Həmsədrlər oktyabrın 26-da bir neçə saat ərzində Azərbaycan prezidenti və Xarici İşlər naziri ilə görüşlər keçirdikdən sonra Bakını tərk edib, Yerevana qayıdıblar. Vasitəçilər demişdilər ki, onların budəfəki səfərində məqsəd münaqişə tərəflərinin təkliflərini bir-birinə çatdırmaqdır.
Xəzər İbrahim isə deyir ki, həmsədrlər özləri ilə Bakıya yeni heç nə gətirməyiblər və Yerevana da «Azərbaycanın münaqişə ilə bağlı yenidən təkrar etdiyi mövqeyini» aparıblar.
XİN rəsmisi onu da bildirir ki, hazırda tərəflər arasında birbaşa görüşlərdən söhbət getmir. Həmsədrlər tərəflərlə ayrılıqda təmas qururlar: «Əfsuslar olsun ki, prezidentlərin sonuncu Sankt-Peterburq görüşündən sonra danışıqlar faktiki olaraq bir yerdə durmuşdu. Həmsədrlər də Yerevana ona görə qayıtdılar ki, danışıqları irəli aparsınlar. Hazırda masa üzərində yeni təklif yoxdur və bundan əvvəlki prinsiplər üzərində iş gedir».
Bakıda hesab edirlər ki, həmsədrlərin səfərlərinin nəticə verməsi üçün Ermənistan tərəfi konstruktivlik göstərməlidir. Amerikalı həmsədr Metyu Brayzanın 2008-ci ildə Azərbaycan və Ermənistanda keçiriləcək prezident seçkilərinə qədər tərəflər arasında centlmen sazişinin imzalanması barədə çağırışını isə Bakıda «həmsədrin şəxsi düşüncəsi» sayırlar.