Azərbaycan Kubada səfirlik açıb. Dekabrın 2-də keçirilmiş açılış mərasimində Bakıdan İqtisadi İnkişaf naziri Heydər Babayev və Xarici İşlər nazirinin müavini Xələf Xələfovun başçılığı ilə böyük nümayəndə heyəti qatılıblar.
Son bir ildə Azərbaycanda Kubaya dövlət səviyyəsində marağın artması diqqətdən yayınmır. Ölkələr arasında diplomatik əlaqələr 1992-ci ildə qurulsa da, aktiv fazaya indi qədəm qoyub. Rəsmi təmaslar 2006-cı ilin sentyabr ayında Xarici İşlər naziri Elmar Məmmədyarovun Kubaya səfərindən sonra başladı.
Ötən il Kubanın təşəbbüsü ilə iki ölkə XİN-lərarası əməkdaşlıq və xidməti pasport sahiblərinin vizasız gediş-gəlişi barədə sazişlər imzalanıb.
Havanada Kuba rəsmiləri ilə danışıqlarında Azərbaycan nümayəndə heyəti əsasən enerji və ticarət məsələlərini müzakirə edib. İqtisadi İnkişaf naziri Heydər Babayev Kubanın İqtisadi Məsələlər naziri Maryot Lomasla görüşdə bildirib ki, «Kuba Azərbaycana dostdan da yaxındır və beynəlxalq arenada daima dəstək göstərir».
Tərəflər iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclasını da keçirib və protokol imzalayıblar. İki ölkənin hüquq mühafizə orqanları da perespektivdə birgə əməkdaşlıqla bağlı sənəd imzalaya bilər.
Bakının məqsədi Kuba ilə əlaqələri möhkəmləndirərək, inkişaf etdirməkdir.
Bəs Kuba Azərbaycan üçün nə qədər vacibdir? Axı bu ölkə beynəlxalq diplomatiyada o qədər də sabit deyil, daim şıltaqlıqları ilə yadda qalır.
«Azadlıq» radiosunun sualını cavablandıran Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib: «Biz öz xarici müttəfiqlərimizi vacib və ya az vacib olaraq qruplaşdırmırıq. Bu, balanslı siyasətdir və Kuba ilə əməkdaşlıq Azərbaycanın maraqlarına uyğundur».
Bakı Havana ilə əməkdaşlıqdan ilk növbədə siyasi planda, BMT və digər beynəlxalq təşkilatlarda dəstəyə görə maraqlıdır.
2004-cü ildə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin qanunsuz fəaliyyəti ilə bağlı müzakirələrin BMT Baş Məclisinin gündəliyinə salınmasına dair bəndə dəstək verənlər arasında Kubanın Xarici İşlər naziri Felipe Perez Roque də olmuşdu.
Əvəzində bir il sonra Bakı BMT-də «ABŞ tərəfindən Kubaya qarşı qoyulmuş iqtisadi, ticarət və maliyyə embarqosunun sona çatmasının zərurəti» adlı qətnaməni dəstəkləmişdi.
Bundan əlavə, Kuba «Qoşulmayan ölkələr» hərəkatının başçısı kimi də Bakının marağını cəlb edir.
Ancaq Azəraycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə hesab edir ki, Azərbaycanın Kubaya marağı ola bilsin, bu ölkənin sərhədlərini aşır. Belə ki, ucuz infrastruktura malik, həm də Rusiya ilə birbaşa kommunikasiyası olan, əsasən rusdilli Karib regionu ölkələri Bakı üçün cəlbedicidir və Kubada səfirlik açmaqla Azərbaycan həmin regiona çıxmaq istəyir.