Fevralın 24-də axşam saatlarında bir qrup naməlum şəxs «Gündəlik Azərbaycan» qəzetinin redaksiyasını yumurta və daşa tutub.
Özlərini Xocalı cəmiyyətinin üzvləri kimi təqdim edən 100-ə yaxın adam qəzetin redaktoru Eynulla Fətullayevin iki il əvvəl çap olunmuş «Qarabağ Gündəliyi» məqaləsində Xocalıların heysiyyətinə toxunduğunu bildiriblər. Bu cəmiyyət həmçinin eyni iddia ilə məhkəməyə müraciət etmək niyyətindədir.
Eynulla Fətullayev isə düşünür ki, iki il əvvəl yazdığı məqaləyə görə indi etirazlarla qarşılaşması əslində qəzetdə davamlı olaraq korrupsiya halları barədə yazdıqları ilə əlaqədardır.
Eynulla Fətullayev deyir ki, aksiya zamanı redaksiya əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi üçün Yasamal rayon Polis İdarəsinə, Bakı şəhər Baş Polis İdarəsinə və Daxili İşlər Nazirliyinə müraciət edib. Amma hadisə yerinə gec gələn polis yalnız vəziyyəti kənardan müşahidə etməklə kifayətlənib.
Baş redaktor bildirir ki, o, kömək üçün ATƏT-in Bakı ofisinə, ABŞ və Fransa səfirliklərinə də müraciət edib.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Ehsan Zahidov isə «Azadlıq» radiosuna bildirib ki, «Gündəlik Azərbaycan» qəzetinin redaksiyasına basqın edilməsi barədə onlarda məlumat yoxdur.