Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:40

«Dəyişən mahiyyət yox, ad olacaq»


Mahmud Kərimov: «Elmi işçilərin əmək haqqı qaneedici deyil»
Mahmud Kərimov: «Elmi işçilərin əmək haqqı qaneedici deyil»

İyulun 3-də Milli Elmlər Akademiyasının prezidenti Mahmud Kərimov jurnalistlərin suallarını cavablandırıb.


-Mahmud müəllim, Milli Ensiklopediya nə zaman hazır olacaq?


-Ensiklopediyanın nəşri ilə bağlı bu günlərdə Almaniyanın məşhur nəşriyyatlarından birinin rəhbəri bura gələcək və onunla müqavilə imzalanacaq. Çox güman ki, ensiklopediyanın birinci cildi Almaniyada nəşr olunacaq. Məncə payıza qədər çap olunacaq.


-Yeni «Təhsil qanunu»na görə aspiranturanın ləğvindən söhbət gedir.


-Aspirantura ləğv oluna bilməz, sadəcə onun adı dəyişdirilə bilər. Yəni aspirantura doktorantura adlandırıla bilər. Dəyişən mahiyyət yox, ad olacaq. Eyni zamanda dissertantura da qalacaq. Hesab edirəm ki, bu mərhələ mütləq qalmalıdır, peşəkar kadr hazırlamaq üçün başqa yol yoxdur.


-Bu il Azərbaycan alimlərinin hansı kəşfləri, ixtiraları beynəlxalq institutlar tərəfindən alınıb və bundan ölkəyə nə qədər gəlir gəlib?


-Elmi gəlirlə ölçmək ölçmək olmaz, mən bunu dəflərlə demişəm. Əlbəttə iqtisadi səmərə də olmalıdır. Nəticələr tətbiq olunmalıdır. Bunlar öz yerində, ancaq Akademiyanın əsas məqsədi fundamental elmi inkişaf etdirməkdir. Bu yöndə müəyyən uğurlar da var. Çoxsaylı məqalələr ən nüfuzlu jurnallarda, bir çox kitab və monoqrafiyalar xaricdə çap olunur. Yəqin onlar layiq olmasaydı orda çap olunmazdı.


-Bu ilin əvvəlində maaşlar artırıldı. Amma deyəsən, bu da alimləri qane etmədi. Sizcə, maaşlar artırılmalıdırmı?


-Çox güman ki, ilin sonuna kimi maaşlar artırılacaq. Bu gün elmi işçilərin əmək haqqı qaneedici deyil, hesab edirik yenə də artırılmalıdır. Biz bunu gözləyirik.


-Akademiya strukturunda hansısa institutların birləşdirilməsi müzakirə edilirmi?


-Hal-hazırda bu məsələlərə baxırıq, müzakirələr gedir, çox güman müəyyən dəyişiklik olacaq.


-Qubada tapılmış insan sümükləri ilə bağlı təhqiqatlar nə zaman olacaq?


-Bu sahədəki problemlər həll olundu. Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılıb. Bu yaxınlarda çox güman ki, araşdırmalar başlanacaq. Arxeologiya İnstitutunun, Tibb Universitetinin əməkdaşları birgə araşdırmalar aparacaqlar. Həmin sümüklərlə bağlı suallara cavab vermək hələ çətindir. Uzunmüddətli təhqiqat aparmaq lazımdır. Sadə məsələ deyil. Bəzi cihazlar alınmalıdır, bu cihazlar vasitəsilə müəyyən məlumatlar əldə etmək olacaq.


XS
SM
MD
LG