Son zamanlar azyaşlılar və yeniyetmələrin internet klublara axını daha da artıb.
«Azadlıq» qəzeti yazır ki, «əlbəttə, kompyuter əsrində yaşadığımızdan, bunu təqdirəlayiq hal kimi qiymətləndirmək olar. Ancaq təhlükəli məqam budur ki. yeniyetmələr həmin klublarda müxtəlif oyunlar oynamaqla yanaşı, axşam saatlarında müxtəlif saytlar vasitəsilə pornoqrafik filmlərə, kliplərə, kadrlara və şəkillərə baxmaqla vaxtını keçirir».
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Telekommunikasiya və informasiya texnologiyaları şöbəsinin rəisi Əflatun Məmmədov da problemin mövcudluğunu təsdiqləyir:
«Bununla bağlı nazirliyimiz müəyyən işlər görüb. Əksər pornoqrafik və erotik saytlara giriş əngəllənib və onlardan istifadə qeyri-mümkündür. Ancaq onların yaradıcıları belə saytları müxtəlif adlarla yenidən yaradır. Ona görə də onların hamısının əngəllənməsi çətindir... Başqa qurumlar da ciddi addımlar atmalıdır. Yoxsa, vəziyyət daha kritik həddə çata bilər».
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin katibi Ehsan Zahid bu işdə polisin aciz olduğunu etiraf edir:
«Bu gün təkcə Bakıda deyil, bütün bölgələrdə internet klublar fəaliyyət göstərir. Hər gün bu obyektlərə yüzlərcə istifadəçi daxil olur. Biz vətəndaşların bu cür məkanlara getməyinə qadağa qoya bilmərik. Digər tərəfdən, əməkdaşlarımızın belə yerlərdə hansı internet saytının izlənməsinə nəzarət etməsi qeyri-mümkündür».
«Boykot tərəfdarları tutarlı arqument ortaya qoya bilməyiblər».
Bunu «525-ci qəzet»ə müsahibəsində Azərbaycan Naminə İctimai Fondun prezidenti Eldar Namazov söyləyib:
«Boykot yalnız o halda effektli olar ki, birincisi, bununla seçkinin baş tutmasının qarşısı alınardı, ikincisi beynəlxalq ictimaiyyət bu seçkinin legitimliyini tanımayaydı... Üstəlik, 1998-ci ilin prezident seçkisinin təcrübəsi göz qabağındadır. Etibar Məmmədov istisna olmaqla, o vaxt müxalifət liderlərinin hamısı seçkini boykot etdi. Ancaq boykot qərarı sonradan legitim hakimiyyətin formalaşmasına heç bir maneə yaratmadı....»
«Sizcə boykot tərəfdarlarının seçkiyə qatılmaqda tərəddüd keçirməsinin səbəbi nədir» sualını cavablandıran Eldar Namazov bildirir ki, burada bir neçə səbəb ola bilər:
«Mümkündür ki, bəziləri çox səmimi şəkildə düşünür ki, onların boykot haqqında şüarları hakimiyyəti ölkədə demokratik mühitin bərqərar olunması, sərbəst toplaşmaq azadlığının təmin edilməsi ilə bağlı hansısa ciddi addımlar atmağa məcbur edə bilər. Ancaq bu, inandırıcı görünmür. Ona görə ki, beynəlxalq təşkilatların çox sərt qərarlarına, bəyanatlarına baxmayaraq, hakimiyyət öz siyasətində heç bir dəyişiklik etmir və belə görünür ki, etməyəcək. Bu mənada bir neçə siyasətçinin boykot elan etməsini hakimiyyətin böyük faciə kimi qarşılayacağını güman etmirəm. Digərləri isə ola bilsin ki, ümumiyyətlə, bu seçkidə özləri üçün uğurlu nəticə gözləmirlər. Ancaq bunu etiraf etməkdə də çəkinirlər. Bunu sadəcə, boykot şüarı altında gizlətmək, daha doğrusu, boykotdan istifadə etməklə seçkidən yayınmaq istəyirlər» - deyə Eldar Namazov fikrini tamamlayır.
«Sayğac suyu bahalaşdırıb». «Mərkəz» qəzetindəki məqalədə deyilir ki, «Bilgəh qəsəbəsinə indiyə qədər içməli su çəkilmədiyindən, əksəriyyət içməyə quyu suyundan istifadə edir. Artezian suları 60-70 metr dərinlikdən «kaçalka» vasitəsilə çıxarılır. Bütün əkin sahələri də bu su ilə suvarılır».
Qəsəbə sakinləri «Mərkəz» qəzeti ilə söhbətində sayğacla «kaçalka»nı işlətməyin mümkün olmadığını nəzərə çatdırıblar. Bu halda elektrik sayğacı həddən artıq çox pul yazır.
Sakinlər qəsəbə əhalisinin 70 faizinin əkinçiliklə məşğul olduğunu bildirirlər. Onların dediyinə görə, artezian sularından istifadə edə bilməsələr, məhsulu nəinki suvarmaq, heç əkmək də mümkün olmayacaq.
Qəsəbə sakini İlqar Məmmədov mövsüm ərzində məhsulu suvarmaq üçün təxminən 30 maşın su lazım olduğunu bildirib:
«Keçən illə müqayisədə bu il suya 500 manat əlavə pul vermişəm. Bu da məhsulun bahalaşmasına gətirib çıxarır. Hamı pomidorun 60-70 qəpiyə satılmağından narazılıq edir, bahadır. Ancaq bizi məhsulumuzu bu qiymətə satmağa məcbur edən rayonlardan pomidor gətirənlərdir. Pomidor indi aşağısı 1 manata olmalı idi. Demək olar ki, məhsulumuzu maya dəyərindən aşağı veririk».