Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:47

«ABŞ-da İran və Qəbələ RLS məsələsi də müzakirə olunacaq»


Araz Əzimov deyir ki, Nyu-Yorkdakı görüşlərdə o təkbaşına iştirak edəcək
Araz Əzimov deyir ki, Nyu-Yorkdakı görüşlərdə o təkbaşına iştirak edəcək

İyulun 9-10-da Vaşinqtonda ABŞ-Azərbaycan «Təhlükəsizlik-dialoqu» formatında görüşlər keçiriləcək. Danışıqlarda ABŞ tərəfdən dövlət katibinin müavinləri, Pentaqon rəsmiləri və Azərbaycandan isə xarici işlər nazirinin müavini Araz Əzimovun başçılıq etdiyi nümayəndə heyəti iştirak edəcək.


İyulun 3-də Araz Əzimov jurnalistlərə deyib ki, görüşdə istər siyasi, istər praktik təhlükəsizlik məsələləri müzakirə ediləcək.


«Azərbaycan ABŞ-la bir neçə sahədə praktiki məsələlərlə bağlı proqramları yerinə yetirir. Siyasi dialoq məsələsinə gəlincə, Azərbaycanın ABŞ-la strateji tərəfdaşlıq məsələləri yenidən nəzərdən keçiriləcək. O cümlədən Avroatlantik, Xəzər regionunda təhlükəsizliyin vəziyyəti, Cənubi Qafqazda münaqişələrin həlli, xüsusən də Dağlıq Qarabağ məsələsi, bundan başqa, gündəlikdə yer alan bəzi yeni məsələlər də müzakirə olunacaq». Nazir müavini bildirir ki, «yeni məsələ» dedikdə söhbət Qəbələ RLS-lə bağlı Rusiyanın təklifindən gedir.


Araz Əzimovun sözlərinə görə, Azərbaycan BMT-də bir sıra təşəbbüslərlə çıxış etmək istəyir və onları ABŞ-dakı danışıqlarda da müzakirə etmək niyyətindədir. Cənab Əzimov bu təşəbbüs haqda məlumat verməyib. Amma əlavə edib ki, sərhədlərə nəzarət, fövqəladə hallarda, terrorizmə qarşı mübarizədə əməkdaşlıq, silahların yayılması, qanunsuz miqrasiya və başqa məsələlər də gündəmdə olacaq. Danışıqlar Nyu-Yorkda davam etdiriləcək. Araz Əzimov bildirir ki, bu görüşdə o təkbaşına iştirak edəcək və burda sırf siyasi məsələlər gündəmdə olacaq.


Xarici işlər nazirinin müavini ABŞ-da İran ətrafında yaranmış vəziyyətin də müzakirə ediləcəyini istisna etməyib: «İran ətrafında yaranmış vəziyyət nüvə və regional təhlükəsizlik məsələləri çərçivəsində müzakirə edilə bilər».


Araz Əzimov ABŞ danışıqlarının yekunu kimi hər hansı sənəd imzalanmayacağını bildirir. Onun sözlərinə görə, bu sadəcə, yüksək səviyyəli ekspertlərin görüşüdür.


ABŞ-Azərbaycan məsləhətləşmələri mayın əvvəllərinə planlaşdırılmışdı. Amma Dövlət Departamenti insan haqlarıyla bağlı illik hesabatında Ermənistanla bağlı hissədə Azərbaycan torpaqlarının işğal olunması barədə qeydlər dəyişdiyindən Azərbaycan tərəfi danışıqlardan imtina etmişdi. Daha sonra hesabat əvvəlki varianta qaytarıldı.


XS
SM
MD
LG