Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:19

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» fəaliyyətini dayandırdı


Qəzetlərin fəaliyyətlərini nə vaxt bərpa edəcəyi məlum deyil
Qəzetlərin fəaliyyətlərini nə vaxt bərpa edəcəyi məlum deyil

Bu məlumatı jurnalistlərə Redaktorlar Birliyinin mayın 23-dəki qapalı toplantısından sonra şef redaktor Şahvələd Çobanoğlu deyib.


Onun sözlərinə görə, təzyiqlər müxtəlif formalarda davam edir, kompyuterlər müsadirə olunub, redaksiyanın normal fəaliyyət göstərməsi üçün heç bir şərait yoxdur. Təzyiqlərin nə vaxt səngiyəcəyi də məlum deyil. Bu baxımdan da qəzet mayın 23-dən fəaliyyətini dayandırdığını bəyan edir.


Qəzetin nə vaxt fəaliyyətə başlayacağı isə məlum deyil: «Ofisimiz, avadanlıqlarımız əlimizdən alınıb, biz indi küçədəyik».


«Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetləri 2005-ci ildə nəşrə başlayıb. İndiyə qədər hər iki qəzet 15-25 min tirajla çıxıb. Bu mətbu orqanlarda ştatdankənar əməkdaşlarla birgə 40-dan artıq adam çalışıb. Sözügedən nəşrlər təzyiqlərlə bağlı 2006-cı ildə də fəaliyyətini 2 ay dayandırmışdı.


Fövqəladə Hallar Nazirliyi qəzetlərin ofisini mayın 20-də möhürləyib. Mayın 16-da MTN-in İstintaq Baş İdarəsi tərəfindən «Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetinin hazırda həbsdə olan təsisçisi və baş redaktoru Eynulla Fətullayevə qarşı Cinayət Məcəlləsinin 214-cü maddəsi ilə terrorçuluqla hədələmə faktı üzrə cinayət işi qaldırıb. Həmin cinayət işi üzrə Eynulla Fətullayevə məxsus ofisdə və evdə mayın 22-də axtarışlar aparılıb.


XS
SM
MD
LG