Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 21:18

Azərbaycanlı fəallar haqda beynəlxalq kampaniya başlayıb


Noyabrın 21-də başlanan kampaniya «Birini qoru-minini gücləndir» adlanır
Noyabrın 21-də başlanan kampaniya «Birini qoru-minini gücləndir» adlanır

Mərkəzi Dublində yerləşən və Birləşmiş Millətlər Təşkilatının İqtisadi-İctimai Şurasında Xüsusi Məsləhətçi statusuna malik olan «İnsan Haqları Müdafiəçilərinin Qoruyucusu-Front Line» təşkilatı İranda həbs edilmiş Azərbaycanlı hüquq müdafiəçisi Saleh Kamrani və Səid Mətinpurla bağllı geniş kampaniya başlayıb.


Noyabrın 21-də başlayan «Birini qoru-minini gücləndir» adlı beynəlxalq kampaniya dünyanın 12 ölkəsində həyatları təhlükədə olan 14 hüquq müdafiəçisini əhatə edir.


Bu haqda beynəlxalq səviyyədə məlumat yayan kampaniyanın iştirakçıları hüquq müdafiəçilərinin azad edilməsi məqsədilə imza toplayır, onları təqib və ya həbs edən hökumətlərə təzyiq göstərməyə çalışır.


İranın azərbaycanlı hüquq müdafiəçiləri haqda məlumatı «Front Line» təşkilatına mərkəzi Kanadada yerləşən İranda Azərbaycanlı Siyasi Məhbusları Müdafiə Assosiasiyası çatdırıb və kampaniyada yaxından iştirak edir.


Assosiasiyanın sədri Faxtə Zamaninin fikrincə kampaniyanın beynəlxalq mətbuat da yayılması İran hökumətinə təzyiqləri artırmaqla siyasi məhbusların azad edilməsinə xeyli yardım edəcək.


Azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Səid Mətinpur mayın 25-də Zəncan şəhərində nəzarət altına alınıb. Beynəlxalq «Amnesty International» təşkilatı azərbaycanlı fəalı vicdan məhbusu elan edib.


«Amnesty International» hüquqşünas və hüquq müdafiəçisi Saleh Kamranini də vicdan məhbusu kimi tanıyır. Avqustun 18-də gecə vaxtı Kərəc şəhərində tutulub Tehranın Evin həbsxanasına aparılan Kamrani bu günə qədər zindanın ETTELAAT müfəttişlərinin nəzarətində olan 209-cu korpusunda saxlanılır.


XS
SM
MD
LG