ATƏT-in Minsk Qrupunun həmsədrləri Qarabağ münaqişəsi ilə bağlı yeni təkliflər veriblər. Bunlar problemin həlli ilə bağlı Azərbaycanla Ermənistan arasında fikir ayrılığı yaradan iki əsas prinsipə aiddir. Həmsədrlər bu təklifləri Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin aprelin 18-də Belqradda keçirilən görüşündə irəli sürüblər.
Ermənistanın Xarici İşlər naziri Vartan Oskanyan «Azadlıq» radiosunun erməni xidmətinə deyib ki, görüş normal və konstruktiv atmosferdə keçib. Hətta bundan əvvəlki Cenevrə görüşündəkindən də normal axarda. Tərəflər əsasən, münaqişənin həlli ilə bağlı prinsiplərdəki fikir müxtəliflikləri üzərində dayanıblar: «ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəzi təklifləri vardı ki, bu fikir müxtəlifliyini necə aradan qaldırmaq olar. Biz onlara qulaq asdıq və bəzi qeydlər götürdük. Biz həmin qeydləri öz prezidentlərimizin diqqətinə çatdıracağıq. Həmsədrlər çox güman ki, regiona səfər edəcəklər və birbaşa prezidentlərin özləriylə görüşəcəklər ki, bu təkliflərə münasibətlərini öyrənsinlər. Və həmin görüşlərdən sonra həmsədrlər qərara alacaqlar ki, prezidentlərin görüşünü nə vaxt və harda təşkil etsinlər».
Azərbaycanın Xarici İşlər Nazirliyindən isə deyiblər ki, danışıqlar Praqa prosesi çərçivəsində davam edib. Tərəflər əsasən, iki fikir ayrılığı üzərində dayanıblar. Amma Ermənistan tərəfi kimi, Azərbaycan Xarici İşlər Nazirliyindən deməyiblər ki, üzərində dayanılan və həmsədrlərin haqqında təklif irəli sürdüyü məhz hansı fikir ayrılıqlarıdı.
Amma bu da məlumdu ki, Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov keçən il BMT-nin Baş Assambleyasındakı çıxışında deyirdi ki, tərəflərin razılaşmadığı iki prinsip var: Dağlıq Qarabağın statusu və Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması.