Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:25

Parlamentdə jurnalistlərin məsələsi qaldırıldı


Parlamentdə jurnalistlərin azadlığa buraxılması ilə bağlı müzakirələr oldu
Parlamentdə jurnalistlərin azadlığa buraxılması ilə bağlı müzakirələr oldu

Milli Məclisin noyabrın 7-də keçirilən iclası daha çox ölkədə söz azadlığının vəziyyətinə dair səslənən fikirlərlə yadda qaldı. Müsavat deputat qrupundan olan millət vəkili Pənah Hüseyn elə iclas başlayan kimi diqqəti noyabrın 6-da Naxçıvanda «Azadlıq» radiosunun əməkdaşı İlqar Nəsibovun həbs edilməsinə yönəltdi. O, parlament sədrindən xahiş etdi ki, baş verən hadisələrdən deputatların narahat olması barədə dövlət başçısını məlumatlandırsın:


«Dünən «Azadlıq» radiosunun əməkdaşı İlqar Nəsibov Naxçıvanda həbs olunub. Bununla da ölkədə həbs olunan jurnalistlərin sayı 10 nəfərə çatdı. Üç baş redaktor və bir neçə jurnalistin həbsdə qalması davam edir. Biz xahiş edirik ki, dövlət başçısı qarşısında bu məsələni qaldırasınız və deputatların ilin sonuna qədər təsirli addımlar atılmasını istədiklərini çatdırasınız».


Pənah Hüseyn meriyanın bir gün əvvəl jurnalistlərin Bakıda Ukrayna dairəsi adlanan yerdə mitinq keçirmək istəyinə müsbət cavab verməməsinin də toplaşma azadlığı haqda qanunun müddəalarının kobud şəkildə pozulması kimi dəyərləndirdiklərini dedi.


Spiker Oqtay Əsədov dedi ki, jurnalistlərlə, söz azadlığı ilə bağlı qaldırılan məsələlərə parlament rəhbərliyi həmişə fikir bildirib və bildirməkdə də davam edir. Ancaq jurnalistlər də ağızlarına nə gəldi yazırlar.


Spikerin münasibətindən sonra yenidən deputat İqbal Ağazadə bu məsələyə qayıtdı. O, həmkarlarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə həbsdə olan jurnalistlərin əfv edilməsi üçün prezidentə müraciət etməyə çağırdı.


Vitse-spiker Ziyafət Əskərov isə jurnalistləri digər peşələrin daşıyıcılarından ayırmağı düzgün hesab etmədiyini dedi. Onun sözlərinə görə, Azərbaycanda müəllim, həkim və digərləri həbs olunanda heç kimin səsi çıxmır. Amma jurnalist öz əməlinə görə, cinayət məsuliyyətinə cəlb ediləndə hay-küy salırlar: «Onun hansı zəmində həbs olunduğunu araşdırmadan adını qoyurlar siyasi məhbus».


Hakim YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov da müxalifəti jurnalistləri ayrıca bir zümrə hesab etməkdə günahlandırdı. Cənab Əhmədov deyir ki, Azərbaycanda jurnalist təxribatı var. Prezidentə jurnalistlərin azad olunması ilə bağlı müraciət edənlər isə həm də jurnalistlərə müraciət etməlidilər ki, onlar başqalarını təhqirdən əl çəksinlər.


Naxçıvandan olan deputat İsa Həbibbəyli isə dedi ki, «Azadlıq» radiosunun əməkdaşı İlqar Nəsibovun həbsinin söz azadlığına dəxli yoxdu. O, Naxçıvanda aparılan abadlıq işlərinə müdaxilə edib və polislə qarşıdurmaya getdiyi üçün həbs olunub.


Bütün bu söz-söhbət öz başlanğıcını iclas başlanan kimi millət vəkili Arzu Səmədbəylinin Naxçıvan haqqında səsləndirdiyi fikirlərdən götürdü. Onun sözlərinə görə, hazırda Muxtar Respublikada özbaşınalıq hökm sürür. Vətəndaşların ticarət obyektləri sökülür, təndirlərin ekologiyanı korladığı əsas gətirilərək doldurulur, rayondan gələn taksilər şəhərə buraxılmır. Bunun hamısı inhisarçılara xidmət edən göstərişlərdir.


XS
SM
MD
LG