Dekabrın 10-dan «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu jurnalist həmkarı Qənimət Zahidlə həmrəylik göstərmək üçün aclıq aksiyasına qoşulub.
«Azadlıq» qəzetinin həbsdə olan baş redaktoru Q.Zahid dekabrın 8-dən aclıq aksiyasına başlayıb. Baş redaktor mətbuata basqılara son qoyulması tələbilə müddətsiz aclıq etmək niyyətindədir.
R.Arifoğlu deyir ki, aclıq aksiyasını səhhətinin imkan verdiyi həddə qədər davam etdirəcək. «Ölkədə 10 jurnalistin həbsdə olması ciddi siqnaldır. Heç kim deyə bilməz ki, sabah növbə kimindir. Buna hamı reaksiya verməlidir».
Q.Zahid Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə ittiham olunur. Yasamal məhkəməsi onun barəsində iki aylıq həbs-qətimkan tədbiri seçib.