Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:43

Gürcüstan siyasi böhranı: qərbyönümlü islahatlar, yoxsa hakimiyyət başgicəllənməsi


Müxalifət partiyasının lideri: «Biz daha yaxşı Saakaşvili axtarışında deyilik»
Müxalifət partiyasının lideri: «Biz daha yaxşı Saakaşvili axtarışında deyilik»

«Ekonomist» jurnalının 17 noyabr saylı nəşrində Gürcüstandakı son siyasi böhrana dair iki məqalə dərc olunub.


Birinci məqalə «Mişanın tör-töküntüləri adlanır». Məqalədə Mixail Saakaşvilinin Qərbə arxalanaraq ölkədə müxalifəti əzməyə cəhd göstərməsi kəskin şəkildə tənqid edilir. Məqalədə o da qeyd olunur ki, Rusiya bu böhrandan yararlanmağa çalışır və Qərb Gürcüstanın Avropa strukturlarına inteqrasiyasını sürətləndirməlidir ki, bu oyunlara son qoyulsun. Eyni zamanda məqalənin ana xətti ondan ibarətdir ki, Gürcüstanın NATO-ya və digər Qərb strukturlarına inteqrasiyası Saakaşviliyə «kart-blanş» verilməsi şəklində olmamalıdır. Gürcüstan rəhbərliyi ölkədə demokratik islahatların aparılması və parlamentin səlahiyyətlərinin genişləndirilməsi məsələlərində öz üzərinə aydın şəkildə öhdəliklər götürməlidir və onlara əməl etməlidir.


Jurnalda dərc edilən digər bir məqalə Gürcüstandakı siyasi prosesləri daha geniş təhlil etməyə çalışır. «Qafqaz Dairəsi» başlıqlı məqalə «Ekonomist»in müxbir heyətinin Tbilisi və Batumiyə səfərlərindən sonra yazılıb.


Məqalədə ilk əvvəl 2003-cü il qızılgül inqilabından sonra Gürcüstanda görülən abadlıq işləri, küçələrin işıqlandırılması, elektrik enerjisi problemlərinin həll olunması, yeni binaların tikilməsi və infrastruktura, o cümlədən təhsilə ciddi investisiyaların qoyulması qeyd olunur.


Problemlərin həllinə vaxt lazımdır və əhalinin səbirsizliyi Gürcüstan hökuməti ilə əhali arasında uçurum yaradır

Məqalə müəllifləri qeyd edirlər ki, 2003-cü ilə qədər Gürcüstan hökumətinin nəzarətindən kənarda qalmış Batumi şəhəri indi çiçəklənir. Batumi meri Levan Varşalomidzedən sitat gətirən müəlliflər qeyd edir ki, inqilabdan əvvəl Ermənistandan Batumiyə gəlmək üçün təkcə yol polisinə 100 dollaradək rüşvət verilməli idi, halbuki, Saakaşvilinin yol polisini lazımsız bir qurum kimi bir əmrlə ləğv etməsi bu problemi birdəfəlik həll edib. Gürcüstanın illik iqtisadi artımı 10 % təşkil edir ki, bu da təbii sərvətləri olmayan bir ölkə üçün çox yüksək bir rəqəmdir.


Bütün bu inkişafın fonunda Saakaşvili hökumətinin noyabrın 7-də müxalifət mitinqlərini dağıtması və müxalifyönlü televiziya kanallarını bağlaması çox dərin bir ziddiyyəti ortaya qoyur. Gürcüstanda yaşayan siyasi şərhçi Aleks Rondeli bu ziddiyəti bir neçə faktorla əlaqələndirib. İlk öncə şərhçi qeyd edir ki, «Saakaşviliyə olan gözləntilər o qədər yüksək idi ki, onlar iflasa uğramağa məhkum idi».


Şərhçinin fikrincə Gürcüstandakı problemlər kifayət qədər ciddidir və ölkədəki quruculuq işləri bir nəslin belə tam həll edib qurtara bilməyəcəyi bir işdir. Problemlərin həllinə vaxt lazımdır və əhalinin səbirsizliyi Gürcüstan hökuməti ilə əhali arasında uçurum yaradır.


İkinci bir ciddi səbəb kimi Rondeli Gürcüstanda çoxlarının təkrarladığı bir fikri deyir: «Hakimiyyət Saakaşvilinin başına vurub». Ciddi müxalifətin olmamasından yaranan bu hakimiyyət başgicəllənməsi Saakaşvilini avtoritar idarəçiliyə doğru yönəldib və hazırda bəzi müxalifət liderlərinin hətta Rusiya ilə münasibətlər qurması belə əhalini onu dəstəkləməkdən və Saakaşvilinin əleyhinə çıxmaqdan çəkindirməyib. 10 müxalifət partiyasının birləşdiyi blok qarşıdan gələn seçkilərdə biznesmen Levan Qaçeçiladzenin namizədliyini dəstəkləyəcək. Bu bloku təmsil edən Respublikaçılar Partiyasının lideri David Usupaşvili müxalifətin prezident üsul idarəsini ləğv etməyi qarşısına məqsəd qoyduğunu qeyd edir və deyir: «Biz daha yaxşı Saakaşvili axtarışında deyilik».


Məqalənin yekununda müəlliflər yazır ki, Rusiyanın birmənalı şəkildə Saakaşvili hökumətini devirməyə çalışması Qərbin Saakaşvili hökumətini ciddi tənqid etməsinə mane olur. Bu dilemmanı yerli şərhçi Aleks Rondeli belə ifadə edir: «Biz bizi dişləyən qəddar bir itlə bir qəfəsdəyik. Biz Avropadan xahiş edirik ki, qəfəsi açıb bizi buraxsın, onlar isə bizə deyirlər ki, itlə yaxşı davranaq».


XS
SM
MD
LG