Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 13:26

Vladimir Putin Rusiya müxalifətini Qərblə əməkdaşlıqda suçlayır


Putin deyir: «Opponentlərimiz bizi bölünmüş görmək istəyir»
Putin deyir: «Opponentlərimiz bizi bölünmüş görmək istəyir»

Noyabrın 22-də «Vaşinqton Post» qəzeti «Putin rəqiblərini Qərblə əlaqələndirir» başlıqlı məqalə ilə dərc edib. Məqalədə deyilir ki, noyabrın 21-də prezident Putin Moskva idman arenasında minlərlə tərəfdarının qarşısında Sovet erası musiqilərinin fonunda çıxış edərək öz rəqiblərini Qərbin agentləri olmaqda ittiham edib.


Putin «Qərb mütəxəssislərinin» köməyi ilə Rusiyada küçə çevrilişinə hazırlaşan müxalifəti Rusiyanın düşməni elan edib. Putin çıxışında deyib: «Elələri də var ki, onlar bizim planlarımızın həyata keçməsini istəmirlər, çünki onların Rusiya haqqında başqa təsəvvürləri var. Onlara zəif və dayanıqsız dövlət lazımdır. Onlara nizamsız və oriyentasiyasını itirmiş cəmiyyət-parçalanmış cəmiyyət lazımdır ki, onun arxasında öz çirkin oyunlarını qura bilsinlər».


Qəzet yazır ki, Putin və hakim Vahid Rusiya Partiyasının əleyhinə olmağın milli xəyanətlə eyniləşdirilməsi rəsmi Kremlin ritorikasında yeni bir şey deyil. Lakin Rusiyada 2 dekabr parlament seçkiləri və gələn ilin Martındakı prezident seçkiləri yaxınlaşdıqca bu ritorika yeni səviyyələrə qalxır.


Qəzet yazır ki, Putinin başçılıq etdiyi Vahid Rusiya Partiyası aparılan sorğularda kifayət qədər populyardır və bu partiyanın dekabr seçkilərində böyük üstünlüklə qalib gəlməsi gözlənilir, lakin Rusiya hökuməti heç də şanslara arxalanaraq, iş görmək istəmir.


Yabloko partiyasının lideri Qriqori Yavlinski proseslərə qiymət verərək aşağıdakıları deyib: «Rusiya Sovet stili ilə birpartiyalı hakimiyyətin qurulması ərəfəsindədir»

Buna görə də müxalifətin gözdən salınması Rusiya mediasında gücləndirilir. Əhaliyə belə bir fikir təlqin olunur ki, yerli Rusiya QHT-ləri Qərb hökumətləri ilə alyans bağlayaraq dövlət çevrilişi həyata keçirməyə çalışırlar. Putin deyir: «Opponentlərimiz bizi bölünmüş görmək istəyir. İndi ki, onlar Qərb mütəxəssislərindən bəzi şeyləri öyrəniblər və onları qonşu ölkələrdə tətbiq ediblər, onlar bu əməlləri burada bizim küçələrdə həyata keçirməyə çalışacaqlar».


Qəzet yazır ki, bu çıxış Qərb institutları ilə Rusiya arasındakı qarşıdurmanın son həddə çatdığı bir vaxta təsadüf edir. 56 ölkənin təmsil olunduğu ATƏT Rusiyanın beynəlxalq müşahidəçilik qaydalarına xeyli məhdudiyyət qoyduğunu qəbul etməyərək bu ölkədəki dekabr seçkilərini müşahidə etməkdən imtina edib.


Putin öz yolundan dönməyəcəyini vurğulayaraq əhalini onun ətrafında sıx birləşməyə çağırır və deyir ki, dekabrın 2-də keçirilən seçkiləri qazanan mart seçkilərini də udmuş olacaq və hamını «Vahid Rusiya»ya səs verməyə çağırır.


Rusiyanın özünün içində də siyasi dinamika radikallığa doğru gedir. Harri Kasparovun rəhbərlik etdiyi Başqa Rusiya koalisiyasının icra komitəsinin üzvü Marina Litvinoviç Rusiya hökumətini nəzərdə tutaraq deyir ki, «onlar özlərini müxtəlif qəsd və ssenarilərlə qorxudurlar. Vahid Rusiya və hökumətdən kənarda qalan istənilən şəxs onlar üçün düşmənə çevrilir».


İnsan haqları müdafiəçisi Tatyana Lokşina deyir ki, Putinin opponentlərinin Rusiyanın düşməni hesab edilməsi hamıya kifayət qədər tanış və depressiv bir fenomendir.


Daha sonra məqalədə qeyd olunur ki, noyabrın 21-də təşkil olunmuş Putinpərəst nümayiş, guya ki, spontan olaraq, Putinin hakimiyyətdə qalmasını istəyən Putin Uğrunda Hərəkatı tərəfindən keçirilən bir tədbir idi. 5000 nəfərlik mitinqin sovet erasının ideoloji marşlarından biri olan «Dobrovoltsı, Komsomoltsı» mahnısının sədaları altında keçirildiyini qeyd edən qəzet yazır ki, bu hərəkatın birbaşa Kreml tərəfindən yaradıldığı və idarə edildiyini çoxları iddia edir.


Yabloko partiyasının lideri Qriqori Yavlinski elə həmin gün bu proseslərə qiymət verərək aşağıdakıları deyib: «Rusiya Sovet stili ilə birpartiyalı hakimiyyətin qurulması ərəfəsindədir».


XS
SM
MD
LG