Azərbaycan hökuməti seçki komissiyalarının siyasiləşməsini istəmir.
Bu fikri Prezident Aparatı İctimai Siyasi Şöbəsinin müdiri Əli Həsənov qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı Beynəlxalq Seçki Sistemləri Fondunun (IFES) tədbirində səsləndirib. Əslində, son illər seçki komissiyaları ilə bağlı oxşar mövqeni Azərbaycan hakimiyyətinin başqa üzvləri də ayrı-ayrı vaxtlarda dilə gətiriblər. Əli Həsənov isə bu dəfə həmin mövqeyi daha geniş şəkildə əsaslandırmağa çalışıb. Onun sözlərinə görə, əslində, Azərbaycanda məhz beynəlxalq təşkilatların təkidindən sonra seçki komissiyaları siyasi qüvvələrdən təşkil olunmağa başlayıb. Əli Həsənov deyib ki, indi də olmasa, gələcəkdə seçki komissiyalarının siyasi qüvvələrin asılılığından çıxarılmasına ehtiyac var. Onun sözlərinə görə, komissiyalar müstəqil, bitərəf, peşəkar insanlardan formalaşmalı, siyasi məsuliyyəti, hüquqi məsuliyyət əvəz etməlidir: «Seçki komissiyaları idman meydanı deyil ki, orada ya yarışsınlar, ya da güləşsinlər. Orda hüquqi məsuliyyət və öz vicdanlarının məsuliyyəti olmalıdır. Partiya tapşırıqları yox».
Bununla belə, Əli Həsənov deyib ki, onlar toplantıya qatılan hər bir siyasi qüvvənin mövqeyinə hörmətlə yanaşırlar. Həmin siyasi qüvvələrin komissiyaların formalaşması ilə bağlı hansı qərara gəlmələri onların öz işləridir.
Aparıcı müxalifət partiyalarının bir araya gəldikləri «Azadlıq» bloku və Müsavat bu müzakirələrdə iştirak etmir. Onlar hesab edirlər ki, Beynəlxalq Seçki Sistemləri Fondu hakimiyyətpərəst olduğundan belə müzakirələrə qatılmağın heç bir mənası yoxdur. Fondun təmsilçiləri isə müxalifətin bu iradını yersiz sayaraq həmişə bitərəf olduqlarını bəyan edirlər. Müsavat Partiyasının başqanı İsa Qəmbər deyir ki, əslində, indiki formatda da seçki komissiyalarının üçdə birini bitərəflər təşkil edir. Onun sözlərinə görə, həmin bitərəflər indiyə qədər bir qayda olaraq hakimiyyətin mövqeyini müdafiə ediblər. İndi də heç kim zəmanət verə bilməz ki, hakimiyyət peşəkarlar adı altında özünə yaxın insanlardan komissiyalar formalaşdırmayacaq: «Əgər bitərəflərdən söhbət gedirsə, onda onların yarısını hakimiyyət, digər yarısını isə müxalifət seçməlidir. Bizim də etimad göstərdiyimiz bitərəflər var».
Əslində, seçki komissiyaları ilə bağlı Azərbaycanda daim müxtəlif təkliflər səslənib. Hətta 2000-ci il parlament seçkiləri ərəfəsində Azərbaycan Sosial Demokrat Partiyasının həmsədri Zərdüşt Əlizadə və bir neçə şəxs seçkiləri BMT-nin keçirməsi təklifi ilə çıxış etmişdilər. Ancaq onda bu təklifi nə hakimiyyət, nə də müxalifət müdafiə etmişdi.
«Ayna» qəzetinin şərhçisi Azər Rəşidoğlu isə deyir ki, ən əsas məsələ hakimiyyətin azad və ədalətli seçkilərlə bağlı iradə nümayiş etdirməsidir. Bundan ötrü isə komissiyaların formalaşmasından əvvəl bütün qüvvələr üçün əlverişli seçki mühiti yaradılmalıdır: «Hakimiyyətin həm müxalifətə, həm də mətbuata münasibəti göstərir ki, hələ belə bir iradə ortalıqda yoxdur».
Azər Rəşidoğlunun sözlərinə görə, nə qədər ki, azad və ədalətli seçkilərlə bağlı iradə yoxdur, bütün müzakirələr görüntü xarakteri daşıyacaq. Azərbaycanda prezident seçkisinə artıq bir ildən də az vaxt qalıb. İstər ABŞ-ın Azərbaycandakı səfirliyi, istərsə də bir sıra beynəlxalq təşkilatlar bəyan ediblər ki, elə bu seçki Azərbaycanda demokratiyanın həqiqi vəziyyətini dəyərləndirməyə imkan verəcək.