«Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirli və bu nəşrin şöbə redaktoru Yaşar Ağazadə müvafiq olaraq 2 il altı ay müddətinə həbs edilib. Mayın 16-da bu barədə Yasamal Rayon Məhkəməsində hakim Məlahət Abdulmanafovanın sədrliyi ilə keçən prosesdə hökm çıxarılıb.
Bundan əvvəl son sözlə çıxış edən jurnalistlər hakimdən şikayətin təmin edilməməsini xahiş ediblər. Jurnalistlərin hüquqlarını müdafiə edən Rəşid Hacılı deyib ki, hökmdən apellyasiya şikayəti veriləcək. O, həmçinin hökmü sifarişli adlandırıb.
Cəlal Əliyevin vəkili İkram Şirinov isə jurnalistlərin həbsini istəyib.
«Müxalifət» qəzetinin 24 fevral 2007-ci il tarixli sayında dərc edilmiş «A.M.A.Y.-Əliyevlər ailəsinin ticarət nişanı» sərlövhəli yazıda bəzi məlumatları özünə qarşı böhtan hesab edən Cəlal Əliyev yazı müəllifi və baş redaktorun Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələrilə (böhtan) həbsini istəyirdi.
Bununla da Azərbaycanda həbsdə olan jurnalistlərin sayı yeddi nəfərə çatıb.