Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:14

Nərimanov rayonundakı qəbiristanlığın böyük bir hissəsi şumlanıb


Yaxınları deyirlər ki, ən çox təzə dəfn olunmuş cəsədləri məzardan çıxaranda əziyyət çəkirlər
Yaxınları deyirlər ki, ən çox təzə dəfn olunmuş cəsədləri məzardan çıxaranda əziyyət çəkirlər

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun avqustun 17-də verdiyi sərəncamdan sonra Nərimanov rayonu ərazisindəki qəbiristanlığın köçürülməsinə başlanıb. Hazırda bu proses davam edir. Deyirlər, qəbiristanlıq adətən sükut içində olur, ancaq burda belə deyil. Artıq qəbiristanlığın böyük bir hissəsi uçulub dağılmış vəziyyətdədir. Burda texnika işləyir. Yolun bir hissəsi isə artıq çəkilib.


Öz yaxınlarının cəsədlərini Hövsan qəbiristanlığına aparmağa gələnlər narahatdırlar. Qəbiristanlıq adminstrasiyasında onları növbəyə yazırlar. Saat 3-də gələn avtobusla Hövsan qəbiristanlığına gedirlər.


Lyubov Çeçaşvili deyir ki, neçə aydır lap başını itirib: «Üç il əvvəl burada xalamı dəfn etmişdik. İndi maşın gəlib, çıxarıb Hövsana aparacağıq. Təzədən orada dəfn edəcəyik...»


Lara Dmitryevasa deyir ki, texnikanın qəbirləri şumlamasından narahatdır: «Belə vəziyyət camaat üçün psixoloji zərbədir. Biz köklü bakılılarıq. Hələ yaxşı ki, biz burada yaşayırıq. Köçürmədə iştirak edirik. Çox adam var ki, Rusiyaya, xaricə köçüb, onların qohumlarının qəbirləri sahibsiz qalıb».


Olqa Nikolayevnasa Rusiyadan gəlib: «Heç cəsədi tabuta da qoymamışdılar, politilenə bükmüşdülər. Hər şeyi özümüz etdik».


Yaxınları deyirlər ki, ən çox təzə dəfn olunmuş cəsədləri məzardan çıxaranda əziyyət çəkirlər.


Cəsədlərin çıxarılmasına və köçürülməsinə qəbiristanlığın müdiri Kamran Məmmədov rəhbərlik edir: «Cəsədləri sahiblərinin razılığı ilə tabuta qoyub Hövsan qəbiristanlığına göndəririk. Orda da dəfn edirik.

Hamısı hökumətin hesabınadır. Fərq qoymuruq, qohumu gələni də, gəlməyəni də ora aparırıq».


Bu ərazidə yaşayanlar deyirlər ki, eşidiblər ki, ərazi satılacaq, burda binalar tikəcəklər. Qəbiristanlığın müdiri Kamran Məmmədov bunu inkar edir: «Burda ancaq yol olacaq. Binaların tikilməsi layihəsiylə rastlaşmamışam».


Bu yolun nə qədər ərazini əhatə edəcəyi, köçürülmənin nə vaxt sona çatacağı isə hələ məlum deyil. Yalnız o məlumdur ki, ərazidə beş iri küçə salınacaq.


XS
SM
MD
LG