Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

Belə getsə, Naxçıvanda taksi qalmayacaq…


Yeni qadağaya kimi Naxçıvanda 3000-ə yaxın taksi vardı, indi yalnız 35-nə rəsmi icazə verilib
Yeni qadağaya kimi Naxçıvanda 3000-ə yaxın taksi vardı, indi yalnız 35-nə rəsmi icazə verilib

Naxçıvanda taksi sürücülərinin işləməsinə məhdudiyyətlər qoyulub. Belə ki, 5 gündür tətbiq edilən yeni qaydaya əsasən 2006-2007-ci illərin maşınlarından başqa digər illərin avtomobillərindən taksi kimi sərnişindaşınmada istifadə edilə bilməz. Qadağanı hansı təşkilatın qoyduğunu soruşanda sürücülər deyirlər ki, əsas işi Naxçıvan MR Dövlət Yol Polisi görür. Nəqliyyat Departamenti də bu məsələdə dəstək verir.


Yəni hər iki dövlət orqanı bu sahədə birgə fəaliyyət göstərir. Sürücülər hansı qanuna uyğun olaraq belə qadağaların tətbiqini anlamadıqlarını, öyrənmək istədikdə isə heç onlara əhəmiyyət verilmədiyini deyirlər.


Sürücülər «Azadlıq» radiosuna bildiriblər ki, onların avtomobillərini taksi kimi istifadə edə bilmələri barədə MR Nəqliyyat Departamentindən 110 manat ödəyib aldıqları 5 illik lisenziyaları var. Eyni zamanda maşınlarının saz vəziyyətdə olması barədə sənədləri də qaydasındadır. Başqa sözlə desək onları işləməyə qoymayan yol polisi idarələrində maşınları texniki baxışdan da keçib.


Sürücülər deyirlər ki, belə getsə şəhərdə taksi qalmayacaq. Taksilərin demək olar ki, 95%-i köhnə illərin maşınlarıdır. Camaatın gücü ancaq onu almağa çatır. 2007-ci ilin avtomobilini almaq imkanında olan şəxsin taksi sürücüsü işləyə biləcəyi Naxçıvanda ağıla sığmazdır.


Naxçıvanda taksiçiliklə çörək pulu qazananlar deyillər ki, birinci dəfə deyil belə işlərlə üzləşirlər. Adətən varlı adamlardan kimsə MR-ya hansısa malı çox gətirəndə onun satılması üçün bəzi şeylərə qadağalar qoyulur. İndi də kimsə çoxlu sayda maşın gətirib taksi kimi işlətmək istədiyi üçün belə varianta əl atılıb.


Yeni qadağaya kimi MR-da 3000-ə yaxın taksinin olduğunu, indi yalnız onlardan 35-nə rəsmi icazənin verildiyini öyrəndik. İcazəli taksilərə göy rəngli yeni maşın nömrə nişanları verilir.


Taksiçilik edənlər çıxış yolunu dolanışıqlarını təmin etmək üçün Naxçıvandan çıxıb getməyi planlaşdırırlar. Sürücülər deyirlər ki, ev-eşiklərini satıb Rusiyaya, Türkiyəyə və ya Bakıya iş dalınca getməkdən başqa çarələri qalmayıb.


Problemə MR rəsmlərindən münasibət öyrənmək mümkün olmayıb. Üstəlik taksi sürücülərinə də bu barədə mətbuata danışmaq qadağan edilib.


XS
SM
MD
LG