Rusiya və Sovet İttifaqının himnlərinin müəllifi 94 yaşlı Sergey Mixalkov insult diaqnozu ilə reanimasiyaya düşüb.
Yazıçının səhhəti mayın əvvəllərində kəskin şəkildə pisləşib. «Komsomolskaya pravda» Sergey Vladimiroviçin vəziyyətinin ağır olduğunu yazır. O, xüsusi həkim briqadasının nəzarəti altındadır.
Yazıçının nəvəsi Artyom (Nikita Mixalkovun oğlu) bildirib ki, hazırda babasının vəziyyəti nisbətən yaxşıdır.
Sergey Mixalkov 1913-cü ilin martın 13-də anadan olub. 1933-cü ildən şerləri sovet ədəbiyyatı dərgilərində nəşr olunmağa başlayıb.
O, 1943-cü ildə SSRİ-nin himnini yazır. Bundan sonra bir neçə dəfə himnin mətni üzərində dəyişiklik edir. Yazıçı 1977-ci ildə himnin sözlərinin yeni versiyasını təqdim edir. SSRİ dağılandan sonra isə himndən imtina edilir. Lakin prezident Putin onu yenidən bərpa edir. Beləliklə, Sergey Mixalkov 2000-ci ildə üçüncü dəfə himnin sözlərini dəyişdirir. Bu dəfə Rusiya Federasiyasının himni kimi.