Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:47

İranda it saxlamaq problemdir


Bəzi mühafizəkar dindarların fikrincə, it saxlamaq ümumiyyətlə, qadağan olunmalıdır
Bəzi mühafizəkar dindarların fikrincə, it saxlamaq ümumiyyətlə, qadağan olunmalıdır
1979-cu ildə İslam Respublikası yaranandan bu yana İranda itə sahib olmaq problemə çevrilib. İran rəsmiləri it saxlayanlara Qərbin təsiri altında olan adamlar kimi yanaşırlar. Deyirlər ki, islama görə it murdar heyvan hesab olunur.

Bəzi mühafizəkar dindarların fikrincə, it saxlamaq ümumiyyətlə, qadağan olunmalıdır. Məsələn, dindar Hocatulislam Qulamrza Hassani deyir ki, it saxlayanların özləri və itləri həbs olunmalıdır.


Əvvəllər it saxlamaq istəyənlər ya xəbərdarlıq alır, ya da ki, buna görə cərimə ödəməli olurdular. Amma bu cür təzyiqlərə baxmayaraq ildən-ilə it saxlayanların sayı artır, xüsusən də Tehranda yaşayan gənclər arasında.


Belə gənclərdən biri 23 yaşlı Bənövşədir. Bu yaxınlarda Tehranda Bənövşənin itini 48 saat saxladıqdan sonra zaminə buraxıblar. O, deyir ki, evə qayıdarkən polis yanında gəzdirdiyi iti - Jessicanı tutub və itlər üçün nəzərdə tutulmuş zindana aparıb. Bənövşənin dediyinə görə, polis onu təhqir də edib, amma itinə görə susmalı olub.


Bənövşə polisə «Quran»da yazılanları xatırladıb, deyib ki, «Quran»da yazılır ki, Allah bu dünyada pis heç nə yaratmayıb: «Onlar dedilər ki, biz canımızı Qərb mədəniyyətindən qurtarmaq istəyirik. Dedilər ki, sən islam ölkəsində yaşayırsan və it saxlamağın düzgün deyil. Onlar məni təhqir etdilər, hətta dedilər ki, ümid edirlər ki, itim öləcək. Amma mən heç nə edə bilmədim, sadəcə qışqırdım».


İtlərlə bağlı bu yeni qadağa Tehran Təhlükəsizlik Qüvvələrinin başçısı Əhməd Rza Radanın göstərişindən sonra ortaya çıxıb. Radan bu yaxınlarda deyib ki, itlərin ictimai yerlərdə gəzməsi qanuna ziddir. Bu göztəriş bir çox adamı məyus edib.


Sakinlərin bəziləri deyirlər ki, bu cür qadağalarla hökumət onların şəxsi həyatlarına müdaxilə etmiş olur.


Saxlanılan bütün itlər bu günlərdə düzəldilmiş dustaqxanaya aparılır. «Azadlıq» radiosunun Tehranda olan müxbirləri deyirlər ki, bəzi itlər zibillik və xarabalıqların içində karıxıb qalıblar.


İranda Heyvanların Hüquqlarını Müdafiə Cəmiyyətinin rəhbəri Cavid Əlidavud deyir ki, itlərin saxlandığı dustaqxanada şərait olduqca pisdir. Onun sözlərinə görə, «Quran»da itlərin murdar olması ilə bağlı heç nə yazılmayıb. Cəmiyyətin katibi Rza Cavalçi isə deyir ki, İran rəsmiləri it saxlamağı Qərbin ənənəsi hesab edirlər: «İt saxlamaq Qərb ailələrinda daha geniş yayılıb. Ona görə də İran rəsmiləri buna Qərb mədəniyyətinin simvolu kimi baxırlar. Amma bizim araşdırmamıza görə, hələ Qərbdə geniş yayılmamışdan öncə İranda keşik çəkmək üçün it saxlayıblar».


Ötən ay Tehranda itmiş itini axtardığına dair elan yayan bir gənci həbs ediblər. Tehran polisindən olan Mehdi Əhmədin dediyinə görə, bu cür elanlar insanlara mənəvi pozğunluğu təbliğ edir.


XS
SM
MD
LG