Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:01

«Azərbaycan NATO-ya üzv olmağa hazırlaşmır»


XİN sözçüsü bildirir ki, «milli maraqlar nəyi diqtə edirsə, hökumət də onu edəcək»
XİN sözçüsü bildirir ki, «milli maraqlar nəyi diqtə edirsə, hökumət də onu edəcək»

Azərbaycan NATO-ya üzv olmağa hazırlaşmır. Bunu Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Xəzər İbrahim noyabrın 22-də «Azadlıq» radiosuna bildirib.


Daha əvvəl Baş nazirin müavini Yaqub Eyyubov bəyan etmişdi ki, Bakının məqsədi NATO-ya inteqrasiya etməklə gələcəkdə hərbi alyansa üzv olmaqdır.


Xəzər İbrahim isə deyir ki, söhbət üzvlükdən yox, məhz inteqrasiyadan gedir: «Hazırda biz sadəcə, bu gün üzərimizə düşən vəzifələri və əməkdaşlıq çərçivələrini yerinə yetirməklə məşğuluq, hansısa digər formatdan söhbət açmırıq».


X.İbrahim xatırladıb ki, Azərbaycan müstəqil olandan sonra dərhal NATO ilə əməkdaşlığa başlayıb. Cənubi Qafqaz ölkələri arasında ilk olaraq planlaşdırma və analiz prosesinə qoşulub və silahlı qüvvələrinin NATO standartlarına daha uyğun olmasına çalışır:


«İndi də müxtəlif sahələrdə, elmdən tutmuş fövqəladə hallara qədər NATO ilə əməkdaşlıq edirik, Fərdi Əməkdaşlıq və Əməliyyat Planına da qoşulmuşuq. Bunlar göstərir ki, biz NATO ilə münasibətlərimizdə çox ciddiyik və öz potensialımızın gücləndirilməsi və milli maraqlarımıza uyğun fəaliyyətimizi qurmuşuq».


XİN rəsmisi bir daha vurğulayıb ki, Bakının məqsədi hazırkı öhdəliklərini və «masa üzərindəki məsələləri» yerinə yetirməkdir, belə ki, «bu, ilk növbədə Azərbaycanın maraqlarına uyğundur».


«Azərbaycan kiməsə baxıb öz siyasətini həyata keçirmir. Milli maraqlar nəyi diqtə edirsə, hökumət də onu edəcək. Biz sadəcə, öz maraqlarımızın düzgün qarşılanmasına çalışırıq», - deyə Xəzər İbrahim vurğulayıb.


XİN sözçüsü onu da bildirib ki, inteqrasiya bir prosesdir, o dayana, davam edə və yaxud müxtəlif formalara keçə bilər.


XS
SM
MD
LG