Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 19:26

«Bu gün kitabla ən çox ünsiyyətdə olan tumsatanlardır»


Ələkbər Əliyev: «Portalımızın Azərbaycanda böyük reytinq qazanacağını gözləmirəm»
Ələkbər Əliyev: «Portalımızın Azərbaycanda böyük reytinq qazanacağını gözləmirəm»

Ötən həftə yeni mədəniyyət və incəsənət portalının http://www.kultura.az/saytının təqdimat mərasimi keçirildi. «Azadlıq» radiosunun suallarına sözügedən portalın baş redaktoru yazıçı Ələkbər Əliyev cavab verir.


-Öncə yaxından tanış olaq: Kimdir Ələkbər Əliyev?


-1978-ci ildə Bakıda doğulmuş bir şəxsəm. 8-ci sinfi bitirənədək 134 saylı məktəbdə oxumuşam. Sonra Türkiyəyə getmiş və orada həm orta təhsil almışam, həm də Mərmərə Universitetinin jurnalistika fakültəsində «ictimai əlaqələr» ixtisasına yiyələnmişəm. 2001-ci ildən Bakıya dönmüşəm. «Epataj» üslubunda yazıram. 2 romanım çapdan çıxıb, biri də nəşr olunmaq ərəfəsindədir. Estetikamı daha çox Rusiyada «Sorokovşina» adlanan yaradıcılıq tərzinə aid edirəm.


-Mədəniyyət və incəsənət portalını açmaq fikrinə necə düşdünüz?


-Keçən ilin sonunda Fransada Güney Qafqazın mədəniyyət ongünlüyü keçirilirdi. Azərbaycanı təmsil edənlər arasında rəssamlar Teymur Daimi, Çingiz Babayev, ünlü yazıçı Çingiz Hüseynov da vardı. Orda söhbətləşib bu qərara gəldik ki, belə bir portala ehtiyac var. Bakıya qayıdandan sonra Almaniyada çalışan bəstəkarlar Elmir Mirzəyev və Firidun Allahverdiylə razılaşdırıb saytı açdıq…


-Elektron ünvana daxil olduq… Nə görəcəyik və nə tapacağıq?


-Başqa domen açmaq istəyirdik. Amma əcaib görünən budur ki, sən demə, Azərbaycanda domenlərdə «kultura» sözündən indiyədək heç kəs yararlanmayıbmış. Buna fəlakət adı da qoymaq olar. Ora daxil olan görəcək ki, müxtəlif rubrikalarımız var: «kino», «teatr», «müəlliflər» və s. Xəbərlər də var. Əsasən eksklüziv materiallar oxumaq olar. Məxsusi müsahibələr hazırlamışıq: Yuri Başmetlə, Voynoviçlə… Çingiz Hüseynov artıq məqalələr yazmağa başlayıb. Bu gün-sabah professor Fərəc Qarayev, musiqişünas F. Fərhadov da müəlliflərimiz sırasına qoşulacaqlar. Ümumən Moskva cəbhəmiz son dərəcə sağlam görünür və Çingiz Hüseynovla bərabər mötəbər üçlük yarada biləcəklər.


-Təqdimat mərasimini indi keçirməniz hansı zərurətdən doğdu? Axı artıq müəyyən vaxtdır ki, portaldan yararlanmaq imkanı vardı…


-Tələsmək istəmirdik, əslinə qalsa, bir çox eksklüziv məlumatı demək olar ki, zay etdik. Adətən, həmişə belə olur, bir az sınaq, yoxlama aparmaq, hər şeyi ölçüb-biçmək, dəqiqləşdirmək, üstəlik, portalı zənginləşdirmək lazım idi. İndi MDB üzrə reytinqimiz 30-40 arasındadır. İlk vaxtlar 10-la 20 arasında var-gəl edirdik. Hətta 3 min giriş olan materiallarımız var… Medianın tanıtımından sonra yüksələn xəttin davam edəcəyinə əminik.


-Elektron formatda olan məlumatların doğru-dürüstlüyünə kim təminat verir? Başqa sözlə, oxuyacağımız məlumatların etibarlılıq dərəcəsini necə təmin edəcəksiniz?


-Şou-biznes deyil ki, qalmaqal yaradaq. Bu, çox ciddi bir saytdır. Orada yazılanlara yüz faiz zəmanət veririk. Hər müəllifin adının altında elektron poçt ünvanı da var, istəyən hər şeyi dərhal dəqiqləşdirə bilər.


-Azərbaycanın mədəni həyatına bu təşəbbüsün təsirini necə təsəvvür edirsiniz?


-Bizi Moskvada oxuyan olacaq. Gürcüstanda da oxuyacaqlar. Di gəl, portalın Azərbaycanda böyük reytinq qazanacağını gözləmirəm, çünki burada «mədəniyyət yoxdur» deyə bilərik. Bakıda vur-tut 3-4 kitab dükanı qalıbsa, buna nə ad vermək olar? Yeni Üzeyir bəy, yeni Qara Qarayev belə mühitdə necə yetişəcək? Şou-biznes və toyxana-meyxana estetikasının hökm sürdüyü Azərbaycanda kitabla ən çox ünsiyyətdə olan tumsatanlar deyilmi? Bu baxımdan saytımız alternativ mədəniyyətlərə, ciddi sənətə həmişə açıq olacaq. Başqa imkan qalmayıb, axı…


XS
SM
MD
LG