Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:52

Zəncanda Azərbaycan dilində yeni jurnal işıq üzü görüb


«Yoldaş» jurnalı ilk sayındakı məqalələri Azərbaycan dili və ədəbiyyatına həsr edib
«Yoldaş» jurnalı ilk sayındakı məqalələri Azərbaycan dili və ədəbiyyatına həsr edib

Zəncan universitetinin azərbaycanlı tələbələri aylarla etdikləri cəhdlərdən sonra ana dilində yeni bir jurnalın buraxılışına icazə ala biliblər.


İlk sayı fevral ayında işıq üzü görən «Yoldaş» jurnalının redaksiya heyəti bu icazəni almaq üçün məqalələrinin yarısını fars dilində verməli olub. Bu isə İranda dərc edilən bütün Azərbaycan mətbuatına xarakterik xüsusiyyətdir. Belə ki, İranda bütün yerli jurnal və qəzetlər mövzularının ən azı 50 faizini ölkənin rəsmi dili olan fars dilində təqdim etməlidirlər. Əks təqdirdə Mədəniyyət Nazirliyi «İrşad-e İslami» onların fəaliyyətinə mane olur.


Son illər İran Azərbaycanında tələbə hərəkatına qarşı təhlükəsizlik tədbirləri artırıldığından universitetlərin türkdilli mətbuatının çoxu yasaq edilib. Redaksiya heyətində iştirak edən tələbələr isə dərsdən kənarlaşdırılıb və həbs ediliblər.


Zəncan vilayətində isə Azərbaycan fəallarının təqib və həbsi daha da kəskin şəkildə həyata keçirilib. Aylardan bəri «Evin» həbsxanasında saxlanılan Səid Mətinpur, onun qardaşı Əlirza Mətinpur, Cəlil Qənilu, Bəhruz Səfəri və onun həyat yoldaşı Leyla Səfəri Zəncanda həbs ediliblər.


Eyni zamanda Zəncan Universitetinin Azərbaycan mədəniyyəti uğrunda fəaliyyət göstərən «İslami» Tələbə Cəmiyyətinin fəaliyyəti dayandırılıb, «Açıq Söz», «Araz Səsi», «Qıpçaq», «Zəngan (Zəncanın qədim adı) Sözləri» və Azərbaycan türkcəsində buraxılan başqa jurnallar qapadılıb.


Bunları nəzərə alaraq, Zəncan universitetində Azərbaycan dili və mövzularına həsr edilən yeni bir jurnalın nəşri gözlənilməz haldır.


Məsul müdiri Murtuza Muradi və baş redaktoru Rəhmətülla Bayat-tabar olan «Yoldaş» jurnalı ilk sayında mövzularının çoxunu Azərbaycan dili və ədəbiyyatına həsr edib.


XS
SM
MD
LG