İyunun 4-də «Müxalifət» qəzetinin əməkdaşları Rövşən Kəbirli və Yaşar Ağazadə aclığı dayandırıblar. Bu haqda «Azadlıq» radiosuna Rövşən Kəbirlinin vəkili Aslan İsmayılov məlumat verib. Onun sözlərinə görə, əvvəllər infarkt keçirən jurnalistin səhhəti ağır olduğundan aclığı dayandırıb.
«Müxalifət» qəzetinin əməkdaşları «AMAY - Əliyevlər ailəsinin ticarət nişanı» məqaləsinə görə, iki il altı ay müddətinə azadlıqdan məhrum ediliblər. Prezidentin əmisi, deputat Cəlal Əliyev qəzetin ona böhtan atdığını iddia edərək məhkəməyə müraciət etmişdi. Onlar həbslərinə etiraz olaraq bir neçə gündür aclıq edirdilər.
Demokratiya və İnsan Haqları Komitəsinin rəhbəri Çingiz Qənizadə isə bildirir ki, bu günlərdə bir qrup hüquq müdafiəçisi deputat Cəlal Əliyevlə görüşərək jurnalistlər haqda şikayəti geri götürməsini xahiş edəcək. Cənab Qənizadənin sözlərinə görə, yaxın müddətdə «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi Eynulla Fətullayev istisna olmaqla böhtana görə, həbs olunmuş digər jurnalistlərin azadlığa buraxılması gözlənir: «Ola bilsin Cəlal Əliyev də «Azərsun» şirkətinin prezidenti Abdulbari Goozal kimi bir addım atdı».
Bir müddət əvvəl «Azərsun» şirkətinin prezidenti Abdulbari Goozal «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğluna qarşı xüsusi ittiham qaydasında irəli sürdüyü iddiadan imtina etmişdi.