«Nota bene» qəzetinin əməkdaşı Fərəməz Novruzoğlunun vəziyyəti yenidən pisləşib. Bunu «Media forum» saytına F.Novruzoğlunun həyat yoldaşı Tahirə Allahverdiyeva deyib.
Oktyabrın 7-də həyat yoldaşına baş çəkən T.Allahverdiyeva F.Novruzoğlunun vəziyyətinin pis olduğunu, Ədliyyə Nazirliyi Tibb İdarəsinin Müalicə Müəssisəsindən 14 saylı təcridxanaya qaydandan sonra onun yarasının yenidən fəsad verdiyini bildirir.
T.Allahverdiyevanın sözlərinə görə, F.Novruzoğlu hələ də təcridxananın sanitar hissəsindədir: «Lakin oradakı tibbi yardımın heç bir köməkliyi olmur. Çünki belə xəstəliyə qarşı daha çox qayğı göstərmək lazımdır. O, yataq rejimində, isti şəraitdə qalmalıdır. Təcridxanada isə bundan ötrü şərait yoxdur. Üstəlik, havalar soyuyur».
«Nota bene» qəzetinin əməkdaşı F.Novruzoğlu (Allahverdiyev) Daxili İşlər naziri Ramil Usubovun və Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Cinayət Məcəlləsinin 147 və 148-ci (böhtan atma, şərəf və ləyaqətin alçaldılması) maddələri ilə qaldırdıqları xüsusi ittiham əsasında Nərimanov Rayon Məhkəməsinin 30 yanvar 2007-ci il tarixli qərarı ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
F.Novruzoğlu Ədliyyə Nazirliyi Baş Tibb İdarəsinin Müalicə Müəsissəsində avqustun 26-dan sentyabrın sonunadək müalicə olunub. Bundan sonra o, yenidən 14 saylı təcridxanaya qaytarılıb.