Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:18

İlin sonunadək əfv gözlənilir


Çingiz Qənizadə: «Fərmanın 5 gün tez, 5 gün gec olmasını demək mümkün deyil»
Çingiz Qənizadə: «Fərmanın 5 gün tez, 5 gün gec olmasını demək mümkün deyil»

Demokratiya və İnsan Haqları Komitəsinin sədri Çingiz Qənizadə «Yeni Müsavat» qəzetinə bildirib ki, əfv fərmanının ilin sonunadək olması mütləqdir. Lakin bunun Qurban bayramına, yaxud Dünya Azərbaycanlılarının Həmrəylik Gününə təsadüf etməsi bilinmir.


«Əfv Yeni il bayramına, Dünya Azərbaycanlılarının Həmrəylik Gününə, yaxud Qurban bayramına düşə bilər. Amma bu il əfv fərmanının verilməsi mütləqdir. Çünki yanvar ayında Avropa Şurasında Azərbaycanın öhdəliklər məsələsi müzakirə olunacaq. Avropa Şurasının yaz sessiyasında 1545 saylı qətnamə qəbul edilib. Həmin sənədə görə, Azərbaycana öhdəliklərlə bağlı 2008-ci ilin yanvar ayınadək müddət verilib. Bu müddət bitmək üzrədir. Öhdəliklər arasında siyasi məhbus məsələsi var və Azərbaycan hökuməti müəyyən addım atmalıdır. Bu baxımdan, biz hesab edirik ki, dekabrın sonlarınadək əfv fərmanının verilməsi vacibdir. Amma fərmanın 5 gün tez, 5 gün gec olmasını demək mümkün deyil, çünki bu, prezidentin konstitusion hüququdur... Yaxın vaxtlarda, yəqin ki, İşçi Qrup toplanacaq. İşçi Qrup isə adətən əfv fərmanı ərəfəsində toplaşır. Bu da əsas verir ki, toplantıdan sonra əfv fərmanının verilməsi mümkündür», - deyə Ç.Qənizadə bildirir.




Noyabrın 30-u səhərdən başlayaraq Naxçıvan Muxtar Respublikasında un qıtlığı yaranıb. Bu barədə məlumatı «Gün səhər» qəzetinə Naxçıvandakı qaynaqlar verib.


Mənbənin iddiasına görə, un qıtlığı süni şəkildə yaradılıb. Belə ki, yerli rəhbərlik Türkiyədən və İrandan əraziyə daxil olan una qadağa qoyub. Bundan başqa, Naxçıvanda abadlaşdırma işləri ilə əlaqədar mağaza və kommersiya obyektləri ilə eyni zamanda çörək sexləri də sökülür.


Hazırda çörək bişirən sexlər yalnız Naxçıvan şəhərinin özündə fəaliyyət göstərir və bu da əhalinin tələbatını tam ödəmir. Mənbənin sözlərindən belə çıxır ki, süni çörək və un probleminin yaradılması Naxçıvan rəhbərliyinin «xidmətidir». Başqa sahibkarların əraziyə un gətirməsinə imkan verməyən rəhbərlik bu sahəni də öz əlinə almaq və monopoliya yaratmaq niyyətindədir. Məlumata görə, bir çox hallarda kənd əhalisi çörək almaq üçün şəhərə gedən qonşularına və ya taksi sürücülərinə pul verirlər ki, onlara da çörək alıb gətirsinlər.



Hər il dekabr ayının 1-i dünyada QİÇS-lə Mübarizə Günü kimi qeyd olunur.


«Mərkəz» qəzetindəki «Narkomanlar liderdir» başlıqlı yazıda deyilir ki, Azərbaycanda QİÇS-lə bağlı ən böyük risk qrupunu inyeksion yolla narkotik maddə qəbul edənlər təşkil edir. 2007-ci ildə Azərbaycanda baş verən 300 yeni yoluxma hadisəsinin 170-i belə narkomanlarla bağlı olub.


Həbsxanalarda da QİÇS-ə yoluxmalar qeydə alınır ki, bu da penitensiar sistemdə saxlanılanlar arasında damara narkotik maddə yeridənlərin çoxluğu ilə izah olunur.


Bu haqda noyabrın 30-da keçirdiyi mətbuat konfransında QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Həqiqət Qədirova məlumat verib.


Bununla belə, H. Qədirova deyir ki, xəstəliyin yayılma tempinə görə Azərbaycanın Cənubi Qafqazda lider olması barədə mətbuatda gedən məlumatlar həqiqətəuyğun deyil:


«Hər 100 min nəfərə düşən xəstələrin sayına görə, Cənubi Qafqazda birinci yeri Gürcüstan, 2-ci yeri Ermənistan və yalnız sonuncu yeri Azərbaycan tutur».


1987-ci ildən bəri Azərbaycanda ümumilikdə 1232 nəfərdə HİV virusu aşkarlanıb.


XS
SM
MD
LG