Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:17

«Azərbaycan elminin problemi elmi adların ucuzlaşmasındadır»


Akademik Cəlal Əliyev: «Gənclərin fundamental, təbiət elmlərinə axını azalıb»
Akademik Cəlal Əliyev: «Gənclərin fundamental, təbiət elmlərinə axını azalıb»

Aprelin 24-də Milli Elmlər Akademiyasının prezident seçkilərində iştirak edən akademik Cəlal Əliyev «Azadlıq» radiosuna müsahibə verib.


-Cəlal müəllim, Milli Elmlər Akademiyasının prezident seçkilərini necə dəyərləndirirsiniz?


-Lap yaxşı. Gördüyünüz kimi Elmlər Akademiyasının prezidenti yekdilliklə seçildi.


-Nəyə görə Akademiya prezidentliyinə məhz bir namizəd var idi? Seçkilər alternativsiz keçdi?


-Bu adətən belə olur. Prezidentliyə namizəd müəyyənləşərkən onun elmi nailiyyətləri birinci növbədə nəzərə alınır. Əgər kimsə başqasının namizədliyi verilsəydi belə həmin şəxs razılaşmazdı.


-Necə fikirləşirsiniz, indiki imkanlar alimlərin, Akademiya işçilərinin fəaliyyəti üçün nə dərəcə də qənaətbəxşdir?


-İndi səmərəli elmi fəaliyyət göstərmək üçün şərait var. Bəlkə əvvəlkindən də yaxşıdır. Azərbaycan elmi hazırda dünyaya inteqrasiya edir. Alimlərimizin dünya elmində gedən proseslərlə yaxından tanış olması üçün imkanlar yaranır. Əgər kimsə öz sahəsində elmi fəaliyyətini müasir tələblər səviyyəsində qura bilirsə, o zaman beynəlxalq təşkilatların qrantlarını ala və araşdırmalarını inkişaf etdirə bilər. Alimlər Azərbaycanı dünya intellektual potensialına öz töhfəsini verən bir xalq kimi tanıdır. Bunlar hamısı müsbət hallardır.


-Bəs gənclərin elmə meyli sizi qane edirmi?


-Gənclərin elmə gəlməsində həmişə yol açıqdır. Amma bir məqamı deyim ki, gənclərin fundamental, təbiət elmlərinə axını azalıb. Mənə elə gəlir ki, bu müvəqqəti haldır. Ancaq ali təhsili başa vurduqdan sonra aspiranturada və ya dissertantura da oxumaq, işləmək lazımdır. Təbii ki, bunun üçün də maddi təminat zəruridir. Məsələn, mənim aspirantım var idi, elmi işi üzərində yaxşı işləyirdi, biz onu Beynəlxalq Seleksiya Mərkəzinə göndərdik, 6 ay təcrübə keçdi. Dissertasiyası hazır idi. Birdən eşitdim ki, hansısa xarici şirkətdə yaxşı məvacibli iş tapıb, elmdən getdi. Ancaq, bu da problem deyil. Azərbaycan elminin problemi elmi adların və dərəcələrin alınmasının ucuzlaşmasıdır. Həmin adamlar heç elmi idarələrdə işləmirlər. Hansısa səviyyəsiz işlər yazırlar. Heç bilmirsən dissertasiya yazıb, ya yox, gedib xaricdən bir attestat gətirib təsdiq etdirirlər. Beləliklə, elmi dərəcəli alimlərin sırasına keyfiyyətsizlər qarışır. Bu da Akademiyaya həqiqi və müxbir üzv seçkilərində problemlər yaradır. Bir yerə 20-30 adam namizədliyini verib. Bu elmin nailiyyəti deyil. Bu keyfiyyətsiz, səviyyəsiz şəxslərin alim attestatının almasının nəticəsidir. Ancaq Akademiya sağlam elm ocağıdır, böyük tarixi var, mən inanıram ki, elə adamlara burada yol verilməyəcəkdir. Kim ömür boyu elmə xidmət edib, nailiyyətləri olub, bir sözlə kimin elmdə yeri varsa, onlar da seçiləcək.


-Cəlal müəllim, belə fikirlər səslənir ki, namizədlik və doktorluq dissertasiyalarının müdafiəsi prosesində subyektiv çətinliklər olur. Bu barədə siz necə fikirləşirsiniz?


-Düzü bu barədə bilmirəm. Mən o işlərə qarışmıram. Hərçənd ki, mən də elmi şuralardan birinin üzvüyəm, ancaq heç getmirəm də… Ancaq birmənalı şəkildə belə demək olmaz. Elmi Şuraya gərək səviyyəsi aşağı olan işlər gəlməsin. Mən bundan narazıyam, həmişə də buna qarşı mübarizə aparmışam. Belə işlər elm üçün ən mənfi haldır.


-Cəlal müəllim parlamentin iclaslarına az-az qatılırsınız. Səhhətiniz necədir?


-Səhhətim babatdır.


-Bəs niyə gəlmirsiniz?


-Gələrəm də arada...


XS
SM
MD
LG