Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:10

Bəzi jurnalistlər İnsanovun məhkəməsinə yenidən buraxılmadılar


Mətbuat Şurası jurnalistlərin prosesə buraxılmasıyla bağlı məhkəməyə bir neçə təklif təqdim edib
Mətbuat Şurası jurnalistlərin prosesə buraxılmasıyla bağlı məhkəməyə bir neçə təklif təqdim edib

Martın 1-də yenə də bir qrup jurnalist keçmiş Səhiyyə naziri Əli İnsanovun məhkəməsinə buraxılmayıblar. Həmin jurnalistlər məhkəmədən İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatına üz tutublar. Hazırda jurnalistlərlə Ombudsman Aparatında müzakirələr davam etməkdədir.


Bu arada «Sərhədsiz Reportyorlar» Beynəlxalq Mətbuat Azadlığını Müdafiə Təşkilatı yenidən bəzi jurnalistlərin Əli İnsanovun məhkəməsinə buraxılmamasını pisləyən bəyanat verib. Sənəddə deyilir ki, keçmiş nazirin məhkəmə prosesinə yalnız hökumətyönlü media jurnalistlərini buraxıblar. «Sərhədsiz Reportyorlar»ın Avropa bölməsinin direktoru Elza Vidal: «Dövlət rəsmiləri qorxurlar ki, Əli İnsanovun hakim partiya və məmurlara qarşı bəyanatları Azərbaycanda geniş yayıla bilər».


Elza Vidal deyir ki, jurnalistlərin məhkəməyə buraxılmamasını araşdırmaq xahişi ilə «Sərhədsiz Reportyorlar» Azərbaycanın Mətbuat Şurasına müraciət edəcək.
Mətbuat Şurasının sədri Əflatun Amaşovsa hələ fevralın 22-də - ilk dəfə jurnalistlərdən bəzilərinin məhkəməyə buraxılmamasından sonra məhkəmə sədrinə, prosesi aparan hakimə məktub göndərdiyini bildirir: «Müraciətdən sonra bütün jurnalistlər məhkəməyə buraxılsa da, sonradan heç bir səbəb göstərilmədən yenidən qadağa tətbiq edilib».


Bundan sonra Mətbuat Şurası Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin sədrinə bir daha müraciət ünvanlayıb. Cənab Amaşovun sözlərinə görə, məhkəmədən ona bildirilib ki, jurnalistlərin bəzilərinin məhkəməyə buraxılmaması zalda əlavə yerlərin olmamasıyla bağlıdır.


Bundan sonra Mətbuat Şurası jurnalistlərin prosesə buraxılmasıyla bağlı məhkəməyə bir neçə təklif təqdim edib. Həmin təkliflərdən biri odur ki, vəsiqə tələb olunmadan yer dolana kimi jurnalistlər gəldikcə zala buraxılsınlar. İkinci təklifə görəsə məhkəməyə buraxılacaq jurnalistlərin siyahısını Mətbuat Şurası hazırlamalıdır. Cənab Amaşov deyir ki, bu günün sonuna qədər məhkəmə təkliflərə cavab verilməlidir.


XS
SM
MD
LG