Keçid linkləri

2024, 31 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 09:14

Azərbaycan ətin ən baha satıldığı ölkələrdən biridir


Bütün dünyada ət məhsulları 6% bahalanıb
Bütün dünyada ət məhsulları 6% bahalanıb

Bu il bütün dünyada ərzağın qiyməti 21% artıb. Ət məhsulları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının hesabatına görə, 6% bahalanıb. «Ekonomist» jurnalı yazır ki, ətə tələbatın artmasına səbəb varlıların çoxalmasıdır. Çin və Hindistanda gəlir o qədər artıb ki, yüz milyonlarla adam ət kimi bahalı məhsullar istifadə etməyə başlayıb. Məsələn, 1985-ci ildə bir orta çinli ildə 20 kilo ət yeyirdisə, indi 50 kilodan çox ət yeyir. Amma ət yeyən tək çinlilər deyil. Başqa inkişaf etməkdə olan ölkələrdə də ətə tələbat 1980-ci ildən bəri 2 dəfə artıb. Bahalığın səbəblərindən biri budur.


Qurban bayramı yaxınlaşır deyə, müsəlman ölkələrində ətin qiymətilə maraqlandıq. Məlum oldu ki, Azərbaycan ətin ən baha satıldığı yerlərdən biridir.


Özbəkistanda da bayram əhvalını qiymətlər korlayır. Özbəklərdən ətin qiymətini soruşanda biri başını tutub, «allahsızlar bayram bilmirlər, 5 dollara qaldırıblar», dedi. Xarəzmdən olan Mehriban Bəkiyeva Özbəkistanda həm ətin, həm də başqa ərzaq məhsullarının ildə iki dəfə bahalaşdığını deyir: «Özbəkistanda ərzaq Ramazanda da bahalanır, Qurban bayramında da. İndi mal ətinin kiloqramı 4 dollar yarımdır, qoyun əti təxminən 5 dollar. Yağın kiloqramı 4 dollardır. Özbəkistanda ümumiyyətlə, bahalıqdır, bayramda qiymətlər yenə qalxacaq».


Türkmənistanda da ətin kilosu, Özbəkistandakı kimi təxminən 5 dollardır, bayram vaxtı orda da ət bir neçə dəfə bahalanır.


Qazaxıstanda isə mal, qoyun ətindən çox at əti istifadə olunur. Qurban bayramında adətən at kəsilməsə də, başqa ərzaq məhsulları kimi at ətinin da qiyməti qalxır. İndi Qazaxıstanda at ətinin bir kilosu 1500-1800 tenge, yəni 12-15 dollardır. Qoyun əti 7-9 dollar, mal ətinin kilosu isə 6-8 dollardır. Qazaxıstandan olan Sultanxan Yusip deyir ki, Alma-Atada ətin qiyməti bayramqabağı bəzən 4 dəfə artır. Bu bayram da bahalıq gözlənir: «Ərzağın, xüsusilə də Qurban bayramına aid ərzağın qiyməti 10-15 faiz artacaq. Ümumiyyətlə, bu il Qazaxıstanda bütün ərzaq məhsullarının qiyməti gözlənilmədən 25%-dən 50%-ə, bəzən 100%-ə qədər qalxdı».


Qurban bayramını ən təntənəli qeyd edənlərdən biri Türkiyədir. Türkiyədə deyirlər ki, Qurban bayramı vaxtı ət almaqdan asan şey yoxdur. Alıcılara hər cür güzəşt edirlər, qoyunu kreditlə də almaq olur. İndi Türkiyədə ətin qiyməti 6 dollardan başlayır. Vaxtı ilə Azərbaycanda Türkiyə səfirliyinin dini işlər müşaviri olmuş Əbdülqari Sezgin deyir ki, onlarda Qurban bayramında bahalıq ola bilər, amma Azərbaycandakı kimi yox: «Türkiyədə bir az bahalıq olur, amma bu, anormal deyil. Azərbaycanda daha çox kənardan gələnlər satır, yanlarında dollar olur, dollarla da satırlar deyə, baha olur. Amma Türkiyədə indi hər cür imkan var, marketlər kredit kartlıyla satırlar, güzəştli satış olur».


Ərəb ölkələrində keçmiş sovet ölkələrinə nisbətən ət bir az bahadır. Amma ərəb ölkələrində də qiymət Azərbaycandan az fərqlənir. Livandan Nabil Xuri deyir ki, ölkəsində ən bahalı ət, bioloji təmiz mal ətidir, onun kilosu 20 min lirədən, yəni 13 dollardan başlayır. Amma Livanda Qurban bayramı vaxtı çox az bahalanma olur: «Əlbəttə, bayramda ucuzluq yox, bahalıq olar, amma çox cüzi. Mən bu gün anamla danışmışam, adi mal ətinin kiloqramı 12 min Livan lirəsi, yəni təxminən 7-8 dollardır. Qoyun əti 11-12 dollar. Məncə, Qurban bayramından əvvəl azca bahalıq olar. Amma qiymət dəyişməyə də bilər».


İraqda da ətin kiloqramı ən çoxu 9 min dinar, yəni 7 dollardır. Amma iraqlılar da deyirlər ki, bayramqabağı bahalanma cüzi olur, heç bir bayramda qiymətlər iki dəfə qalxmır.


XS
SM
MD
LG