Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

Xəzəryanı kəmər «Trans-Xəzər» kəmərini sıxışdırır?


«Trans-Xəzər» qaz kəmərinə Türkmənistanın sadəcə, qazı çatmayacaq»
«Trans-Xəzər» qaz kəmərinə Türkmənistanın sadəcə, qazı çatmayacaq»
Rusiya, Qazaxıstan və Türkmənistan arasında Xəzəryanı qaz kəmərinin inşasına dair razılaşma sentyabrın 1-nə qədər imzalanmalıdır. Layihəni 2008-ci ildə işə salmaq planlaşdırılır. Proyekt gələcəkdə Xəzər sahili boyunca ildə 30 milyard kubmetr qaz ötürməyə imkan verəcək. Bu barədə üç prezident ötən həftəsonu Vladimir Putin və Nursultan Nazarbayevin Türkmənbaşıya səfəri zamanı razılaşıblar.

Bununla belə, saziş imzalanan gün Türkmənistan prezidenti Qurbanqulı Berdımuhammedov deyib ki, onun ölkəsi ABŞ-ın dəstəklədiyi digər kəmərin – «Trans-Xəzər» qaz kəmərinin inşası planlarından imtina etmir: «Bu, ümumdünya ixrac marşrutlarının diversifikasiya prosesidir. Bu layihə gündəmdən tamamilə çıxarılmayıb», – «Reuters» agentliyi Berdımuhammedovdan belə sitat gətirir.


Lakin «Vedomosti» qəzetinin rəyini çap etdiyi ekspertin fikrincə, əgər Xəzəryanı kəmərin inşası sonra çatdırılsa, «Trans-Xəzər» layihəsi lazım olmayacaq. Türkmən qazının Çin və İrana ixracı marşrutları da sual altına düşəcək.


«Trans-Xəzər» qaz kəmərinə Türkmənistanın sadəcə, qazı çatmayacaq» – deyə «Kommersant» qəzetinin şərhçisi «Vedomosti»nin mövqeyini təkrar edir. O, hesab edir ki, mayın 12-də imzalanan bəyannamələr «Trans-Xəzər» kəmərinin üstündən xətt çəkib. «Trans-Xəzər kəməri ilə bağlı tam qeyri-müəyyənlik şəraitində Xəzəryanı kəmərin inşasını Türkmənistan təxirə sala bilməzdi. Artıq 2008-ci ildə Malayziyanın «Petronaz» şirkəti Xəzər şelfinin Türkmənistan hissəsində qaz hasil etməyə başlayacaq, bu layihənin gücü ildə 10 milyard kubmetrdir. Bu qaz üçün kəmər lazımdır», – «Kommersant» yazır.


Bu fikri Qərbin kütləvi informasiya vasitələri də bölüşür. «Rusiyadan yan keçən kəmərlə böyük qaz ehtiyatlarına çıxış əldə etmək üçün Qərb liderləri Türkmənistanı dilə tuturlar. Amma həftəsonu Orta Asiyanın enerji sərvəti uğrunda yarışmada Putin Qərbi məğlub edib», – «Daily Telegraph» belə yazır.


«Moskvanın planı Avropa və Amerikanın Asiyada planlarına üstün gəlib». «Washington Post» 12 may sazişlərini belə qiymətləndirir. Qəzet Rusiyanın Sənaye və Energetika naziri Viktor Xristenkonun Qərbin dəstəklədiyi «Trans-Xəzər» kəməri haqda bu sözlərini iqtibas edir: «Texniki, hüquqi, ekoloji xarakterli mövcud risklər o qədər böyükdür ki, real sərmayəçi tapmaq qeyri-mümkündür, əlbəttə, bu, siyasi layihə deyilsə...».


Qəzet mayın 11-də Krakovda enerji sammitinin keçirilməsini enerji dəhlizləri xüsusunda artan gərginliyin əlaməti sayır.


Polşada çıxan «Rzeczpospolita» qəzeti Krakov sammitinə şübhə ilə yanaşır. Qəzet «Odessa-Brodı-Qdansk neft kəmərinin yaranması üçün siyasi dəstək azdır» sərlövhəsi ilə çıxıb. «Krakovda qəbul olunan kommünikedə ən vacib şey – neft tədarükünə zəmanətlər yoxdur. Qazaxsan prezidenti Nazarbayev ümumiyyətlə, Krakova gəlməyib. Azərbaycan lideri İlham Əliyevsə əmin edib ki, ölkəsi «Avropaya enerji xammalının tədarükünün təmin olunmasında daha böyük rol oynamaq istəyir». Amma etiraf edib ki, tədarük qarantiyaları haqda danışmaq hələ tezdir». Polşa prezidenti Lex Kaçinski isə deyib ki, «bizim bu haqda birinci görüşdə danışacağımıza ümid etməyə dəyməzdi».


XS
SM
MD
LG