Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:14

Britaniyada yaşayan azərbaycanlılar BBC-yə etiraz edir


Azərbaycanlıların BBC Dünya Xəbər agentliyinin Londondakı binası qarşısında piketi. 27 may 2007
Azərbaycanlıların BBC Dünya Xəbər agentliyinin Londondakı binası qarşısında piketi. 27 may 2007

Britaniyadakı azərbaycanlılar İran Azərbaycanında gedən 2006-cı ilin may hadisələrinin ildönümü ilə bağlı etirazlarla həmrəyliklərini nümayiş etdiriblər. Bazar günü mayın 27-də axşam BBC Dünya Xəbər agentliyinin Londondakı binası qarşısında piket keçirilib. Burada Britaniyanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan və Türk icmasının üzvləri iştirak edib.


İran azərbaycanlıları ilə həmrəyliklərini bildirən nümayişçilərin fikrincə BBC İran Azərbaycanında gedən hadisələrə laqeyd qalıb və dünya xəbərlərində bu məsələyə az yer verib.


Nümayişi Londondakı «Birləşmiş Kırallıq-Güney Azərbaycanlılar Təşkilatı» (GAT-BK) təşkil etsə də başqa təşkilatların nümayəndələri, o cümlədən «Güney Azərbaycan Solçu Partiyası» və «Güney Azərbaycan İstiqlal Partiyası»nın üzvləri də piketə qoşulub. Havanın yağıntılı olmasına baxmayaraq bu məqsədlə başqa şəhərlərdən Londona gələnlərin sayı da az olmayıb.


GAT-BK-nin üzvü Səhənd Bağmeşəli piket barədə bunları deyir: «İran rejiminin Azərbaycan milli hərəkatı haqqında bilgi qıtlığı yaratması nəticəsində BBC kimi mühüm xəbər vasitəsi də axsayır və bu xəbər qıtlığına məruz qalır. İştirakçıların fikrincə, həmin xəbər agentliyinə nüfuz edən farsçı farslar da bu şəraitdən istifadə edirlər və Güney Azərbaycana qarşı xəbər qıtlığına meydan açırlar. Bu hazırkı nümayişlərin ikinci başlıca hədəfi elə məhz bu idi ki, BBC-də gedən çatışmazlığı oranın müdiriyyətinin diqqətinə çatdırsınlar».


Plakatlarda «Ana dilində təhsil», «Güney Azərbaycan məhbusları azad edilsin», «Nüvəli İrana yox deyirik» şüarları səsləndirən nümayişçilər BBC agentliyinin Dünya Xəbərləri Şöbəsi, Azərbaycan Xidməti və Fars Xidmətinə də etiraz məktubları təqdim edib.


Onlar İran Azərbaycanında insan haqlarına istinad edən bir milli hərəkətin mövcud olduğu və 2006-cı ilin may ayından etibarən bütün təşəbbüslərin kütləvi ölçüdə getdiyini vurğulayıb. Nümayiş tərtibatçılarının qənaətlərinə görə «Güney Azərbaycan» məsələsi daha İranın daxili məsələsi deyil və bu məsələnin beynəlxalq çərçivədə ortaya qoyulmalıdır.


2006-cı il mayın 22-də İranın rəsmi «İran» qəzetində azərbaycanlıları təhqir edən karikatur dərc olunmuşdu. Bu da İranda yaşayan azərbaycanlıların narazılığına səbəb olmuş və kütləvi etiraz aksiyaları keçirilmişdi.


Cari il 22 may İranın bütün Azərbaycan şəhərlərində fövqəladə vəziyyətin hökm sürməsinə baxmayaraq, 2006-cı il aksiyalarının ildönümü Təbriz və başqa şəhərlərdə nümayişlərlə qeyd olunub.


Son hadisələr zamanı həbs edilənlərin dəqiq sayı haqda məlumat yoxdur. Lakin Baybak İnternet xəbər saytı mayın 28-də dərc etdiyi siyahıda Urmiyədə 35, Təbrizdə 28, Qoşaçayda (Miyandab) 20, Sulduzda (Nəqədə) 12, Culfada 10, Qumda 8, Marağada 7, Ərdəbildə 6, Əhərdə 6, Tehranda 3, Zəncanda 2, və Xiyavda (Meşkinşəhr) həbs edilən bir fəalın adını qeyd edib.


XS
SM
MD
LG