«Avropa Şurasına üzv olandan sonra Azərbaycan hökuməti üzərinə öhdəliklər götürdü. Ölkə vətəndaşları Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək imkanı qazandılar, siyasi məhbusların sayı azaldı. Amma Azərbaycan bütün öhdəliklərə əməl etmir».
Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel «Azadlıq» radiosuna belə deyir.
Onun sözlərinə görə, ölkədə söz azadlığıyla bağlı problem mövcuddur, jurnalistlər tutulur, siyasi məhbusları var və s.
Andres Herkel: «Korrupsiyayla bağlı böyük problemlərin olduğu klan cəmiyyəti mövcuddur. Üstəlik, son aylar Azərbaycanda vəziyyət daha da pisləşib. Əlbəttə, hələ çox işləmək lazımdır».
Həmməruzəçi bildirir ki, bütün öhdəliklər yerinə yetiriləndən sonra Azərbaycanla bağlı monitorinqin dayandırılmasına baxılmalıdı: «Amma çox təəssüf ki, bu barədə hələ danışmaq olmaz».
Yanvarın 17-də Azərbaycanın Avropa Şurasına üzv qəbul olunmasından 7 il keçir.