Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:21

Abbas Lisani heç bir təşkilata mənsub olmadığını bildirib


“Amnesty International” Abbas Lisanini vicdan məhbusu hesab edir
“Amnesty International” Abbas Lisanini vicdan məhbusu hesab edir

Oktyabrın 31-dən bəri Ərdəbil zindanında saxlanılan İran Azərbaycanının tanınmış fəalı Abbas Lisani həbsxanadan yazdığı açıq məktubla bildirib ki, o, heç bir partiyaya və ya təşkilata bağlı deyil.


26 mart tarixində yazılmış bu məktub son günlərdə Ərdəbil və başqa Azərbaycan şəhərlərində geniş yayılıb. Bütün təşkilatlara hörmət bəslədiyi halda tam müstəqil olduğunu elan edən Lisani Azərbaycan dilində yazdığı məktubunu bu sözlərlə bitirir:


«...Mən yalnız Azərbaycanın türk millətinə bağlıyam».


İran azərbaycanlılarının milli və mədəni haqları uğrunda fəaliyyət göstərən 39 yaşlı cənab Lisani 1997-ci ildən başlayaraq dəfələrlə nəzarət altına alınıb, həbs və şallaq cəzasına məhkum edilib. O, 2005-ci il Babək qalası yığıncağı, 2005-ci il avqust ayı Məşrutə inqilabının ildönümü, Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasim və nəhayət 2006-cı ilin may ayında rəsmi qəzetdə dərc edilmiş karikaturalara etiraz nümayişlərində iştirak etdiyinə görə son 6 ay ərzində 4 dəfə mühakimə edilib, 30 ay həbs, 50 zərbə şallaq və 3 il sürgünə məhkum olunub. Onun başqa məhkəmələri də var və həbs müddəti daha da uzadıla bilər.


Abbas Lisani dəfələrlə qeyri-qanuni şəkildə həbs və mühakimə edilməsinə etirazını bildirərək aclıq elan etmişdi. O, həbsxanadan yazdığı bir neçə açıq məktubda İran azərbaycanlılarının milli və mədəni haqlarının yalnız dinc yolla əldə edilə bicəyinə inandığını bildirmişdi.


“Amnesty International” Beynəlxalq İnsan Hüquqları təşkilatı Abbas Lisanini vicdan məhbusu hesab edir.


XS
SM
MD
LG