


Amma, ölünü yola salmaq bununla bitmir. Ölünün müsəlman qaydasınca yuyulub kəfənə tutulması üçün nə az-nə çox 44 manat lazımdır. Düzdür, məsciddə rəsmi qiymət 22 manatdır. Hacı Sultanəli məscidinin axund müavini Mürşüd Orucəliyev bu cür halların ola biləcəyini istisna etmir və deyir ki, bəzən xəstə insanın yuyulması üçün ayrıca haqq istəyə bilərlər: «Bu gün Bakıdakı bina evlərdə və ya şəraitsiz həyət evlərində ölünü yumaq qəliz məsələ olduğundan məscidə müraciət edirlər. Sadəcə, burda halallıq məsələsi də var. Qiymət qarşılıqlı razılaşma ilə olmalıdır».


Axund deyir ki, əslində islama görə, ölünü yumaq, kəfənə tutmaq, qəbir qazmaq üçün haqq almaq haramdır. Ancaq, 1940-cı illərdə ilk şeyxülislam Molla Qəni Axund minbərdən Bakı camaatına müraciət edib ki, kənddə-kəsəkdə hamı bir-birini tanıdığından bir-birinə əl tutur, yardım edirsə, böyük şəhərdə halallıq üçün bu işləri pulla gördürmək olar.


Beləliklə, meyitin məscidə aparılması və gətirilməsi üçün qiymət 50-150 manat arasındadır, məclisə dəvət olunan mollanın bir gününə 40-50 manat haqq ödənir. Belə məclislərdə tez-tez olan Yavər isə deyir: «Ölən canını qurtarır, yerdə qalanın tifağı dağılır».


XS
SM
MD
LG