Fevralın 17-də Kosovo müstəqilliyini elan edib. Bu qurumun parlamenti müstəqillik haqqında bəyannaməni qəbul edib. Artıq Kosovo sakinləri kütləvi şənlik mərasimləri keçirirlər. Hələlik məsələyə Serbiyanın münasibəti məlum deyil.
Kosovonun ilk sakinləri trakiya və illiriya qəbilələri olub. 6-cı əsrdə bura slavyanlar gəlib. 13-cü əsrdə Serbiya krallığına qatılanda Kosovoda serblər və albanlar yaşayıb. 1389-cu ildə serb ordusu Kosovo döyüşündə türk ordusuna uduzandan sonra burda müsəlman albanların sayı artmağa başlayıb. Hazırda 2 milyon əhalisi olan Kosovonun 90 faizi albanlardır. Kosovonun ərazisi10 min 887 kilometrdir.
Yuqoslaviya dağılanda – 1992-ci ildə Kosovo da müstəqillik istəyib. 1998-ci ildə Serbiya ordusunun güclü hücumundan sonra 100 min alban Kosovonu tərk edib. Həmin vaxt NATO Yuqoslaviya prezidenti Slobodan Miloşeviçə xəbərdarlıq edib ki, Balkanlarda növbəti etnik təmizləməyə dözməyəcək. 1999-cu ildə isə Fransada sülh danışıqları baş tutmayanda NATO zor gücünə Serbiya ordusunu geri çəkilməyə məcbur edib. O vaxt Kosovonu artıq 800 min alban tərk etmişdi.
Həmin vaxtdan Kosovo BMT-nin və NATO-nun KFOR adlanan sülhü mühafizə qüvvələrinin himayəsindədir. KFOR-da Azərbaycan əsgərləri də xidmət edir.
BMT Kosovonun gələcək statusu üzrə xüsusi nümayəndəsi Marti Ahtisaarinin vasitəçiliyi ilə status mübahisəsində serblərlə albanları ümumi həllə gətirməyə çalışdı. Qoyulan vaxt dəfələrlə uzadılsa da, iki illik danışıqlar bir nəticə vermədi.
Fevralın 14-də ilk dəfə Serbiyanın Baş naziri Voyislav Koştunitsa deyib ki, Serbiya Kosovonun itirilməsi ilə barışmayacaq.