Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:37

Bir çıxışın on illiyi


Hələlik Ter-Petrosyan çıxışlarında Rusiya ilə bağlı hər hansı fikir söyləmir
Hələlik Ter-Petrosyan çıxışlarında Rusiya ilə bağlı hər hansı fikir söyləmir

Belə bir deyim var ki, siyasət mümkün olanın sənətidir. Siyasətdə bir çox hallarda iki tendensiya toqquşur-realizm və populizm. Reallıq hissi özünü siyasətdə digər peşələrlə müqayisədə daha çox diktə edir, siyasətçinin öz elektoratı və milləti qarşısında məsuliyyətini müəyyən edir. Amma populizm realizmə həmişə mane olur. Bəzən elə olur ki, populizm ümummilli xarakter alır və reallıq hissinin tamamilə itirilməsinə gətirib çıxarır.


Bu gün Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın Dağlıq Qarabağ problemi ilə bağlı məlum çıxışından on il keçir. Bu çıxışından sonra o, hakimiyyətlə vidalaşmalı oldu-realizmlə populizm konkret siyasi səhnədə qarşılaşdı və populizm qalib gəldi. Həmin çıxışında ilk dəfə olaraq Levon Ter-Petrosyan Ermənistanın Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü siyasətin doğruluğunu şübhə altına almışdı. Onun fikrincə bu siyasət məhz bir sıra reallıqları nəzərə almırdı.


Artıq həmin çıxışın üstündən on il keçib. İndi Levon Ter- Petrosyan yenidən hakimiyyətə iddialı olduğunu bəyan edib. Ermənistanda keçirilən mitinqlərdə bildirib ki, onun əsas məqsədi hakimiyyətə gəlmək deyil, mövcud hakimiyyəti siyasi səhnədən uzaqlaşdırmaqdır, elə bu səbəbdən də başqa güclü namizəd olmadığından prezidentliyə öz namizədliyini irəli sürmək məcburiyyətindədir. Maraqlı sual yaranır: Levon Ter – Petrosyan yenidən hakimiyyətə qayıdarsa Dağlıq Qarabağ problemində hər hansı bir dəyişiklik mümkündürmü?


Unutmaq lazım deyil ki, Qarabağ Levon Ter-Petrosyanın hakimiyyətdə olduğu dövrlərdə işğal olunub. Ona görə də onun mövqeyində ciddi dəyişiklik gözləmək düzgün deyil

Bu sualın cavabı bir sıra amillərdən asılıdır. Məlum olduğu kimi, Rusiya Ermənistanı özünün Cənubi Qafqazda forpostu adlandırır. Ermənistan Qafqazda Rusiyaya ən yaxın və Avropa ilə inteqrasiyaya ən könülsüz can atan respublikadır. Rusiyanın yeni müdafiə naziri ilk səfərini Ermənistana edir. Gürcüstandan çıxarılan Rusiya qoşunları Ermənistanda yerləşdirilir. Rusiya Ermənistana böyük hərbi yardımlar edir, onu özünün Qafqazda əsas müttəfiqi kimi təqdim edir. Cənubi Qafqazın üç respublikası müxtəlif təhlükəsizlik müstəvilərindədir-Gürcüstan və Azərbaycan daha çox Qərbə can atır, Ermənistan isə Rusiya ilə sıx hərbi və siyasi ittifaqdadır.


Elə bu səbəbdən də suala elə suallarla cavab vermək zərurəti yaranır: Hakimiyyətə gələcəyi təqdirdə Ter-Petrosyan Rusiya amilindən nə qədər asılı olacaq? O, müstəqil siyasət yürüdə, Ermənistanın bir dövlət kimi Rusiyadan asılılığını azalda biləcəkmi? Erməni lobbisinin diktəsini dəf etməyi bacaracaqmı? Realizmə üstünlük verəcək, yoxsa populizmə? Ötən on il ərzində Ter-Petrosyanın özünün Dağlıq Qarabağ problemi ilə bağlı baxışları nə qədər dəyişib? Bunlar mürəkkəb suallardır.


Söhbət Ermənistanın müstəqil dövlət kimi formalaşmasından, Rusiyadan asılılığının azalmasından gedirsə bunun bir yolu var: Ermənistan qonşuları ilə bağlı yürütdüyü siyasətə düzəlişlər etməlidir. Məsələn, Azərbaycan və Türkiyəyə qarşı münasibət dəyişməlidir. Bunun üçün isə Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır.


Hələlik Ter-Petrosyan çıxışlarında Rusiya ilə bağlı hər hansı fikir söyləmir.


Dağlıq Qarabağ probleminə gəldikdə isə ziddiyyətli çıxışlar edir. Bir tərəfdən deyir ki, Dağlıq Qarabağ onun üçün həmişə insan haqları problemi olub, o biri tərəfdən də Dağlıq Qarabağın erməni əhalisinin etnik azlıq kimi adlandırılmasının əleyhinə olduğunu bildirir. Ola bilsin, burada ona yenə də populizm mane olur, realist fikirlər səsləndirməkdən çəkindirir. Amma artıq bir dəfə realist fikirlər söyləmiş siyasətçi növbəti dəfə reallığı açıqlamaqdan ehtiyat etməməlidir. Burada bir detal var da. Unutmaq lazım deyil ki, Qarabağ Levon Ter-Petrosyanın hakimiyyətdə olduğu dövrlərdə işğal olunub. Ona görə də onun mövqeyində ciddi dəyişiklik gözləmək düzgün deyil.


Hər halda on il siyasət üçün çox böyük müddətdir. Bu on il ərzində nələr baş verib? Hansı reallıqların diktəsi hiss olunur? Sözsüz ki, on il müəyyən nəticələr çıxarmağa və müqayisələr aparmağa imkan verir. Bu on il ərzində bir sıra dəyişikliklər baş verib. Zaman Azərbaycan üçün hədər ötüşməyib. İndi Azərbaycanın təkcə hərbi büdcəsi Ermənistanın dövlət büdcəsi tərtibindədir. Azərbaycanın iqtisadi, diplomatik və hərbi resursları artıb. Amma bu sözləri Ermənistan haqqında demək mümkün deyil. Dağlıq Qarabağ problemi Ermənistana nə verdi? Ermənistan regional layihələrdən kənarda qaldı, sosial-iqtisadi baxımdan gerilədi, hətta öz müstəqilliyini məhdudlaşdıraraq Rusiyadan asılı vəziyyətə düşdü. On ilin nəticələri və reallıqları bunlardır.


XS
SM
MD
LG