Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:47

«Qazın qiyməti artırılacaq»


Yanvarın 8-dən vətəndaşlar mavi yanacağın haqqını yeni tariflərlə ödəyəcəklər
Yanvarın 8-dən vətəndaşlar mavi yanacağın haqqını yeni tariflərlə ödəyəcəklər

Bölgələrdə, o cümlədən paytaxtın əksər rayonlarında qaz təchizatı ilə bağlı ciddi problemlər var. Qış mövsümü yenicə başlasa da, xüsusilə bölgələrdə mavi yanacaq fasilələrlə verilir, bəzi yerlərdə isə qazın təzyiqi normadan çox aşağı olur.


«Yeni Müsavat» yazır ki, bu arada Azərbaycanın 2008-ci il üçün enerji balansı hazırlanaraq Nazirlər Kabinetinin müzakirəsinə verilib. Müşahidələr hökumətin bu il enerjidaşıycılarını, əsasən ixraca yönəltmək niyyətində olduğunu göstərir. Baş nazirin birinci müavini Yaqub Eyyubov ötən gün mətbuata verdiyi müsahibəsində açıq şəkildə bildirib ki, «Şahdəniz» yatağı yalnız ixraca yönəldiləcək.


Digər mənbələrdən əldə edilən mavi yanacaq isə başqa məqsədlərə sərf olunacaq. Nəzərə çatdıraq ki, «bp-Azərbaycan» şirkəti ARDNŞ-ə verdiyi səmt qazının kubmetrini azaldıb. Hazırda hökumət şirkətlə 2 milyard kubmetr səmt qazı almaq istiqamətində danışıqlar aparır. «Məlumatlara görə, növbəti ildən əhaliyə verilən qazın qiyməti qaldırılacaq. Yanvar ayının 8-dən vətəndaşlar istifadə etdikləri mavi yanacağın haqqını yeni tariflərlə ödəyəcəklər»- «Yeni Müsavat» belə yazır.


İqtisadçı Rövşən Ağayev deyir ki, 2008-ci il bahalaşma və yüksək inflyasiya ilə yadda qalacaq.


Cari ilin yayında iqtisadçı Rövşən Ağayevin «Ayna»ya müsahibəsində verdiyi proqnozlar özünü doğrultdu. İqtisadçı payızda ət və ət məhsullarının, digər ərzaq məhsullarının bahalaşacağı ilə bağlı proqnoz vermişdi. Belə də oldu - qiymətlər bahalaşdı, inflyasiyanın səviyyəsi yüksəldi.


İqtisadçıların proqnozlarına görə, bu, son deyil.


«Bəs hazırda bahalaşmaya hansı faktorlar təsir edir» sualını ekspert belə cavablandırıb.


«İqtisadiyyat üzərində hökmranlıq edən inhisarçılıq prosesə təsirsiz ötüşmür. Bununla yanaşı, biz inflyasiyanı kənardan da idxal edirik. Məsələ ondadır ki, gündəlik tələbat mallarının təqribən 70 faizi idxal edilir. Ölkəyə idxal edilən məhsulların qiymətləri isə bahalaşıb.


Onu da qeyd edim ki, gələn il ölkəmizdə seçki ilidir. Təcrübə göstərir ki, seçkilərdə böyük məbləğdə pullar xərclənir. Bunu danmaq olmaz. Əhalini şirnikləndirmək üçün müxtəlif yollardan istifadə olunur, infrastruktur layihələri həyata keçirilir. Bu da dövriyyədəki pulun kütləsini artırır».


Son zamanlar seçki komissiyalarının formalaşdırılması ilə bağlı müxtəlif təşkilatlar müzakirələr təşkil edirlər. Belə müzakirələrdən birini də Demokratiya Uğrunda İttifaq (DUİ) təşkil edir. Azadlıq Partiyasının sədri, DUİ-nin üzvlərindən biri Əhməd Oruc «525»ə müsahibə verib.


Partiya sədri iqtidar-müxalifət dialoqu məsələsinə münasibət açıqlayıb: «Dialoq əsasən ciddi qarşıdurmaların mövcud olduğu cəmiyyətlərə lazım olur. Hesab edirəm ki, Azərbaycanda kifayət qədər ciddi problemlər var. Amma bu problemləri yüzlərlə oyunda iştirak etmiş siyasi partiyaların liderlərinin nəzarətinə vermək olmaz. Çünki həmin təşkilatlar Azərbaycan cəmiyyətində indiki əhval-ruhiyyənin yaranmasında birbaşa cavabdeh olan qüvvələrdir. Fikrimcə, bir neçə partiya ilə hakimiyyət arasında aparılan dialoq heç bir nəticə verə bilməz. Əgər geniş şəkildə cəmiyyəti düşünən ziyalılarla hakimiyyət arasında dialoq baş tutsa, bunun nəticə verəcəyinə inanmaq olar».


Hakim Yeni Azərbaycan Partiyasının orqanı olan «Yeni Azərbaycan» qəzeti yazır ki, «Azərbaycan informasiya texnologiyalarından 4 milyard dollar qazanacaq».


Qəzet Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasova istinadən belə iddia edir. Nazir əmin edib ki, İKT sektorunda innovasiya zonalarının yaradılması ölkə iqtisadiyyatında əhəmiyyətli dərəcədə dönüş yaradacaq.


XS
SM
MD
LG