Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:57

Kunqurovanın ölümü ilə bağlı ziddiyyətli xəbərlər yayılır


Faina Kunqurova və qızı
Faina Kunqurova və qızı

Noyabrın 18-də Ədliyyə Nazirliyinin Böyükşorda yerləşən Müalicə Müəssisəsində vəfat edən müxalifətçi Faina Kunqurovanın ölümü ilə bağlı bir-birini inkar edən informasiyalar yayılmaqdadır.


İnsan haqlarının müdafiəçisi Elçin Behbudov deyir ki, Ədliyyə Nazirliyi Müalicə Müəssisəsinin baş həkimi, tibb xidməti polkovnik-leytenantı Rəşad Dəmirov ona Kunqurovanın ölümü haqda məhkəmə-tibb ekspertizasının rəyini təqdim edib:


«Məhkəmə tibb-ekspertizasının rəyinə görə, Faina Kunqurova kəskin ürək çatışmazlığından vəfat edib».


Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mehman Sadıqov isə «Azadlıq» radiosuna bildirib ki, hələlik Nizami Rayon Prokurorluğunda aparılan məhkəmə-tibb ekspertizasının nəticələri bəlli deyil:


«Məndə olan informasiyaya görə, dünənə kimi ekspertin rəyi bəlli deyildi».


Ekspert rəyinin bunca gecikməsinin səbəbləri isə Mehman Sadıqova bəlli deyil.


Böyükşorda yerləşən müalicə müəssisəsində Kunqurova ilə eyni kamerada saxlanan şəxslərlə söhbətindən sonra Elçin Behbudov onun ölümü ilə bağlı rəsmi versiyaya şübhə etdiyini bildirir: «İdmançı qadın idi. Çox sağlam idi. Əgər o, tutulmasaydı ölməzdi».


Kunqurovanın fiziki cəhətdən sağlam olduğunu onu 5 ilə yaxındır tanıdığını bildirən Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus da təsdiq edir. Həbs edilməzdən bir neçə gün öncə isə Kunqurova Sülh və Demokratiya İnstitutuna gələrək Leyla Yunusa xarici ölkələrdən birinə mühacirət etmək fikrində olduğunu bildirib:


«Deyirdi ki, mən heç yerdə özümə iş tapa bilmirəm. Qızımı saxlaya bilmirəm. Ona görə də xarici ölkələrdən birinə getmək, sığınacaq almaq istəyirəm».


Leyla Yunus Kunqurovanın ölümü ilə bağlı bütün məsuliyyətin heç bir əsas olmadan onun haqqında həbs-qətimkan tədbiri seçən hakimin, Şüvəlan istintaq təcridxanasının və Böyükşor müalicə müəssisəsinin rəhbərliyinin üzərinə düşdüyünü bildirir. İnsan haqlarının müdafiəçisi bildirir ki, indi bu şəxslər Kunqurovanın ölümü ilə bağlı ziddiyyətli informasiyalar yaymaqla faktiki baş verənləri gizli saxlamaq istəyirlər: «Sağlam və bir cavan qadının ölümünə, onun övladının isə yetim qalmasına bais olan cinayətkarlar indi istəyirlər ki, onların cinayəti açılmasın və məhkəmə qarşısında məsuliyyət daşımasınlar».


Leyla Yunus Nizami Rayon Prokurorluğunda ölüm faktı ilə bağlı araşdırma aparıldığı haqda rəsmi xəbərlərə də şübhə ilə yanaşdığını deyir. Onun sözlərinə görə, dəfələrlə müraciət etmələrinə baxmayaraq araşdırmanın kimin icraatında olduğunu öyrənə bilməyiblər. Bununla yanaşı, insan haqları müdafiəçiləri Kunqurovanın ölümünün əsl səbəblərinin aşkara çıxarılması üçün onun meyitinin eksqumasiya edilməsilə bağlı məhkəmə qarşısında iddia qaldırmağa hazırlaşırlar.


Faina Kunqurova oktyabrda narkotiklərin qanunsuz dövriyyəsi ittihamıyla saxlanıb. O, noyabrın 18-də həbsdə vəfat etsə də, ölüm xəbəri isə bir həftə sonra açıqlanıb.


XS
SM
MD
LG