«ABŞ Dövlət Departamentinin 2007-ci il Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası adlı hesabatına görə, Azərbaycan əsas narkotranzit ölkələrdən biridir… 90-cı illərdə keçmiş Yuqoslaviyada müharibə getdiyindən, «Balkan marşrutu» bağlanıb və beləliklə, Azərbaycan əsas tranzitə çevrilib»- «Azadlıq» qəzetinin 15 avqust tarixli sayında dərc olunan jurnalist araşdırmasında belə yazılıb.
«Azərbaycanda 180-200 min narkoman olduğu, onların da 30-35 faizinin tələbə olduğu göstərilir. Lakin Azərbaycan hökumətinin rəsmi statistikasında bu rəqəm 18 mindir».
«Bir narkomanın müalicəsi neçəyə başa gəlir»-sualı cavablandıran məqalə müəllifi yazır: «Azərbaycanda bir narkomanının müalicəsinə ilkin mərhələdə 60-100 manat sərf olunur. Qanunda narkomanların müalicəsi pulsuzdur. Lakin xəstələr dərmanlara özləri xərc çəkir. Müalicə iki aylıq olsa da, bəzən illərlə çəkir».
«İndi çoxlarını bir sual maraqlandırır; seçkiyə az müddət qalmış İlham Əliyev xalqla öz arasında düşmənçiliyin bu qədər dərinləşməsinə niyə imkan verir? Axı bu davranışın, siyasətin axırı yaxşı qurtarmaya bilər. Bunca narazılığın, qəzəbin, kinin sosial partlayışla yekunlaşmayacağına kim təminat verər? Qərbin ən nüfuzlu araşdırma mərkəzləri də Azərbaycandakı vəziyyətin pis sonluqla yekunlaşacağını proqnozlaşdırır». «Yeni Müsavat»ın Azər Ayxan «Ümummilli qorxaqlığın acı nəticəsi» adlı köşəsində belə yazır.
Müəllif daha sonra qeyd edir: «Cəmiyyətdə müqavimət enerjisi olmadığından, insanlar öz hüquqlarını bilmədiyindən vəziyyət bu həddə çatıb. Yoxsa hakimiyyət xalqla belə saymazyana davranmazdı. Azərbaycanlıların həyat fəlsəfəsi, dünyaya baxışı o qədər dəyişib ki, bəzən adam fikirləşir; olmaya gecənin bir aləmində hamını yığıb başqa planetə aparıblar, burdakılar da özgə sivilizasiyalardan gətirilib? Bunca ədalətsizliyə, haqsızlığa, yolsuzluğa, fiziki və mənəvi işgəncələrə təpki göstərməmək olarmı?!»
Leo Platvoet Azərbaycana səfər edə bilməyəcək-bu sözləri APA-ya eksklüziv açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Cənubi Qafqazda itkin düşmüş şəxslər üzrə məruzəçisi Leo Platvoet deyib. «525» agentliyə istinadən bildirir ki, AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitənin üzvləri payız sessiyasından sonra regiona səfər edəcək.
«Ekspress» yazır ki, «Rusiyadakı ksenofobiya terrorizmə dönüb».
«Rusiyadakı radikal millətçilik, ksenofobiya və «gəlmələrə nifrət»in artıq faşizm, irqi və milli ayrı-seçkilik, dözülməzlik və nifrət zəminindəki xuliqanlıq, qətl və hücumlar səviyyəsini aşıb. Buna İnternetdə ikiqat edama dəlalət edən şok videogörüntülər peyda olması dəlalət edir».
«Azərbaycan» Tacikistan prezidentinin səfərinə geniş yer ayırıb.