Yanvarın 29-da Yasamal Rayon Məhkəməsində hakim Südabə Məmmədovanın sədrliyi ilə Qənimət Zahidin məhkəmə prosesi davam edib. Budəfəki prosesdə ittiham üzrə əsas altı şahid dindirilib.
Vəkillər bildiriblər ki, şahid ifadələrində ziddiyyətlər var və onlar araşdırılmalıdır.
Jurnalistin vəkili Elçin Sadıqov vəsatət qaldırıb. O, Qənimət Zahidin sataşdığı bildirilən Sevgiladə Quliyevanın və digər zərərçəkmiş Vüsal Həsənovun polislə əlaqəsinin olması faktının araşdırılmasını istəyib. Sevgiladə Quliyeva uzun müddət axtarışda olub və digər zərərçəkmiş Vüsal Həsənov isə etiraf edir ki, polis orqanlarında işləyib. Vəkil deyir ki, bu faktlar sübut edir ki, Qənimət Zahidə qarşı törədilmiş iş əvvəlcədən planlaşdırılıb. Lakin məhkəmə vəsatəti təmin etmədi.
Proses yanvarın 31-də davam edəcək.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmaq maddələri ilə ittiham olunurlar.
«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid ona qarşı irəli sürülən ittihamla razılaşmır, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirir.