Amerika Birləşmiş Ştatları Dövlət Departamenti 2006-cı il İnsan haqlarına dair hesabatında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hissədə yenidən dəyişiklik edib. Hesabat ilkin varianta qaytarılıb. Bunu ABŞ-ın Bakıdakı səfirliyinin İctimaiyyətlə əlaqələr üzrə şöbəsinin rəhbəri Conatan Henik «Azadlıq» radiosuna təsdiqləyib.
Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov deyib ki, Dövlət Departamentinin sənədində dəyişiklik edilməsi presedent yaradır. Nazir onu da deyib ki, təhlükəsizlik sahəsində iki ölkə məsləhətləşmələr davam etdiriləcək.
ABŞ Dövlət Departamenti həmin sənədinin ilkin variantında Qarabağ münaqişəsindən bəhs edərkən «Ermənistan Dağlıq Qarabağ və Azərbaycanın yeddi rayonunu işğal edib» yazıb. Düzəlişdən sonra isə həmin cümlə bu şəkildə verilib: «Erməni hərbi qüvvələri Dağlıq Qarabağa bitişik Azərbaycan ərazisinin böyük hissəsini işğalda saxlayır».
Bu dəyişikliyə görə də, Azərbaycan hökuməti aprelin 23-24-də ikitərəfli təhlükəsizlik məsləhətləşmələri üçün nümayəndə heyətini Vaşinqtona səfərini təxirə salmışdı.
ABŞ-ın Azərbaycandakı səfirliyi də aprelin 22-də bəyanat yayıb. Sənəddə qısaca olaraq bildirilir ki, ABŞ Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyır və öz dəstəyini bir daha təsdiq edir. Səfirlik ABŞ-ın Dağlıq Qarabağı yalnız Azərbaycanın ərazisi kimi tanıdığını bir daha qeyd edir.