Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 01:04

«20 yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilməyib»


«20 yanvar xalqın milli qürurunun yüksəlməsi, inkişaf dövrü idi»
«20 yanvar xalqın milli qürurunun yüksəlməsi, inkişaf dövrü idi»

«20 yanvar xalqın milli qürurunun yüksəlməsi, inkişaf dövrü idi». 1990-cı ilin 20 yanvar hadisələri vaxtı ən qaynar nöqtələrdə olmuş Mehdi Məmmədov üstündən 18 il keçəndən sonra əliyalın sovet qoşunlarının qarşısına çıxmış adamları, o dövrü belə xarakterizə edir. O, danışır ki, o dövrdə adamlar çaşqın, məlumatsız idi. İnsanlara baş verənlər barədə məlumat verilməməsi böyük çətinlik yaradırdı.


1990-cı il yanvarın 22-də baş verənləri araşdırmaq üçün deputat-istintaq komissiyası yaradılmışdı. İki il fəaliyyət göstərəndən sonra - 1992-ci ilin yanvarında qurum fəaliyyətini dayandırdı. Komissiyanın İşçi Qrupunun rəhbəri olmuş Səftər Nemətli deyir ki, hələ də 20 yanvar hadisələrinə siyasi və hüquqi qiymət verilməyib: «Nə xalq, nə də dövlət 20 yanvarın bütün dünyada hüquqi cəhətdən qiymətləndirilməsinə nail olmayıb. Bu qiymətləndirmənin yolu beynəlxalq məhkəmədən keçir. Bu haqda sənədlər var. Həmin sənədləri həm Heydər Əliyev, həm Ayaz Mütəllibov, həm də Elçibəy hakimiyyətdə olanda onlara göndərmişəm».


Nemətli bildirir ki, indiyə qədər onun təklifinə heç bir reaksiya verilməyib: «16 qutu sənəd indi də evimdədir. Hər il həm də təklif edirəm ki, 20 yanvar muzeyi açılsın, o səndləri təqdim edim. Hər dəfə «hə» deyirlər, ancaq sonradan yenə yaddan çıxır».


20 yanvar hadisələrinə hüquqi qiymət verilməsiylə bağlı ombudsman Elmira Süleymanova da bir neçə dəfə beynəlxalq təşkilatlara müraciət edib. Hüquq müdafiəşisi Murad Sadəddinov isə deyir ki, 20 yanvar hadisəsi başqa bir dövlətin – SSRİ-nin ərazisində baş verib. İndi bu hadisələrə görə kimin məsuliyyət daşımasını sübut etmək o qədər də asan deyil: «Bu, xüsusilə Rusiyanın maraqlarına ziddir. Əgər hüquqi qiymət verilsə, hadisəni törədənlər məsuliyyətə cəlb olunmalıdır. Onların çoxu sağdır və Rusiyada yaşayırlar. Buna görə də çox çətin məsələdir. Bir şey də var ki, 20 yanvarla bağlı Azərbaycan parlamenti də kifayət qədər araşdırma aparmayıb».


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya yeridilməsi nəticəsində 130-dan artıq adam həlak olub, 700-dən artıq şəxs müxtəlif dərəcəli bədən xəsarəti alıb. Onların 300-dən çoxu ömürlük əlil olub.


XS
SM
MD
LG